Xəbər lenti

 

Azərbaycanlı repçi Anar Nağılbaz 44 yaşında vəfat edib.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub. Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında isə deyib ki, hazırda oğlunun nəşini məsciddə yuyurlar: "Danışa bimirəm”.

***

Minval.info-nun əldə etdiyi məlumata görə, reperin ölüm səbəbi daxil qanaxma olub. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib.

Minval.info xəbər verir ki, prodüser Tarix Əliyev repçinin ölümü barədə belə yazıb: “Əslində heç münasibətim yox idi, “Maşın” şouda görmüşdüm. İndi Ceyhun Qala yazdı, Anar Nağılbaz vəfat edib. Amma kaş ki, övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi”.

***

Jurnalist İradə İsak isə Anar Nağılbazın vəfatıyla bağlı sosial şəbəkədəki səhifəsində belə yazıb: "Anar Nağılbazgildəyik. Atası Rizvan dayıyla həyətdə danışdım. Atasının sözlərinə görə, Anar evə gəlib, qəfil halı pisləşib, yıxılıb, dili qatlanıb. Təcili yardım maşını çağırıblar, xəstəxanaya gedərkən yolda keçinib. Allah rəhmət eləsin".

***

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

Reperin mənəvi durumu qaydasında olmayıb 

Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir. Musavat.com xəbər verir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar.

A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”.

Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb.

Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyn. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”.

Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər.

Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”.

Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi. 

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 578          Tarix: 4-08-2018, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma