Xəbər lenti

 

Redaksiyamızın e-mail ünvanına çox sayda şikayət məktubları daxil olur. Məmur özbaşınalığından əziyyət çəkən sadə vətəndaşların harayını əlaqədar ünvanlara çatdırmaq üçün biz də bu məktubları ictimailəşdiririk. Hesab edirik ki, rayonları özlərinin ailə dərəbəyliklərinə çevirənlər heç olmasa, ictimai qınaqdan çəkinib idarə etdikləri “təbəə”lərinin (vətəndaş deməyə adamın dili gəlmir) halına yansınlar.

Bəzi Göyçay sakinlərinin altından imzasını atdığı aşağıdakı məktub da bu qəbildəndir. Əlavə şərhə ehtiyac duymadan məktubu lüzum gördüyümüz redaktə ilə Ovqat.com oxucularına təqdim edirik:

 “Göyçay Rayon İcra Hakimiyyəti başçısı rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib. Qardaş oğlu isə demək olar ki, birdən-birə milyarder olmaq eşqinə düşərək böyük biznes imperiyası qurmağa start verib.

Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə təyin etdi. Təxminən, bir ay əvvəl isə Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirildi.  Səmədin qurduğu plan isə artıq işə düşüb: O, Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində “Mebel” Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıb. Göyçay Avtobazasında yerləşən bazarda 500-dən çox insan alver edib evinə çörək aparırdı ki, indi həmin şəxslər işsiz qalıblar. Mehdi Səlimzadənin özbaşınalığı nəticəsində Göyçayda çoxlusayda işsızlər ordusu yaranmışdır.

Mehdi Səlimzadənin qardaşı oğlu ilə açdığı "Təzə Bazar" əhalinin və avtomobillərin gediş-gəlişinə ciddi maneə yaradır. Bu səbəbdən orada baş verən avtomobil qəzası insan ölümünə səbəb olmuşdur. Həmçinin yaxınlıqda yerləşən Göyçay şəhər 7 nömrəli tam orta məktbəin şagirdləri üçün ayrılmış keçidi bazara görə ləğv etdirib məktəblilərin həyatını ciddi təhlükə qarşısında qoyublar. Həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələri ümumilikdə 500.000 manata alınıb."Təzə Bazar"da alış-verişi gücləndirmək üçün isə zorakılığa əl atılaraq bütün kənd avtobuslarının üzəri qanunsuz olaraq "Təzə Bazar" yazılmış reklamlarla bəzədilib və avtobuslar kəndlərdən camaatı gətirib zorla həmin bazara düşürdürlər. Bu isə ciddi narazılıq yaradır. Hətta süni qiymət artımının qarşısını almaq məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası Göyçay şəhərinin mərkəzində keçirilmək əvəzinə reklam üçün "Təzə Bazar"da təşkil edilmişdir. Bu şou kimi təşkil edilən yarmarkada məhsullar bazar qiymətinə satılır. Başqa rayonlarda isə həmin yarmarkalar bazardan kənarda təşkil olunur deyə ucuzluq olduğundan, sakinlər razı qalırlar.

Qardaş oğlu Səməd Cəbrayılov ortağı Sənan adlı şəxslə yeni Avtobaza yaratdığı üçün 125 səhmdarı və 40 nəfər kollektivi olan Göyçay Avtobazasını bağlatdırmaqla çoxlusayda insanları acından ölməyə məhkum ediblər. İcra başçısı Mehdi Səlimzadənin tamahının qurbanlarının sayı gündən-günə artmaqdadır. Tez bir zamanda harınlayan qardaş oğlu Səməd Cəbrayılov öz şəxsi bahalı avtomobilinə 99 SC 999 nömrəsini almaq üçün 30.000 manat pul ödəyib. Həmçinin Mehdi Səlimzadənin tapşırığı ilə Səmədin kiçik qardaşı Əli rayonda boş torpaq sahələrini qeydə almaqla məşğuldur. Həmin torpaq sahələri qanuna uyğun olub-olmadı baha qiymətə satışa çıxarılır. Hətta rayonun mərkəzində yerləşən 5-mərtəbəli binanın girişində camaatın xeyir-şər üçün istifadə etdiyi torpaq sahəsini küllü miqdarda pula satmışdılar. Mehdi Səlimzadə kənd icra nümayəndələrinə, müavinlərinə və bələdiyyə sədrlərinə aylıq haqq qoyub ki, ödəyə bilməyən cinayət məsuliyyətinə cəlb edilir. Haqqı ödəyə bilmədiyi üçün Qaraməryəm bələdiyyəsinin sədri Fəqan Şamilova tutduğu vəzifədən uzaqlaşıdılaraq barəsində 10 gün inzibati həbs verilmişdir.

 

Göyçayda yerləşən heyvan bazarı həftənin bazar günləri işləyir ki, həmin günü orada iri və xırda buynuzlu heyvanların satışından başqa girişdə meyvə-tərəvəz, paltar-ayaqqabı və sairə mallar satılırdı. Mehdi Səlimzadə öz bazarının reytinqinə görə həmin bazarda heyvanlardan başqa digər alver predimetlərinin satışına qadağa qoyub. Həmçinin heyvan bazarına aylıq yüksək məbləğdə haqq qoyub ki, buna görə artıq bazar rəhbərliyi yer pulunu qaldırmağa məcbur olub.

Mehdi Səlimzadənin niyyəti heç də dövlət qanunlarını ali tutub öz vəzifəsini layiqincə icra etmək deyil, onun ali məqsədi vətəndaşların haqqını tapdamaqla öz şəxsi ailə biznesini genişləndirməkdir.

2 ildən az bir müddət ərzində icra başçsı vəzifəsinə təyin olunan Mehdi Səlimzadənin bu cür əməllərindən Göyçay rayon sakinləri cana yığılıblar.

 

Biz rayon sakinləri Prezident İlham Əliyev cənablarından xahiş edirik; Dövlətə, Prezidentə və Xalqa hörmətsizlik göstərən, icra hakimiyyətini bazar üsulu ilə idarə edən Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görəsiniz. Bu adamın məqsədi öz biznesini genişləndirməkdi ki, buda sizin siyasi kursunuza zidd bir əməldir.

 

Məmmədov Cəlil Mahal oğlu

Quliyeva Qənirə Vəli qızı

Kərimova Sona Həsən qızı

Fərəcov Əli Osman oğlu

Namazova Nisə Paşa qızı

Vahabov Dadaş Fərrux oğlu

Səmədova Sona Ağasəlim qızı

İsmayılova Elmira Tahir qızı

Umudova Cəmilə Telman qızı

Nəbiyeva Hicran Vahid qızı

Quliyev Çingiz Ramiz oğlu

Rüstəmov Nuralı Lətif oğlu                                                                                                                                            Məmmədov İlqar Şamil oğlu                                                                                                                                          Qasımov Cəmil Nəzər oğlu




Ana səhifəyə qayıt        Baxış: 1 066          Tarix: 19-02-2018, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma