Xəbər lenti

  Elçin Qubanov

Auditorlar Palatasının üzvü

Vergilər Nazirinin şəffaflıqla bağlı həyata keçirdiyi islahatlar təqdirəlayiqdir. Köhnə ənənələr, əsassız mənbələrin kameral və səyyar vergi yoxlamalarının nəticələri kimi təqdim olunması artıq öz yerini ədalətli və şəffaf vergi və iqtisadi sistemə verəcəyi təsəvvürünü yaratmağa başlayır. Bu hər kəsi sevindirir. Sahibkarlıq fəaliyyətini stimullaşdırır. Vergilər Naziri Mikayıl Cabbarovun məsələlərə yeni müstəvidən yanaşması vergilərin sahibkarlıq və investisiya mühitini düzgün təşviq etməsi və vergitutmanın əsaslarına düzgün istinad edilməsi ölkəyə investorların maraqlarını artıra bilər.  Akademik Ramiz Mehdiyevin 16 aprel 2018 tarixdə mətbu orqanlarda yayımlanmış “Prezident İlham Əliyevin İqtisadi İnkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində iqtisadiyyatın inkişafının ən başlıca meyarı olan şəffaflığın yaradılması üçün maliyyə nəzarətini yalnız büdcə-vergi nəzarəti ilə məhdudlaşdırmağın düzgün olmadığını, ümumilikdə valyuta, gömrük və bank nəzarətini də əhatə etməklə maliyyə resurslarının formalaşdırılması, bölgüsü və istifadəsi prossesinin qanuniliyinə və səmərəliliyinə nəzarət edilməsi sahəsində dövlət orqanlarının və auditor təşkilatlarının həyata keçirdikləri tədbirlərinin məcmusu kimi qiymətləndirməsi çox mükəmməl elmi və praktiki prinsipləri özündə ehtiva edir. Məqalədə maliyyə nəzarətinin subyektləri,  maliyyə nəzarətinin obyektləri, nəzarət predmeti, nəzarətin prinsipləri, prosedur və metodologiyaları barədə çox geniş və izahedici şərh verilmişdir. Nəticə etibarilə məqalədə istiqamət yönəldilmiş məsələlər (hesabatlılıq və şəffaflıq) və onların həlli yolları ən qabaqcıl beynəlxalq təcrübənin əsas elementlərini özündə əks etdirir.

 Əlbəttə, peşəkar auditorların hazırlanması, auditin inkişaf etdirilməsi və bütün bunların ölkədə şəffaflığın və iqtisadi tərəqqinin elementlərinə aid edilməsi heç də təsadüfi deyil. Mən akademikin yerində və çox dəqiq qeyd edilmiş bir çox fikirlərini öz təcrübəmdə  görürəm.

Sözsüz ki, mən vergi orqanlarının şəffaflıqla bağlı məsələlərdə yüklənməsinin tərəfdarı deyiləm. Çünki bu günə qədər cəmiyyətdə vergi münasibətlərində insanlar bu qurumun fəaliyyətini yalnız inzibatçılıq müstəvisində görə biliblər. Dövlətin idarə olunmasında ictimai nəzarətin təşkili və təmin edilməsi baxımından deyə bilərəm ki, ictimai nəzarəti əhatə etməyən istənilən sahə heç vaxt şəffaflıq və hesabatlılıq yarada bilməz. Dünya məhz ona görə də auditi olmayan ölkələrin beynəlxalq ticarət təşkilatlarında iştirakına haqlı yol vermir. Kölgə iqtisadiyyatı olan ölkələrdə cinayət tərkibli mənbələrdən yaranmış pul vəsasitlərinin və digər əmlakın terroçuluq məqsədlərinə yonəldilməsinə heç bir zəmanət ola bilməz. Odur ki, akademikin auditin inkişaf etdirilməsi , peşəkar kadrların hazırlanması barədə fikirləri bu sahədə əsas hədəflərdən biri kimi qəbul olunmalıdır.

O ki qaldı mənim şəxsi təcrübəmdə rastlaşdığım reallığa , xüsusi olaraq qeyd etməliyəm ki, hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin (fərdi sahibkarların) mənfəət və gəlir vergisi hesabatlarının əksəriyyəti düzgün tərtib edilmir. Hansı ki, təsərrüfat subyektinin maliyyə-təsərrüfat vəziyyəti barədə balans hesabatının bütün meyarları üzrə məlumatlar orada əks olunmalıdır.  Bu da həm vergitutma məqsədləri, həm maliyyə şəffaflığı, həm də statistikanın düzgün aparılması baxımından mövcud tələbləri təmin etmir. Odur ki,  akademikin maliyyə şəffaflığının və hesabatlılığın bərpa edilməsi üçün auditin inkişafı barədə ayrıca qeydləri çox əhəmiyyətli məsələləri əhatə edir.




Ana səhifəyə qayıt        Baxış: 1 595          Tarix: 23-04-2018, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma