Bakı sakini Nicat Vəliyev “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdan şikayətçi olduğunu bildirib.
Şikayətçi söyləyib ki, problem ilə bağlı lazımı qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib.
O, aşağıdakıları söyləyib: “14 sentyabr 2017-ci ildə axşam saatlarında zəng etdilər ki, atanı maşın vurub, təcili yardım xidməti ilə aparıblar. Getdim gördüm ki, atam Oğuz Vəliyev rəhmətə gedib. Hadisə Zığ şosesində baş verib. Öyrəndim ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov atamı avtomobili ilə vurub, sonra ikinci maşın da üstündən keçib. Ancaq buna baxmayaraq Zülfüqarov cinayət işindən kənarda qalıb. Heç gəlib, bizə başsağlığı belə, vermədi. Xəbər göndərdi ki, mən yasa gəlsəm, qəzetlər yazacaqlar. Ona görə də gəlmədi. Atamı vuran ikinci avtomobilin sürücüsündən şikayətçi olmadıq. Çünki, onlar gəlib, bizə başsağlığı verdi, ölümüzü saydı. Ancaq Tofiq Zülfüqarov gəlmədiyi üçün ondan şikayətçi olmuşuq. Şikayətçi olsam da işə baxılmır, hər gün mənə deyirlər ki, sabah həll olacaq. Ona görə də məcbur qalıb, məsələni ictimailəşdirmək qərarına gəldik”.
Şikayətçinin fikirləri ilə bağlı münasibət almaq üçün Tofiq Zülfüqarovla da əlaqə saxladıq. Sabiq nazir bildirdi ki, onun bu hadisədə heç bir günahı yoxdur: “Həmin ailəyə baş sağlığını mətbuat vasitəsilə vermişəm. Onlarla ona görə əlaqə saxlamadım ki, istintaq vaxtı idi. Təbii ki, mənim onlarla birbaşa olaraq əlaqə saxlamam qanun pozuntusu sayılardı. Çünki bu və ya digər şəkildə istintaqa təzyiq kimi göstərilə bilərdi. Vəkilim Fuad Ağayev idi. İstintaqla əlaqə saxlayıb, maşında olan video registratorun görüntülərini təqdim etmişdik. Ekspertizanın qərarı belə oldu ki, mənim birincisi texniki baxımdan maşını saxlamağa imkanım olmayıb. İkincisi də şəxs avtomobilimin sadəcə olaraq güzgüsünə dəyib. Ölüm hadisəsi isə ikinci maşından sonra olub. Mən bir şahid kimi qanun qarşısında öz vəzifəmi yerinə yetirdim. Təsdiq olundu ki, bu məsələdə heç bir günahım yoxdur. Videogörüntülər indi də məndədir. Lazım olsa, kim istəsə, həmin görüntüləri göstərə bilərəm. Orada görünür ki, vurulan şəxs içkili vəziyyətdə 8 zolaqlı yolu keçməyə çalışıb. Özü də o, yolu yerüstü keçidin altından keçməyə cəhd edib, tam şəkildə qaydaları pozub. Görüntülərdə hər şey öz əksini tapıb. İstintaq da bunu təsdiqlədi və iş məhkəməyə göndərildi. Doğrusu, sonra bilmədim ki, məhkəmə oldu, yoxsa yox. Məni şahid kimi də çağırmadılar. Çünki hər kəs bildi ki, bu məsələdə heç bir günahım yoxdur. Sonra onların qohumları mənə zəng edib, müsəlman qaydalarından danışdılar. Belə başa düşdüm ki, onlar məndən pul istəyirlər. Cavab verdim ki, siz 4 qardaş, 1 bacısınız. Gərək atanıza elə qayğı göstərərdiniz ki, o, 68 yaşında, sərxoş vəziyyətdə küçələri gəzməzdi. Bildirdim ki, kiməsə yaxşılıq etmək niyyətim olsa, gedib kasıblara, ehtiyacı olanlara əl tutaram. Sizə nə üçün kömək edim? Meyit üstündən bu cür işlər görənlərə münasibətim mənfidir və buna da heç zaman gedən deyiləm. Yenə günahım olsaydı, başa düşərdim. Məhkəmə mənə qərar çıxarsaydı, gedib onlara kömək edərdim. Əgər köməyə ehtiyacları vardısa. Ancaq reket formasında bu cür istəklər, müsəlmanlıq, insanlıq baxımından da doğru deyil. Ürəyim kimə istədi gedib, kömək etdim. Onlara isə bunu etməyi ən sonda düşünəcəm. İkincisi də piyada qaranlıq vaxtı bu cür yolu qaçaraq keçməməlidir axı. Məndə olan görüntülərdə də var ki, piyada güzgüyə dəyir və digər maşın onu vurub. Onun avtobusdan düşərək maşının güzgüsünə dəyməsi 1 saniyədən də az vaxt çəkir. Şikayətçinin qəzetlərin yazması ilə bağlı söylədiklərinə gəlincə isə mən başqa şeyi nəzərdə tutmuşam. Demişəm ki, həmin vaxtı yas yerinə gəlsəydim, ictimaiyyətdə belə başa düşülərdi ki, mənim günahım var və pul verib, işi ört-basdır etmək istəyirəm. Sözsüz ki, qəzetlər də bu cür yazacaqdı. Demək istədiyim budur”.
Əli Rais,
Musavat.com
Paylaş: