Xəbər lenti

 

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik

- Bədrəddin bəy, ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başlayıb. Sizcə, İranın yaxın gələcəkdə vəziyyəti necə olaсaq, bu sanksiyalar hansı nəticələr yarada bilər?

-Bütün maliyyə qurumlarında, qiymətli kağızlar bazarında işləyənlər, dünyanın ən güclü transmilli korporasiyaları bu məsələyə ciddi yanaşır. Avropanın bəyanatları məlumdur, amma dünya birjalarına təsir baxımından ABŞ-ın əlində olan rıçaq heç bir dövlətin əlində yoxdur. Dünyanın idarəetməsində anqlosakslar həm siyasi, həm də iqtisadi gücə malikdir. Bir çox beynəlxalq şirkətlər qərar verib ki, İrandan çıxır. Buna misal olaraq “Mercedes” şirkətinin son qərarını göstərmək olar. BP şirkəti başda olmaqla digər şirkətlər də bu fikirdədir. Ağır sənayesi, qiymətli kağızlar birjası olanlar ABŞ-ın gücünə bələddir. Məncə, bu proses davam edəcək. İranla bağlı məsələdə Avropa-Rusiya, Rusiya-İran və Avropa-İran işbirliyi məsələsinin ortaya çıxdığını nəzərə alaraq, anqlosaklar Avropanın yeni güc kimi ortaya çıxmasının qarşısını alır. XVIII əsrdən bu yana almanlar, fransızlar ortaya çıxmaq üçün nə qədər cəhdlər etsələr də, sonda anqlosaklar prosesləri udub. İndi həmin prosesin III mərhələsi başlayır. Anqlosaklar öz güclərini müasir texnologiya ilə yenidən sınaqdan keçirir. Bu məqsədlə bir çox ölkələrə təzyiq edirlər. Bu təzyiqlər Türkiyə və Rusiya ilə bağlı da özünü göstərir. Hindistan artıq İran nefti ilə bağlı müqaviləni dəyişib. Ortada Çin və Rusiya məsələsi qalır. Rusiyanın özündə böyük şirkətlərin kənara çıxışına imkan verilməyəcək. Avropaya təzyiqlər güclənəcək. Məncə, Tramp-Putin görüşü və hadisələrin gedişi onu deməyə əsas verir ki, Moskva İran məsələsində geri çəkiləcək.

- İranın özünü nə gözləyir?

- İrana kənardan basqılar olanda özləri islahat və ya inqilab edib. XX əsrdə türklər 4 dəfə inqilab edib. Səttarxan, Xiyabani, Pişəvəri, Şəriətmədari hərəkatı zamanı türklər aktiv olub, daha çox Rusiya ilə əlaqə yaradıb və müttəfiqlik ediblər. Ancaq ruslar sona qədər onları müdafiə edə bilməyib və ya istəməyib, bu qüvvələrin hamısını güdaza verib. Son anda da ingilislərlə farslar birləşərək türklərin hakim olmasının qarşısını alıb. 1918-ci ildə Vilson modelinə əsasən bölgəni parçalamaq, Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlər yaradılıb, bu bölgədə qırğınlar həyata keçirilib. İranda daxili proseslərin gedişatı Türkiyəni ehtiyatlı davranmağa sövq edir. Türkiyə bu məsələlərdə Qərbin yanında yer alsaydı, fərqli görüntü yaranardı. Amma qardaş ölkənin özünə təzyiq var, lirə qiymətdən düşmə dövrünü yaşayır. Mən hələ bir müddət əvvəl demişdim ki, iqtisadi baxımdan Avropa, qərblə münasibətlərin kəskinləşməsi Türkiyə üçün sıxıntılar yaradacaq. Türkiyə qonşu ölkələrlə münasibətdə baş verən proseslərə öz milli maraqları konteksində yanaşmalı, bu prosesdə vurulan qüvvələrlə əməkdaşlıq etməməlidir. Necə ki, Türkiyə qonşu İraq və Suriyada gedən prosesləri gözlədi və son məqamda ona qoşuldusa, İranla bağlı da belə mövqe sərgiləməlidir.

- Yaxın gələcəkdə İranda hansı proseslər baş verə bilər?

- İranda demokratik proseslər baş verə bilər. Hesab edirəm ki, indiki İran rejiminin taleyi ilə bağlı gizli danışıqlar gedir. İranın islahatçılar qanadına əvvəl Rəfsəncani liderlik edirdi, əsas danışıqlar da bu səviyyədə aparılırdı. İndi Rəfsəncaninin oğlu və çevrəsi, o cümlədən şovinist qruplar bu danışıqlarda iştirak edir. İranda yaşayan türklər bu proseslərin qurbanı ola bilər. Hazırda İranda sosial tələblərlə etiraz aksiyaları keçirilir. Rialın devalvasiyası, böhran və inflyasiya iqtisadiyyatı məhv edir. Orada iqtisadi və siyasi baxımdan böhran yaranır. Fikrimcə, İran daxildən inqilabi proseslə yaxınlaşır. İranda farslar Qərblə danışıq aparır, məqsəd vahid İranı saxlamaqla demokratik rejimə nail olmaqdır. Əsas şovinistlərin məqsədi əhalini ayağa qaldıraraq hakimiyyəti əldə saxlamaqdır.

Qərb dairələrinin fikri odur ki, İranda yaşayan etnik xalqların mədəni muxtariyyət hüququ tanınsın. Yəni bütün xalqları ayağa qaldıraraq İranın federativ dövlətə çevrilməsinə nail olunsun. Hesab edirəm ki, bu proseslərdə azəri türklərdən istifadə etmək ideyası, onları qabağa vermək məsələsi ortaya çıxa bilər. Unutmayaq ki, Rusiya da bu proseslərdə “türk kartı”ndan istifadə etmək istəyir. Bölgədə İran-Rusiya yaxınlığı üzdə olsa da, əslində Rusiya son anda İranı bufer zona kimi güdaza verə və öz varlığını saxlayaraq İrana qarşı proseslərdən bəhrələnmək xətti tuta bilər. Yəni hansısa bir məqamda Rusiya İranı dəstəkləməkdən geri çəkilə bilər.

Pəhləvi rejimini hakimiyyət başına gətirən Rusiya İranın ingilislərlə iş birliyinə gedəcəyini ehtimal edir. Bu səbəbdən də türk faktorundan istifadə etməyə çalışacaq. Bu mənada türkçülüklə bağlı bəzi təşkilatların fəallaşması da gözləniləndir. Gələcəkdə İran daxilində “türk kartı”ndan istifadə Rusiyanın marağında olacaq.

- İrana qarşı sanksiyalar məsələsində Ermənistanın hansı mövqedən çıxış edəcəyi bəlli deyil. Sizcə, Ermənistan hansısa mərhələdə bu sanksiyaları dəstəkləyə bilərmi?

- Ermənilər başa düşür ki, İran məsələsi gündəmə gəlib və təzyiqlər daha güclü olacaq. Onlar bu prosesdən itkisiz çıxmaq istəyir. Onların Avropa bazarlarına, dünyaya çıxışı Türkiyə üzərindən baş verə bilər. Ona görə Ermənistanın Baş naziri Paşinyan Türkiyə ilə şərtsiz danışıqlar haqqında bəyanat verir. Fikrimcə, hətta işğal altında olan iki rayonumuzun geri qaytarılmasından sonra Ermənistana Türkiyədən dəhlizin açılması gündəmə gələ bilər. Biz bunu nəzərə almalı və hazır olmalıyıq. Ermənistana gələcəkdə Qərbdən siqnal gəlsə ki, sizə dəhliz açılır, İrəvan İrana qarşı sanksiyalara böyük məmnuniyyətlə qoşular. Unutmayaq ki, ermənilər tarix boyu kim güclüdürsə, onun yanında olmağa çalışıb.

- Ermənistan üzərində Rusiyanın təsirinin azaldılması nə dərəcədə mümkündür?

- Əlbəttə, Ermənistanda rus bazası var, onların sərhədlərini rus əsgərləri mühafizə edir və s. Amma nəzərə alın ki, bu ölkədə Rusiyaya yaxın siyasi qüvvələr hakimiyyətdən gedib. Növbəti seçkidən sonra Rusiyanın dəstəkləyəcəyi siyasi qüvvə qalmayacaq. Ermənistana Qərbin dəstəyi arta bilər. Katolik dünyasının apardığı təbliğat budur ki, ermənilər yazıq millətdir. Unutmayaq ki, I Dünya Müharibəsində Osmanlıya arxadan zərbə vuran ermənilərə qarşı ciddi tədbirlər görülsə də, son anda onlar öz dövlətlərini qurublar. Özü də bizim tarixi torpaqlarımızda. İndi də ermənilər regionda gedən proseslərdən divident götürmək istəyirlər. Əlbəttə, sabah İran müasirləşsə, Türkiyə ilə sərhədlər açılsa, Ermənistan Rusiyadan qazandıqlarını digər dövlətlərdən əldə edə bilər.

- Rusiyaya qarşı da ciddi sanksiyalar tətbiq edilir. Amma reallıq göstərir ki, şimal qonşumuz dünya siyasətində öz maraqlarını inamla qorumaqda davam edir və əsas güc mərkəzlərindən biridir...

- Dünya bazarında Rusiyanın böyük çəkisi yoxdur. Sözsüz ki, hərbi baxımdan Rusiyanın imkanları geniş göstərilir, konfliktlər məsələsi ortaya qoyulur. Ancaq Rusiyada yeni devalvasiya gözlənilir. Təsəvvür edin ki, ət və ərzaq məhsullarının qiymətində 25 faiz bahalaşma baş verib. Yaxın zamanlarda Rusiyanın özünü ciddi təzyiqlər gözləyir. Rusiyanın nicatı İran məsələsində Qərblə razılaşmaqdır. Rusiya iqtisadi böhrandan çıxmaq üçün münasibətləri qaydaya qoyub dünya bazarına çıxmalıdır. Amma şərtlər elə qoyulub ki, ruslar güc kimi ortaya çıxa bilməsin. Rusiyanı ciddi oyuna salıblar. Ruslar Abxaziyadan, Osetiyadan, Krımdan, Dnestryani bölgədən, Donbasdan çıxmalıdır. Pribaltikadan Skandinaviyaya qədər Rusiyanın təsirini azaltmaq üçün ciddi işlər görülüb. Rusiya az qala Qara dənizdən sıxışdırılıb çıxarılır. Rusiyanı eləcə də Yaxın Şərqdən vurub çıxarırlar.

- Suriyada hakim mövqedə duran Rusiya deyilmi?

- XX əsrdə müsəlman dünyası ilə bağlı fikir vardı. Marqaret Tetçerin nəzəriyyəsinə görə, XXI əsr islam fundamentalizminə qarşı mübarizə əsiridir. Bu plana görə ideoloji baxımından kommunizm rejimləri dağıldıqdan sonra növbə islam fundamentalizminə əsaslanan rejimləri aradan qaldırmaqdır. Diqqət etsəniz görərsiniz ki, Yaxın Şərqdə Rusiya meylli dövlətlərdə daş üstündə daş qalmayıb. O cümlədən gələcəkdə Suriyada vahid dövlət olmayacaq. Faktiki olaraq, Suriyanı gələcəkdə vahid dövlət kimi görmək çox çətindir, eləcə də İraqda müəyyən fəsadların yaşanacağı gözlənilir. Həmçinin İranda da bu proses gedəcək. Rusiya Avropadan ən sonda Yuqoslaviyadan çıxdı. Yuqoslaviyanın ərazisində bir neçə dövlət yarandı. İndi də, Yuqoslaviyadan çıxan dövlətlər NATO üzvləri olublar. Rusiya Yuqoslaviyadan savaş və qanla çıxıb. İndi də həmin prosesdə iştirak edən generalların hamısı həbsdədir. Necə ki, hazırda Ermənistan generallar həbsdədir. Rusiya İranı sona qədər müdafiə etməyəcək, İranla Qərb arasında gedən gizli danışıqları görəndən sonra ruslar bu bölgənin parçalanmasında maraqlı olacaq. Nəzərə almaq lazımdır ki, İran daxilində də müəyyən problemlər var. Bəlucistanda proseslər gedir, Pakistanla problem var. Xuzistan bölgəsində ərəblərlə bağlı ziddiyyətlər var. Həmçinin afşarların, türklərin, kürdlərin yaşadığı bölgələrlə bağlı proseslər var. Süni-şiə qarşıdurması, ərəb-fars problemləri, Hörmüz boğazına nəzarət kimi problemlər mövcuddur. Hesab edirəm ki, anqlosakların bu regionda üstünlük verdiyi qüvvələrdən biri də türklərdir. Artıq islam xətti bir kənara qoyulub. Gələcək strateji hədəf Rusiyanın daxili və Çin olduğundan bu bölgələrdə türk faktoru ortaya çıxacaq. Üstəlik tarix göstərir ki, anqlosaklarla rusların daim gizli ittifaqı olub. Hansısa məqamda tərəflər strateji hədəflər fonunda birləşə bilir. I və II Dünya müharibələrindən sonra belə ittifaqlar özünü büruzə verib. Fikrimcə, indiki proseslər zamanı da belə bir razılaşma özünü göstərə bilər.


Müəllif: Cavad



Ana səhifəyə qayıt        Baxış: 774          Tarix: 13-08-2018, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma