Bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV toplantısı işini plenar sessiya ilə davam etdirib.
APA-nın xəbərinə görə, tədbirdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentləri üzrə işlərin tamamlandığını bildirib. Berat Albayrak ötən aydan boru kəmərinə sınaq məqsədilə təbii qazın vurulduğunu vurğulayıb. Türkiyəli nazir qeyd edib ki, Aralıq dənizinin karbohidrogen resurslarının da gələcəkdə TANAP və TAP layihələri ilə Avropa bazarına çatdırılma imkanları mövcuddur.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto Cənub Qaz Dəhlizinin əsas seqmentlərdən biri olan TAP kəmərinin İtaliya və Balkan regionu üçün əhəmiyyətini vurğulayıb. İtaliyalı nazir müavini ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinə güclü siyasi dəstəyini bir daha ifadə edib.
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini hər zaman qəti şəkildə dəstəklədiyini qeyd edib.
Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Cənub Qaz Dəhlizinin nəhəng infrastruktur layihəsi olduğunu və onun Avropanın enerji təhlükəsizliyi və mənbələri şaxələndirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O bildirib ki, gələcəkdə interkonnektorların tikilməsi Azərbaycan qazının təkcə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, eyni zamanda, digər ölkələrə də çatdırılmasına imkan yaradacaq.
TANAP-ın baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biri olan TANAP boru kəmərinin ötürücülük gücünün gələcəkdə daha da artacağını vurğulayıb. Saltuk Düzyol kəmərin 1340 kilometrlik hissəsi artıq tamamlandığını və qazın Əskişəhərə çatdırıldığını qeyd edib. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlərin 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində işlər tamamlanıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu ilin çox əlamətdar olacağını qeyd edib: “Çünki ilk qaz Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaq. Ölkələrin nümayəndə heyətləri ilə birgə qarşıda duran vəzifələr barədə danışıqlar aparıldı. Azərbaycan bizim üçün strateji şaxələndirmədə, Avropaya qaz nəqlində vacib tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir”.
TAP-ın prezidenti Volter Peeraer “Cənub Qaz Dəhlizi” layihəsinin yalnız Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələri üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Paylaş: