Ötən gün Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanılıb. Bu layihə Avropanın qazla təchizatının Rusiyadan kənar keçməklə təmini üçün şərait yaradır. TANAP-ın rəsmi açılış mərasimi isə 12 iyuna planlaşdırılır. 12 iyunda həm də Rusiya Günüdür. Bəzi mətbuat orqanları bu tarixin qəsdən seçildiyini iddia edib.
Məsələ ilə bağlı Axar.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu layihəni siyasiləşdirməyə heç bir ehtiyac yoxdur:
“Bu, sırf iqtisadi məsələdir. Dünən Səngəçalda TANAP layihəsi üzrə boru kəmərinə qaz vurulması baş tutdu. Yəni TANAP-ın əsas açılış günü 29 maydır. 12 iyunu isə ərazisindən qaz keçən ölkələr - Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və s. seçib. Yəni biz Rusiya Gününü siyasi məqsəd güdərək nəzərə alsaydıq, onda TANAP-a qaz vurulması prosesini də 12 iyuna sala bilərdik.
Cənub Qaz Dəhlizinə vurulan qaz 12 iyuna qədər Türkiyənin Əskişəhər yaşayış məntəqəsinə çatacaq. Ona görə də açılış mərasimi 12 iyuna təyin edilib. Yəni bu tarixin Rusiya Günü ilə üst-üstə düşməsi sırf təsadüfdür. Bu tarixlərdən kimlərsə hansısa nəticələr çıxarmasın. Azərbaycan öz iqtisadi maraqları naminə addımlar atır və böyük layihələr reallaşdırılır. Buna hansısa simvolik tarixlərlə siyasi don geyindirmək məkrli niyyətdir”.
Paylaş: