Xəbər lenti

 

Elçin Qurbanov

Bir müddət əvvəl mətbu orqanlarda Vergilər Nazirliyinin biznes sektorunda yoxlamaları tamamilə dayandırdığı bildirilmişdi.

Qeyd edilmişdi ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.

İlk növbədə qeyd etmək lazımdır ki, vergi yoxlamalarının aparılması elektron hökumətin yaradılmasından sonra kütləvi xarakter daşımamalıdır. Vergi tutulan əməliyyatların internetüstü eletron qaydada qeydiyyatı sahibkarlıq subyektlərinin fəaliyyətində tam səffalığın yaradılmasına şərait yaradacaq. Elektron vergi hesab fakturalarının, elektron qaimələrin, idxal əməliyyatlarına münasibətdə gömrük bəyənnamələrinin elektron qeydiyyatı vergitutma məqsədləri üçün gəlir və xərclərin müəyyən edilməsinə, dəqiq statistikanın aparılmasına və muhasibat uçotunun təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Bu da vergi yoxlamalarının , xüsusilə də səyyar və operativ vergi nəzarətinin həyata keçirlməsinə lüzum yaratmayacaq. Əksinə biznes obyektlərinə yoxlama qərarlarından sui istifadə edərək müdaxilə edən məmur özbaşnalığına son qoya bilər. Şübhəsiz ki, problemin həllində yeni Vergilər Naziri Mikayıl Cabbarovun işgüzar iradəsinin də xüsusi rolu var.  Çünki uzun illərdir ki, Vergilər Nazirliyinin fəaliyyəti cəmiyyətdə bu quruma qarşı arzuolunmaz fikirlər yaradıb. Hətta yaxın qonşu ölkələrdə bu barədə eşitməmək mümkün deyildi. Mən buna şəxsən qonşu Gürcüstanda şahid olmuşam. Çürümüş köhnə ənənələrə çoxdan son qoyulmalıydı. Müasir təfəkkürlü gənc nazirin köhnə üzqaraldan ənənələri yox edərək, dövlətə inam və etibarı artıra biləcək yeni vergi mədəniyyətinə malik mühitin yaradılmasına çalışması təqdirəlayiqdir. Lakin bu məsələdə təbliğat və maarifləndirmə işləri vacibdir. Mən əvvəllər də vergi qanunvericiliyinin təkmilləşdirilməsinə və ümumilikdə vergi sisteminin fəaliyyətində əsaslı reformaların (islahatların) həyata keçirilməsinə çağırışlar etmişəm. Əsas məsələ isə vergi yığımlarının gələcək vəziyyətinə bilavasitə təsir edən sahibkarlıq və investisiya mühitinin stimullaşdırılmasıdır.

Məsələn, nümunəvi vergi ödəyicilərinə xüsusi mükafatların təqdim edilməsi, xüsusi güzəştli kreditlərin verilməsi, bank xidmətlərinin asanlaşdırılması, işgüzar səfərlərdə aviabiletlərin güzəştli şərtlərlə əldə olunması, mənzil təminatı ilə bağlı xüsusi fondun yaradılması və .s bu kimi həvəsləndirici tədbirlər görmək olar. Bu da sahibkarların vergi ödəməkdən yayınmaq deyil, əksinə bu şəraitdən yararlanmaqla, ölkəyə fayda verməkdən qürur hissi duymalarına şərait yarada bilər.

Vergidən və digər dövlət ödənişlərindən yayınma yalnız o vaxt kütləviləşir ki, dövlətə inam və etibar azalır. İnsanlar gələcək təminatlarını dövlətə etibar edə bilmirlər. Bu da cəmiyyətdə sərvət toplamağa xüsusi ehtirasın yaranmasına səbəb olur və mənəvi aşınma bu kimi səbəblərdən daha da kəskinləşir.

Çox təəssüflər olsun ki, vergi orqanları belə aşınmada xüsusi ehtirasla iştirak etdilər. Dəfələrlə korrupsiya cinayətlərində adları çəkilən şəxslərin nazirliyin əhəmiyyətli struktur  vahidlərinə rəhbərlik etməsi, iş yerinin binasına daxil olarkən və ya tərk edərkən az qala tras verirlər kimi mühafizə polisinin xüsusi farağat vəziyyətində salamlama mərasimi, xidməti avtomobilinə təntənəli ötürülməsi, qapısının açılması , yola salınarkən eyni duruş komandasının icra edilməsi və .s kimi özbaşnalıqların aradan qaldırılmasının vacibliyi barədə dəfələrlə müraciətlər etmişəm.

Ən pisi isə odur ki, sahibkarlar  Vergilər Nazirliyi yaınında Vergi Auditi Departamentinə yersiz olaraq çağırılaraq novbə gözləməyə məcbur edilir və idarəyə daxil olduqda isə mobil telefon aparatları, səs yazısı və rabitə cihazlarının bütün növləri şəxsi əşyarla birlikdə alınırdı. Əlbəttə, bunun da yeganə səbəbi vergi əməkdaşlarının qanunsuz tələblərinin, binadan kənara çıxmamasıydı. Yoxlamalar sahibkarlıq subyektində deyil, audit departamentinin otaqlarında sahibkarları fəaliyyətdən yayındırmaqla həyata keçirilirdi. Ən amansız  əməkdaşlar yüksək vəzifə tutur, əlli min manat və ya daha artıq miqdarda vergidən və sosial sığorta ödənişlərindən yayındırılmış mükafatlar alırdılar. Hansı ki,həmin şəxslər bu gün  milyonlarla ölçülən sərvətə malikdirlər. Ölkədən kənarda çoxsaylı şirkətlərə, otel bizneslərinə sahibdirlər. Adi idarə rəisləri on min manatdan daha yüksək mükafat alırdılar. Bütün bunlar kiçik və orta sahibkarların incidilməsi hesabına həyata keçirilirdi. Ona görə də belə vergitutma siyasəti  kiçik və orta sahibkarlığın inkişafına böyük zərbə vurdu. Yüzlərlə sahibkar ölkəni tərk etməli oldular.

Mən 31 mart  2017 tarixdə "Şəffaflıq Azərbaycan" (Transparency International ”“ Azerbaijan ) İB ”-nin təşəbbüsü ilə təşkil olunmuş konfransda çıxışımda vergi mühitinin qorxunc vəziyyətdə olduğunu və belə davam edəcəyi təqdirdə sahibkarlıq və investisiya mühitinin tamamilə sıradan çıxacağını, vergi yığımlarının isə gələcək taleyinin qaranlığa doğru istiqamətləndiyini qeyd etmişdim. Burada nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi, habelə pul mülkiyyəti üzərində sərəncam vermək hüququnun vergi yolu ilə məhdudlaşdırılması, məntiqə və hüquqa zidd hadislərin təsviri də yer alırdı.

Ötən ilin monetar siyasətinin konservativ (monetar) proqrama əsaslanmasına baxmayaraq, vergi siyasətinin sərtləşdirilməsi davam etdirilirdi. Tədavüldə olan pul kütləsi azaldılsa da, onun əksi olaraq vergi yığımlarının həcmi artırılmışdı. Bir sözlə, biri-biri ilə zidiyyət təşkil edən hadisələr iqtisadiyyata  öz mənfi təsirini göstərməliydi.

Mən mətbuatda belə proqramın tətbiqi ilə yanaşı vergi yükünün azaldılmasının vacib olduğunu silsilə yazılarımda bildirmişdim. Bu məsələdə beynəlxalq təcrübənin əsas götürülməsini xüsusi müraciətlərimdə də qeyd etmişdim. Son dövrün iqtisadi hadisələri bir çox məsələlərin həllinə ümid yaradır. Onlardan biri büdcə siyasəti, digəri isə Vergilər Nazirliyindəki əsaslı islahatlardır. Gənc və kreativ təfəkkürlü komanda tərəfindən yeni dəyərləri özündə ehtiva edən hədəflərin müəyyən edilməsi olduqca təqdirəlayiqdir. İnanmaq olar ki, bundan sonra vergitutma və vergi ödəmə mədəniyyətinin inkişafı təmin ediləcək. Sosial inkişafın önündə  dayanan orta təbəqənin sıradan çıxmasının qarşısının alınması mümkün olacaq. Düzünü desəm, son dövrün üz qarasına çevrilmiş vergi orqanlarında təmizləmə işlərinin aparılması, köhnə və çürümüş sistemin yenilənməsi məni çox sevindirir.




Ana səhifəyə qayıt        Baxış: 1 404          Tarix: 5-02-2018, 21:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma