Xəbər lenti

 “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mənim şikayətim əsasında qəbul etdiyi icra olunmur. Dəfələrlə məhkəmə orqanlarına, ölkə rəhbərliyinə etdiyim müraciətlərin də heç bir nəticəsi yoxdur. Bəs, bir iş adamı olaraq mən dərdimi kimə deməliyəm?”

İş adamı Səxavət Mustafayevin Ovqat.com-a ünvanladığı məktubda belə deyilir.

Şikayətçi bildirir ki, 07  aprel 2018-ci il tarixdə yenidən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğluna ərizə ilə müraciət edərək, məhkəmə qərarına məhəl qoymayan Sumqayıt Baş Gömrük İdarəsi barədə

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən tədbir görülməsini xahiş edib. Eyni problemlə əlaqədar Məhkəmə-Hüquq Şurası da həmin məhkəməyə şikayətçinin məktubunu göndərib və şikayətə qanuna müvafiq qaydada baxılmasını tələb edib. Di gəl ki, Sumqayıt Baş Görük İdarəsinin zirehini qırmaq iş adamına qismət olmayıb.

Əli hər yerdən üzülən Səxavət Mustafayev növbəti dəfə Prezidentə şikayət məktubu göndərib.

Məktubda deyilir:

 

 

 

 Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə,

Surəti: Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova

Bakı ş., Biləcəri qəs., R.İsmayılov küçəsi, ev 1B, mən. 1 ünvanda yaşayan Mustafayev Səxavət Nurəhməd oğlu tərəfindən

 

                                         Ə R İ Z Ə  

Cənab prezident!

Mən 07 aprel 2018-ci il tarixdə Sizə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2018-ci il tarixdə qüvvəyə minmiş 28.06.2017-ci il tarixli, 2-1(85)-864/12017 nömrəli qərarının icra olunmamasından şikayət etmişdim. Eyni zamanda sözü gedən qərarın icra olunmasına köməklik göstərməyinizi xahiş etmişdim. Eyni xahişlə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri cənab Əliyev İslam Əli oğluna müraciət etmişdim. Bundan başqa 07aprel 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi cənab Quliyev İsmayıl Rza oğluna ərizə ilə müraciət edərək məhkəmə qərarını icra etmədiyinə görə  Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən Sumqayıt Baş Gömrük İdarəsini cərimə etməsini və sözü gedən məhkəmə qərarının icra olunması üçün qanuni tədbir görməsini xahiş etmişdim.  16.04.2018-ci il tarixdə mənim müraciətim Məhkəmə-Hüquq Şurasından qanuna müvafiq baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilsə də, təəssüflə bildirirəm ki, həmin qərar bu günədək icra olunmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi İsmayıl Quliyev bununla bağlı Sumqayıt Baş Gömrük İdarəsinə xəbərdarlıq məktubu göndərməklə kifayətlənmişdir. Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşlarının qeyri qanuni hərəkətləri ucbatından mən çox böyük maddi itkilərlə üzləşəm və müflis olma həddinə çatmışam. 2015-ci ildən bu günədək Biləcəri qəsəbəsində beşmərtəbəli binada yerləşən 37 kv.m-lik mənzilimi girovdan azad edə bilməmişəm. Bu yazdıqlarım məhkəmədə öz sübutunu tapıb və məhkəmə mənim iddiamın qismən də olsa təmin olunması barədə qərar qəbul edib: 3554(üç min beş yüz əlli dörd) manat pul vəsaiti Sumqayıt Baş Gömrük İdarəsindən tutularaq  Mustafayev Səxavət Nurəhməd oğluna ödənilsin.

Cənab prezident!

Bu məhkəmə qərarı axı Azərbaycan Respublikası adından qəbul edilmişdir və bu qərara hörmətlə yanaşmaq bizim hər birimizin borcudur. Siz isə dövlətimizin prezidenti olaraq bizim hər birimizin hüquqlarımızın qarantısınız. Odur ki, təkrar Sizə müraciət edərək qeyd etdiyim məhkəmə qərarının icra olunması üçün mənə köməklik etməyinizi xahiş edirəm.

    İmza:         Mustafayev Səxavət Nurəhməd oğlu

 

    Tarix:         29 may 2018-ci

 




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 1-06-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma