Xəbər lenti

 

“Sevdam xəstələnib, temperaturu düşmür uşağın. Səhərdən axşama mənə dediyi söz bu olub Sevdamın: "Ya məni apar atama, ya da atam gəlsin"...

Gəl, indi nifrət etmə bu hakimiyyətə”.

Ovqat.com xəbər verir ki, bu statusu məhbus jurnalist, Azel.tv-in baş redaktoru Əfqan Sadıqovun həyat yoldaşı Sevinc xanım bir neçə saat öncə facebook səhifəsində paylaşıb.

2016-cı ildə həbs olunan Əfqan Sadıqov korrupsioner məmurlara qarşı amansız yazılarıyla tanınırdı. Ölkəni çapıb-talayan iri məmurlar dövlət mülkiyyətinin talanmasına etiraz edilməsini belə, jurnalistə çox görüblər. 2016-cı ilin avqust ayında xuliqanlıq ittihamı ilə həbs olunan Ə. Sadıqov ötən ilin yanvarında Cəlilabad rayon məhkəməsinin hökmüylə 2 il yarım azadlıqdan məhrum edilib.

Jurnalistin həbsiylə bağlı vəkil Elçin Sadıqov həmin vaxt “Turan” informasiya agentliyinə bunları bildirmişdi:

“İttiham materiallarına əsasən, Əfqan Sadıqov guya 2016-cı il avqustun 9-da səhər saat 10-da Cəlilabad rayon icra başçısının qəbul otağında "zərərçəkmişi" vurub və o, huşunu itirib və dərhal xəstəxanaya aparılıb. Amma rayon xəstəxanasının qeydiyyat kitabında qeyd edilib ki, bu qadın saat 15.30-da xəstəxanaya daxil olub.

Bundan başqa, iş materiallarında ifadələr 9 avqust tarixlidir və onlarda bu qadının imzası var. Bu, onun bir neçə gün xəstəxanada huşsuz yatdığı haqqında iddialarla üst-üstə düşmür. Amma məhkəmə uyğunsuzluqları araşdırmayıb.

İş üzrə bütün şahidlər rayon administrasiyasının işçilər idi.

Məhkəmə həmçinin müdafiə tərəfin rayon icra başçısının qəbul otağındakı müşahidə kameralarının videogörüntülərinə baxılması haqqında vəsatətini təmin etməyib. Çünki bu halda qadına heç bir hücumun olmadığı aydın olardı”.

Vəkilin fikrincə, jurnalist rayondakı sosial problemləri, məmurların qanunsuz hərəkətlərini tənqidi şəkildə işıqlandırdığına görə təqib olunub.

Qeyd edək ki, Əfqan Sadıqov Cəlilabad rayon İcra Hakimiyyətinin binasında baş vermiş insidentdə günahlandırılıb. İttihama görə, o, rayon icra başçısının qəbul otağında Aliyə Rzayeva adlı bir qadın jurnalistə hücum edib və polis insidenti sağlamlığa ziyan vurma kimi protokollaşdırıb.




Ana səhifəyə qayıt        Baxış: 777          Tarix: 14-03-2018, 09:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma