Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
Tanınmış şair, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Adil Cəmilin yeni şeirlərini "Ovqat.com"un oxucularına təqdim edirik:
Sevdim
Zirvələr vətənin ucalığıdır,
Görəndə qayalar səngərdi - sevdim.
Qarşıma sərt yoxuş, düz yol da çıxdı,
Düzü düzdə qoyub o sərti sevdim.
Bir iş tutmadım ki, gözdən yayına,
Tapındım bu yurdun haqqı-sayına.
Mən ağız büzmədim Tanrı payına -
Sevinc də, kədər də göndərdi - sevdim.
Nə yaşaya bildim, nə də ölmədim,
Arzular gül açdı, yenə gülmədim.
Arsızı, gorsuzu sevə bilmədim,
Dərdimi dərk edən həmdərdi sevdim.
Fərqlidir ağayla qulun yazısı,
Bu - mənim getdiyim yolun yazısı.
Səndən hara qaçım, alın yazısı,
Dərd məni sevdikcə mən dərdi sevdim.
Harmoniya
Günəşin telindən tor toxuyaraq
Çəmənin üstünə mən sərə biləm.
Kəpənək sevdalı gül-çiçəkləri
Əbədi, solmayan mənzərə biləm.
Hayqırıb şütüyən dağ çayının da
Hikkəsi sal daşı quma döndərə.
Qəzəb qılıncından yapışanları
Təbiət bu yerdə muma döndərə.
Axşamın qürubu, sübhün işığı
Gecəni əridib ağ səhər edə.
Ömür-gün boylana xatirələrdən,
Xəyallar adamı birtəhər edə…
Məyus olmayasan yarandığına,
Ümid tək qoymaya bircə an səni.
Sonra düşünəsən: yaratmaq üçün
Bəlkə də yaradıb Yaradan səni.
17 yanvar 2017
O gün
1993-cü ilin 2 apreli Kəlbəcərin
işğal olunduğu gündür.
O gün o Murovun gədiklərində,
Qarlı dolayların buz diklərində
Göylərə dirəndi insan fəryadı,
Adlara qoşuldu didərgin adı…
Ananın belində dondu körpəsi -
Ölən çocuğundan xəbərsiz oldu.
O gün o Murovun gədiklərini
Aşmağa o dizlər təpərsiz oldu.
Qarda görünmədi qara torpaq da
O gün ölənləri dəfn eləməyə?!.
Elə bil hər şeydən üzülmüşdü əl -
Allahmı yox idi rəhm eləməyə…
Varını-yoxunu yığıb xurcuna
Çiyninə aşırıb gəlirdi gələn.
Bilirdi başına nələr gələcək,
Nələr var qarşıda bilirdi gələn.
O gün bir uşaq da dünya malından
Sazını götürüb çıxmışdı yola.
Təbiət durmuşdu insan qəsdinə -
Çovğun çoxlarını yıxmışdı yola.
…Bu el karvanında anam da gəldi -
Üzündə şaxtanın açdığı şırım.
Mənim istiqanlı xanım anamı
Buza döndərmişdi qarlı aşırım.
Bir xəbər yox idi əsir düşəndən,
Haraymı çatırdı ölüb-itənə?!
Bu köçdə gələnlər sonuncu dəfə
Baxırdı qürbətdə qalan Vətənə…
2017
Duz həqiqəti
Həkimlər duzdan imtina
etməyi məsləhət görür
Bəlkə də bu sözlər həyəcan zəngi,
Şübhə yox həkimin məsləhətində.
Amma neyləyəsən, neyləyəsən ki,
Şorbası şit olur duzsuz ətin də.
Çörəyə duz səpib yemişik yavan,
Aclığı ürəklə qarşılamışıq.
Ən əziz qonağı dədə-babadan
Biz duzla, çörəklə qarşılamışıq.
Oxlovu bərəkət "geyən" analar
Sac üstə duz səpib, yuxa yayıbdır.
"Qız yükü-duz yükü" - deyən analar
Qızının başına duz dolayıbdır.
Yaylaqda yaylıma yetişən sürü
Cumub arxacdakı duz daşlarına.
Bəzən düşünürəm - nədir ki, sirri,
Duz niyə hopubdur göz yaşlarına?!
Duzun siqləti var duz dağı boyda,
Çətindir imtina bu dad, bu tamdan.
Duzsuz bir ömürdən kimə nə fayda -
Adamlar qaçırlar duzsuz adamdan…
2 fevral 2017
Fikir adlı şum yerində
Hər açılan səhərimi
Qarşıladım doğum kimi.
Dağlar mənə dağ çəkəndən
Dağ görmədim dağım kimi.
Yollarımda daş göründü,
Əriməyən qış göründü.
Dünya mənə boş göründü
Solum kimi, sağım kimi.
Budaq üzdə, kök dərində,
Ağac ömrü köklərində.
Fikir adlı şum yerində
Göyərmişəm toxum kimi.
Bu kəndin adamları
Meşəni qırdılar odun etdilər,
Qızları qarımış qadın etdilər
Bu kəndin adamları.
Örkənin üstünə darı səpdilər,
Balsız pətəklərə arı səpdilər
Bu kəndin adamları.
O büllur bulaqlar qurudu guya -
Arxı çevirdilər içməli suya
Bu kəndin adamları.
Sünbül zəmisinə daraq çəkdilər,
Ələ nə keçdisə araq çəkdilər
Bu kəndin adamları.
Yazı gözləyirlər - qışdan çıxara…
Daş da yox çörəyi daşdan çıxara
Bu kəndin adamları.
Əyib tərəzini, su qatıb südə
Qalıblar boş-bekar, azad, asudə
Bu kəndin adamları.
Kimlərin uşağı, ya nəvəsidir,
Hansı adamların törəməsidir
Bu kəndin adamları?!
31 yanvar 2017
Qürbət qiyaməti
Bu da bir taledir, bu da bir yazı,
Sevgidən seçmirlər qürbəti, qardaş.
Vətəndən qürbətə gedənlər bilir
Acıdır qürbətin şərbəti, qardaş.
Yadlaşıb gedirsən, yaddan çıxırsan,
Yad sözə dönürsən yad dillərində.
Qürbətin istisi qəlbi isitmir,
Soyuqluq sayrışır qəndillərində.
Bir küçə tinində yıxılıb qalsan
Dönüb üzünə də baxan tapılmır.
Ölüyə "müştəri" nə qədər desən,
Diriyə bir sahib çıxan tapılmır.
Qərib yuxusundan vətən çəkilmir,
Bu dəli sevgidən heç doymur onlar.
Doğmalıq gəzməyin yad məmləkətdə -
Qəribin qəbrinə gül qoymur onlar.
Yad eldə səadət gəzənlərimiz
Niyə ətəyindən bu daşı tökmür?
Qürbət qəriblərə ögey anadır -
Ölsən ölümünə göz yaşı tökmür.
Aldadıb, bal dadıb çəkəndə yad el
Yurdunda öz behin, bazarın ola.
Qürbətdə qızıldan qəsrin olunca
Vətəndə torpaqdan məzarın ola.
03.02.2017
***
Dünya binə olandan
Yer kürəsi dolaşıq,
Tökülən qanlar üçün
Bəs etməyir barışıq.
Qatillərin gözündən
Boylanır qara işıq.
"Ölüm Allah əmridir"
Deyənlər səhv edirlər.
İnsanlar öz əliylə
İnsanı məhv edirlər…
Yanmağıma yanmıram
Mənə çox uzaqdasan,
Nə olsun yanındayam.
Sən yolun əvvəlində,
Mən yolun sonundayam.
Səndəki isti duyğu,
Məndəki soyuq ağıl.
Bizim bu ülfətimiz
Yaman qorxulu nağıl.
Ürəyinin içi var
Gözünün aynasında.
Köçdən qalan durnayam
Bu eşqin səmasında.
Sənin ki, öz yolun var -
Yolunda dayanmıram.
Bu eşqin atəşində
Yanmağıma yanmıram.
Eynimə gəlmir daha
Bu yollarda qar, yağış.
Yetər ki, canım alsın
Sevgi dolu bir baxış.
19 yanvar 2017
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar