Mürvət Həsənli,
Aqro-Düşüncə və Analizlər Mərkəzinin (ADAM) sədri
AXCP sədri Əli Kərimli dəfələrlə ona xəyanət etmiş Aslan İsmayılova qahmar çıxıb. Sırağagün yuxusuna haram qatıb öz facebook səhifəsində paylaşdığı bir statusda məhkəmənin Aslan İsmayılov barəsində çıxardığı hökmü biabırçılıq adlandırıb. AXCP sədrinin fikrincə, hüquqşünas hansısa mafiyanın şifarişi əsasında cəzaya layiq görülüb və cəmiyyət onu dəstəkləməlidir.
Doğrusu, hüquqşünas olan AXCP sədrinin detalları ilə tanış olmadığı məhkəmə işinə bu qədər konkret qiymət verməsini gözləməzdim. Əvvəla, ona görə ki, hüquq elmi hər hansı məhkəmə prosesi ilə əlaqədar qəti hüquqi qiymət vermək səlahiyyətini məhkəmələrə həvalə edir və Binəqədi Rayon Məhkəməsi bu barədə öz sözünü artıq deyib. Məhkəmənin hökmüylə hüquqşünas 1 il müddətinə islah işlərinə cəlb olunub və hər ay qazancının 20%-i tutulmaqla 1500 manat məbləğində cərimə edilib.
Üstəlik, bu, Aslan İsmayılov barəsində çıxarılan ilk qərar da deyil. Hüquqşünas bundan əvvəl Səbayel məhkəməsi tərəfindən də 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunmaqla 1500 manat məbləğində pul cəzası ödəməyə məhkum edilmişdi. İki müxtəlif məhkəmənin eyni adam barəsində təxminən eyni hökmü verməsi sübut edir ki, çıxarılan qərar ədalətlidir. Əli Kərimli nə həmin hakimlərdən savadlıdır, nə də istintaq işiylə onlar qədər tanışdır. Belə olan halda, onun qəti fikir bildirməsi ilk növbədə öz hüquqşünas kimliyinə kölgə salmaqdan başqa bir işə yaramır.
İkincisi, Binəqədi rayon məhkəməsi həqiqətən də ədalətsiz qərar çıxarıb; amma iddiaçıların yox, Aslan İsmayılovun xeyrinə. Belə ki, Cinayət Prosesual Məcəlləyə görə, məhkəmə hökmüylə cəzalandırılan bir hərəkət ikinci dəfə təkrarlanarsa, bu, mütləq cinayət məsuliyyəti yaradır və həmin əməli törədən şəxs barədə həbs qət-imkan tədbiri görülməlidir. Aslan İsmayılov barəsində isə dəfələrlə məhkəmə hökmü çıxarılsa da, o yenə öz ampluasındadır. Hər gün facebook səhifəsində ölkənin ən müxtəlif şəxsləri barəsində ağzına gələni danışır, dəfələrlə keçirilən məhkəmələr isə ona ya pul, ya da ictimai işlərə cəlb etmək cəzası kəsir. Bu vəziyyətdə kimlərinsə ona qahmar çıxması “qara məni basınca, mən qaranı basım” zərb-məsəlinə oxşayır.
Üçüncüsü, hər hansı məhkəmə hökmünə siyasi don geydirmək heç bir siyasi xadimə başucalığı gətirməz. Bu, adətən, cinayətkarların və ortaqlarının özünümüdafiə metodlarıdır. Necə ki, Azərbaycanı çapıb-talayan, xalqın milyardlarla dollarını oğurlayıb Londonda özünə xanimanlar yaradan, həyat yoldaşına gündə 10 minlərlə dollarlıq şərab içirən Cahangir Hacıyev də haqqında çıxarılan məhkəmə hökmünü sifarişli adlandırıb siyasiləşdirmək istəyirdi. İndi Əli Kərimlinin eyni məntiq və metodlarla Aslan İsmayılovu müdafiəyə qalxması təəccüb doğurmaqla yanaşı, “bu iki şəxs arasında hansı ortaqlıqlar var” sualını ağla gətirir.
Düşünə bilərsiniz ki, Əli Kərimlinin bu müdafiəsi hər iki şəxsin təmsil olunduqları müxalif düşərgənin ümumi maraqlarından doğur və onlar bir-birinə qahmar çıxmaqla ortaq rəqiblərinə qarşı mübarizə aparırlar. İlk baxışdan məntiqli görünən bu versiya kiçik araşdırmaya dayanmır, sabun köpüyü kimi partlayır. Heç kimə sirr deyil ki, bu gün müxalif qüvvələrin əsas hədəfi və ya rəqibi hakimiyyət deyil. Onlar “ana müxalifət” liderliyi uğrunda bir-biriylə amansız yarışdadırlar. Xüsusilə Əli Kərimlinin bu statusu əldə saxlamaq naminə düşmən olmadığı cinah yoldaşı qalmayıb. Bir zamanlar Müsavat rəhbərliyi ilə yarışan AXCP sədri onlarn üzərində tam qələbə çaldıqdan sonra ReAl partiyasının lideri İlqar Məmmədova yönəldi.
Müxalifətdaxili xarizma uğrunda mübarizədə Əli Kərimli zaman-zaman yalnız real siyasi qüvvələri deyil, potensial rəqiblərini də zərərsizləşdirməklə uğraşıb. Onlardan biri də elə Aslan İsmayılov olub. Bunu Aslan İsmayılovun özü mətbuata açıqlamalarından birində etiraf edərək deyirdi: (AXCP sədrinin keçmiş müavini Sahib Kərimli) “bir də xüsusi qeyd etdi ki, Əli Kərimli Sizə nifrət edir. Facebookda məni söyənləri Əli Kərimli öyrədib. Dediklərinin bəzilərinə inansam da bildirdim ki, onsuz da hakimiyyət Əli Kərimlini var gücü ilə əzir, sizə də buna qoşulmağı məsləhət bilmirəm. Həqiqətən o vaxt bir qrup AXC üzvləri bütün günü Facebookda haqqımda böhtan yazırdılar”. (http://www.moderator.az/news/150083.html)
Bu etirafdan da aydın olduğu kimi, Əli Kərimlinin öz troll ordusu vasitəsilə yaylım atəşinə tutduğu şəxslərdən biri də Aslan İsmayılov idi. Belə çıxır ki, son zamanlar Aslan İsmayılovun yaşına-başına yaraşmayan çılğınlığı ilə özünü bitirdiyini düşünən Əli Kərimli indi həmin “siyasi ölünü” xortlatmaqda və ya onun xatirəsinə bir neçə ağız “Fatihə” oxumaqda heç bir problem görmür, əksinə dünənki rəqibini bugünkü müridinə çevirə biləcəyini düşünür. Onun Aslan İsmayılova qahmar çıxmasının altında yatan birinci səbəb bundan ibarətdir.
Sözsüz ki, mehriban rəqibləri bir araya gətirən daha dərin səbəblərin olduğunu da inkar etmirik. Bu səbəblərdən biri hər iki qüvvənin eyni mərkəzdən idarə olunmasıdır. Son prezident seçkilərində namizədlərdən birinin irəli sürdüyü bir iddia sözügedən ehtimalı kifayət qədər qüvvətləndirir. Həmin namizəd seçki prosesi zamanı əldə etdiyi sənədərə istinadən dilə gətirdiyi bəzi faktları yada salaq. Xatırlayırsınızsa, prezidentliyə namizəd seçki debatlarının birində Əli Kərimlinin erməni çevrələr tərəfindən maliyyələşmələri iddiası ilə çıxış edərək demişdi:
“Deməli, onlar (“Emre Piliç” şirkətinin yiyəsi Andronik və Sevan) başqa quşçuluq fabriklərinə göndərdikləri yumurtadan 10 faiz, yəni 10 sent aşağı qiymətlə həmin quşçuluq fabrikinə yumurta göndərirlər. Həmin 10 faizdən gələn gəliri isə, deyirlər ki, Kərimov Əliyə verin.
Bunu kimin vasitəsilə verirlər? Deməli, o fabrikin direktorunun qayınatası Kərimov Əlinin təhlükəsizlik xidmətinin rəisidir, onu qoruyandır. Yəni Andronik və Sevan on minlərlə pulu hər ay Kərimov Əliyə “Emre Piliç” şirkəti vasitəsilə Azərbaycanda verir”.
Nəzərə alsaq ki Aslan İsmayılov da elə həmin şirkətin Azərbaycandakı hüquqi nümayəndəsidir və öz ictimai nüfuzunu belə, müvəkkillərinin haqsız davasında xərcləməkdən çəkinmir, burda tablo tamamlanır, həqiqətən də, hər iki şəxsin eyni mərkəzdən idarə olunması barədə irəli sürülən ehtimallar qüvvətlənir.
Əli Kərimli-Aslan İsmayılov tandemində heç kimin inkar edə bilməyəcəyi digər birləşdirici amil hər ikisinin də post-sovet məkanında rəngli inqilablar törətməyə çalışan Corc Sorosa bağlılıqlarıdır. Corc Sorosun tələbəsi olduğunu Aslan İsmayılovun özü də gizlətmir, müxtəlif zamanlarda verdiyi açıqlamalarda bunu qürur hissi ilə diqqətə çatdırır. Əli Kərimlinin rəhbəri olduğu AXCP üzvlərinin də məhz Soros Fondu tərəfindən maliyyələşdiyi sirr deyil. Müxtəlif zamanlarda AXCP üzvlərinin yaratdığı qeyri-hökumət təşkilatlarının əsas sponsoru sözügedən fond olub. Sonradan Soros Fondunun ətraf ölkələrdə törətdiyi təxribatlar gün işığına çıxınca Azərbaycan hakimiyyəti xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırsa da, təxribatçı müxaliflərin maliyyələşməsi dayanmamış, qeyri-qanuni yollarla davam etdirilmişdir. Xüsusilə də Gürcüstandakı Qərb qurumları vasitəsilə həyata keçirilən bu əməliyyatlar sezilmiş və hüquq-mühafizə orqanlarının işə qarışmasıyla bir sıra cəbhəçilər məsuliyyətə cəlb olunmuşdur. Maraqlıdır ki, Aslan İsmayılov da əsasən xaricdən maliyyələşdirilməsini etiraf edir və bu prosesi vəkillik xidməti kimi əsaslandırmağa çalışır. Onun sözlərinə görə, guya Ukraynada, Rusiyada, Gürcüstanda, Qərb ölkələrində hüququ pozulmuşların vəkilliyini edərək azuqəsini qazanırmış. Guya Azərbaycan hüquq mühafzə orqanları Aslan İsmayılovla bağlı hökm çıxarmaqla faktiki onun xaricə çıxmasına, dolayısıyla xaricdən maliyyələşməsinə əngəl olurlar və bu məhkəmə proseslərinin əsas məqsədi bununla bağlıdır. Bu əsaslandırmanın nə qədər puç və yalan olduğunu əvvəlki yazılarımızda qeyd etdiymiz üçün indi mövzu ilə əlaqədar geniş mülahizələr yürütmək fikrindən uzağıq. Sadəcə onu vurğulamaq istəyirik ki, iki mehriban rəqibin yaxınlaşmasında bağlı olduqları çevrələrin də direktivləri başlıca rol oyna bilər.
Sonda hər iki hüquqşünas mehriban rəqibə kiçicik hüquq məsləhəti vermək niyyətindəyəm: Əzizlərim, axı siz hüquqşünassınız. Bir hüquqşünas-siyasətçi kimi, ölkəmizdə hüquqi dövlətin bərqərar olmasından dəm vurur, xalqı bu hədəfə yönəltmək istəyirsiniz. İnsafən “oxuduğunuz Quran olmasa da, avazınız gözəl gəlir”. Amma unutmayın ki, hüquqi dövlət ilk növbədə hüquqşünasların qanunlara hörmət göstərməsilə ortaya çıxır. Hüquqi aktlardan biri də hakimlərin çıxartdığı hökmlərdi. Bu hökmlər sizin mənafeyinizə zidd də çıxarıla bilər. Amma ictimai maraqlar naminə sizin bu hökmlərə hörmət bəsləməniz tələb olunur. Biz də sizdən bu ərdəmliliyi, qanacağı gözləyirik.
Elədirsə buyurun, iş başına. Əli Kərimli, sizin dərdiniz asandır. Uzağı, 2500 manat cəriməni ödəməklə canınızı xilas edə bilərsiniz. Aslan İsmayılovun dərdi bir az ağır olsa da, Məşədi İbad demişkən, 3 min manat pul, bir süpürgə, bir də Bakının küçələri; bir il, ilyarım bu küçələri süpürməklə hüquq qarşısında boynunun qıldan incə olduğunu sübuta yetirə bilər. Unutmayın ki, mərifət, mədəniyyət, ictimai status baxımından sizdən qat-qat yüksək səviyyələrdə dayanan Mövlana Cəlaləddin Rumi heç bir məhkəmə hökmü olmadan, sadəcə nəfsinə, təkəbbürünə qalib gəlmək üçün hər gün əlinə əski parçası alıb ictimai ayaqyollarını yuyurdu. Hətta bir dəfə bundan ikrah duyan nəfsinə bu cür səsləndiyi də deyilir: “Ey nəfsim, bir də mənə müxaliflik etmək istəsən, əlimdəki cındanı buraxıb saqqalımla unitazın gözünü təmizləyəcəyəm”.
Hörmətli Aslan bəy, yəqin razılaşarsan ki, sənin mənəvi təmizliyə Mövlanadan daha çox ehtiyacın var. İnan ki, məhkəmənin kəsdiyi bu cəza ilk növbədə sənin mənəvi müalicən üçündür. Əli bəy isə istəsə, öz mənəvi təmizliyi və dostunu tək qoymamaq adına bu prosesə könüllü qoşula bilər. Hər halda o da Mövlanadan daha böyük şəxsiyyət deyil.
Musavat.com
Paylaş: