Xəbər lenti
27-11-2024, 19:25

 

 Nurəddin ismayıl     

 

Antitürk, ruskafalı, Türk birliyindən, Böyük Türk Evi qurulmasından  kürkünə birə düşən tiplərin dilindən

 

 

Haydı, sevgili Türkiyəm, ortaq dil adına nə yapdıqsa, yetər artıq! Gərəkməz bizlərə ortaq dil və mədəniyyət! Dürlü-dürlü nə ki sözlər gətirmişdin dlimizə, yığ zənbilə, dəf ol da get Azərbaycandan. Bıkdıq sənin “yavrum”, “can kardeşim”, “əfəndim”, “can Azərbaycan”, “gözünü sevəyim” deyə, üstümüzə kurşun kimi yağdırdığın, könüllərə atəş saçan tatlı sözlərindən. Biz kosmopolitiz və sevməriz milli ruhiyyəli sözləri. Lütfən, bu cür coşqu yaradan türkü sözlərlə yatmış ruhumuzu oyadıb tövrümüzü dəyişmək cəhdində bulunmayın.

Burası daha çox “bratan”, “qaqules”, “mamuliya”, “papuliya” kimi əcnəbi sözlərin dillərdə əzbər olduğu, erməni sayağı “ara vay, vay”, “Ağabala caykovski, arvadı maskovski” mahnılarının barlarında oxunduğu məmləkət. Bura soyu türk, adı “azəri” olan qəribə bir diyar. Türkü nə varsa, keçməz buralarda, əfəndim. Türkün bozqırlardan başlayan şanlı tarixindən söz açanlara “vizqır” deyib ağız büzərlər. Bizi məzur tut və keçmişi proletar Bakımızın quru dilinə türkün sevgili dilini qatma.

Sizlərdən sormaq gərəkir: Yahu, bu nə biçim sözlərdir gətirdiniz dilimizə? “Qardaş” yerinə “arkadaş” olurmu? “Yoldaş” yerinə “əfəndim” çağırılırmı? Əfəndim, “para” nə, “parasal” nə? “Yatırım” deyilən  nəmənə şey? “Kürəsəlləşmə”, “bilgisayar” nərədən gəldi dilimizə? Qardaşım, biz “bu qədər” deyincə, siz nasıl olur ki, “bu qədər”ə, “bunca” deyib, durursunuz. Biz “bəsdir” deyərik, nədən sizlər “bəsdir” sözünə “yetər” deyib, “Azəri” qardaşlarınızı çaşdırırsınız.

Nədən, “başa düşmədim”, “dərk etmədim” kimi ikili sözlərimizi təkləyib, “anlamadım” deyə, ifadə ediyorsunuz? “Cütləşmə”ni “ciftləşmə” kimi səsləndirməyiniz qardaşlıq adına sayqısızlıq deyilmi, əfəndim? Qardaşım, sizinlə yenidən qovuşanadək biz, çılğın bir hərəkətə “emosional” deyərdik, nədən “emosional”ı döndərib, “duyğusal” etdiniz? Biz bir məsələni dərindən araşdırmaya “tədqiqat” deyərik, nə oldu ki, bu sözü də gözümçıxdıya salıb, “incələmək” kimi yozdunuz. Belə qardaşlıq olmur, axı.

“Onu yap”, “şunu yap”, bu cür sözlər bizi əsla ilgiləndirməz. Biz yapmarız, yapanda, dünyanın heç yerində misli görünməyən YAP yaparız. Əfəndim, “iqtidar” sözü də  sizin gətirdiyiniz söz və iyi bir söz, dilə gətirdikcə pul-para iyi gəlir. Bəs demokrasi iyi gələn müxalifət anlayışını nərədən qazıb çıxardınız? “Kəndinə qayıt” deyə-deyə, kəndi kəndini sən kayb etdin bu şəhərdə. Azərbaycan urbanizasion bir yer, nasıl da bizlərə “kəndinə qayıt” deməyi rəva görürsən.

Qardaşım köhnə bazara təzə nırx qoymağın nə mənası? Hər yerin öz danışıq tərzi var. Sənələrlə biz “stol”, “stul” dedik, kimsə də bu cür deyilməsindən zərrə qədər olsun əndişələnmədi. Nədən,  qıcıq yaradan masa-miz söhbətini ortaya salıb, vəzifəyə pərçimlənmiş məmurlarımızı narahat edirsiniz. Sizi heç başa düşmək olmur. “Təyyarə” əvəzinə “uçaq”, “düşdü” yerinə “endi” deyirsiniz, “mənə tərəf gəl” əvəzinə “bana gəl” söyləyirsiniz. “Tez ol” sözümüzü bəyənməyib, “çapuq ol” deyə səsləndirirsiniz. Hər sözümüzün bu qədər ziddinə getdiyiniz halda nasıl da qardaş oluruz?

Əfəndim, bizdə insanların ölüm itkisini, dövlət adamlarımız “tələf oldu” deyə dilə gətirərlər. Nədən bizimlə barışmayıb, ölməyə “can kaybı” deyir, öləni bu qədər can yanğısı ilə yad edirsiniz. “Kafam calışmıyor” deyirsiniz, olmazmı qardaşlıq xatirinə başım işləmir deyib, birlik nümayiş etdirəsiniz? Sonra da inciyirsiniz ki, Azərbaycanın millət vəkilləri türk dilinə, türk birliyinə qarşı səlib yürüşünə başlayıb.

Sayqılı bəylər, sizin bizdə “şərq”, “qərb” kimi işlənən sözlərə “doğu”, “batı” deməyiniz çox gözəl, bəs “KİV” yerinə “basın” deyib, bizi qara günə qoymağınızı necə başa düşmək olar? Biləsiniz ki, bizdə “KİV” “basın” olmamışdan bir jurnalistin də burnu qanamamışdı. “Basın” sözünü dilimizə gətirər-gətirməz basın mənsubları hər gün Azərbaycanda basqı altındadır. Böylə qardaşlıq olurmu, əfəndim? Sizdə bu cür işlərə kötülük demirlərmi?

Qardaşım, sizlər çətin durumda olan zamanlar dilə gətirilən “bir millət, iki dövlət” şüarına uyub da Türkiyə gələnəklərini Azərbaycan adət-ənənələrinə pərçimləməkdən vaz keçin. Gəlib burda ərəb mənşəli “inkişaf” sözünə “qalxınma” deməklə camaatımızı iqtidarın üstünə qaldırmağınız sizi zor durumda buraxacaq. Sovet dönəminin ölgün yuxusuna dalmış bir məmləkətdə  türk çılğınlığı ilə “uca millətim” deyə, haray salmağın nə önəmi var?

Arkadaşlar, görünən budur ki, siz özünüz-özünüzə sorunlar yaratmısınız. Bu səbəbdəndir ki, Azərbaycanın Milli Məclisi Türkiyədə istehsal olunan filmlərin yalnız tərcümə edildikdən sonra (yəni türkcədən türkcəyə) efirə buraxılması barədə qərarı müzakirəyə çıxardılar. Bunun material anlamı odur ki, paranı ödət, filmini yönəlt. Əks halda dəf ol da get Azərbaycandan, sevgili Türkiyəm.




Ana səhifəyə qayıt        Baxış: 1 830          Tarix: 29-06-2018, 00:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma