Ötən həftə dünya neft birjalarında yüksəliş qeydə alındı.
Musavat.com billdirir ki, mart ayının 2-də Brent markalı neftin bir barreli 63.26 dollarkən üzərindən bir gün keçdikdən sonra qiymətlər 64.57 dollara qədər qalxdı və həftə 64.55 dollarla bağlandı.
Xatırladaq ki, ötən ay dünya neft bazarında ucuzlaşmalar yaşanarkən iş adamı Mürvət Həsənli mətbuata açıqlamasında bunun müvəqqəti hal olduğunu bildirmiş, qiymətlərin tez-tez dəyişəcəyini proqnozlaşdırmışdı. Bununla belə, iş adamı Azərbaycan ictimaiyyətini neft bazarında qiymət oynamalarına çox aludə olmamağa, qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyinə toxunmuşdu.
Görünən budur ki, iş adamı öz proqnozunda yanılmayıb. Üzərindən qısa müddət keçəndən sonra neft qiymətlərində həqiqətən artış müşahidə olundu.
Bir çox iqtisadçılar bu yüksəliş trendinin davamlı olacağını bildirərək, iqtisadiyyatı neftdən asılı ölkə əhalisini müjdələdilər.
Bəs, görəsən, bu nikbin proqnozlar nə qədər realdır? Neft qiymətlərindəki bu yüksəliş gələn həftə də davam edəcəkmi?
Musavat.com-un suallarını cavablandıran iş adamı Mürvət Həsənli yüksəliş trendinin davamlı olacağı fikriylə də razılaşmır. Onun fikrincə, xüsusilə mart ayında neft qiymətlərində ciddi dalğalanmalar ola bilər: “Neftin ucuzlaşıb bahalaşması müxtəlif amillərdən asılı olduğundan bunu proqnozlaşdırmaq çətindir. Odur ki, geniş perspektivdə Azərbaycan gözünü neft birjalarına dikmək asılılığından qurtulmalıdır və mənim bildiyimə görə, bu istiqamətdə ciddi işlər gedir”.
Neftin qiymətlərini proqnozlaşdırmağın çətin olduğu barədə fikirlərini əsasən iki amillə əsaslandıran iş adamına görə, səbəblərdən biri siyasi, digəri isə iqtisadidir: “Bildiyimiz kimi, beynəlxalq neft bazarına Rusiya və ABŞ arasında son zamanlar qızışan siyasi polemikalar da öz psixoloji təsirini göstərir. ABŞ keçmiş SSRİ-ni ucuz neft siyasətilə çökdürdüyü kimi, Rusiyanı da eyni metodla iqtisadi tənəzzülə sürükləmək istəyir. Bunun üçün isə müxtəlif iqtisadi addımlar atır. Məsələn, özünün neft hasilatını artırmaqla qiymətlərin ucuzlaşmasını şərtləndirir. Yaxud körfəz ölkələrinə təsir imkanlarından istifadə edərək OPEC və Rusiya arasında bağlanan hasilatı azaltmaq haqqında razılaşmaları pozmağa çalışır”.
Mürvət Həsənliyə görə, mart ayının 18-də Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində seçicilərdə Putinə inamsızlıq yaratmaq üçün neftin qiymətlərinin kəskin ucuzlaşdırılması ehtimalı da istisna deyil: “Artıq bu istiqamətdə Vaşinqtonun müəyyən addımlar atdığı müşahidə olunur. Beynəlxalq neft araşdırmalarıyla məşğul olan “Baker Hags”ın məlumatlarına inansaq, son altı həftə ərzində ABŞ neft qazma qurğularının sayını, hardasa, 31 faiz artırıb. Ən son qazma quyusu isə ötən həftə istismara verilib. Beləliklə, yanvar ayının ortalarında 609 olan quyuların sayı artıq 800-ə çatdırılıb. Bu isə həmin quyuların tam istismara keçməsiylə neft bazarında təklifin tələbi üstələyəcəyi anlamına gəlir. Bu da öz növbəsində qiymətlərin ucuzlaşacağı deməkdir. Amma mənim fikrimcə, neft qıymətlərinin kəskin azalma təmayülləri əsasən gələn ildən başlayacaq”.
Mürvət Həsənli qeyd edir ki, ABŞ Enerji İnformasiya Agentliyinin (EİA) çərşənbə günü açıqlanan məlumatlarında da ölkənin neft hasilatının gündəlik orta hesabla 13 min barrel artırılaraq 10,28 milyon barrelə çatdırıldığını bildirilir: “EİA-nin təxminlərinə görə, bu il ABŞ-ın neft hasilatı 10.60 milyon barrelə qədər yüksələcək. Gələn ildən isə 11,20 milyon barreli keçəcək. Bu isə ABŞ-ın neft hasilatında Rusiyanı geridə qoyaraq, liderə çevriləcəyi deməkdir və istər-istəməz neftin qiymətlərində azalmalar müşahidə oluna bilər”.
İndinin özündə belə, hasilatın artmasına baxmayaraq, qiymətlərin yüksəlişini anormal hesab edən iş adamı bunu ABŞ-ın öz stoklarını artırma ehtimalıyla əlaqələndirir: “Bilirsiniz ki, ABŞ ötən əsrin 70-ci illərində ərəb ölkələrinin neftdən strateji silah kimi istifadə etməsindən sonra özünün böyük neft saxlaclarını yaratdı. Bu anbarlarda ABŞ-ın 90 günlük neft ehtiyacını ödəyəcək qədər neft saxlanılırdı. İndi yəqin ki, həmin anbarların həcmi daha da genişləndirilib. Mümkündür ki, hazırda istehsal olunan neft həmin anbarlara toplanır və uyğun bilindiyi zaman bazara çıxarılacaq. Bununla da neftin qiymətlərini ucuzlaşdıraraq, iqtisadiyyatı təbii sərvətindən asılı olan Rusiyaya ağır zərbə vurmağa çalışacaq”.
Şist neftininin ucuz hasilatını kəşf etməklə onsuz da Rusiyanın enerji siyasətinə böyük zərbə vuran ABŞ-ın yaxın 20-30 il ərzində neft erasını bitirmək istədiyini söyləyən iş adamı Azərbaycan hakimiyyətinin də bunun fərqində olduğuna, son zamanlar atdığı bəzi addımlarla qeyri-neft sektorunu inkişaf etdirdiyinə inanır.
İş adamı son zamanlar prezident İlham Əliyevin bəzi sərəncamlarını da bu amillə əlaqələndirir: “Bildiyimiz kimi, cənab prezident son zamanlar bəzi fərman və sərəncamlarla ölkənin aqrar sektorunun inkişaf tədbirlərinə vüsət verir. Bir çox rayonlarda əkinə yararlı sahələrin becərilməsinə, bəzi aqrar sənaye sektoru müəssisələrinin yaradılmasına onmilyonlarla manat vəsait ayrılır. Az öncə Sabirabadın 4 kəndində suvarma sisteminin təkmilləşdirilməsi üçün 22 milyon manatdan artıq vəsaitin ayrılması da bu sahədə atılan, hələlik, son addımdır. Bir neçə gün əvvəl isə Naxçıvanda xalçaçılıq sektorunun inkişafına da xeyli vəsait ayrılmışdı. Bütün bunlar Azərbaycan siyasi iradəsinin qeyri-neft sektorunun inkişafına verdiyi önəmi göstərir. Təsadüfi deyil ki, cənab prezidentin özü də bir neçə il əvvəl neft erasının bitdiyini açıq şəkildə elan etmişdi. Hazırda görülən tədbirlər rəsmilərimizin bu istiqamətdə ciddi çalışdıqlarından xəbər verir”, - iş adamı belə deyib.
Musavat.com
Paylaş: