Xəbər lenti

 "“Bələdiyyə bir möhür idarəsidir!”. Ölkə başçısının tarixi bir müşavirədə dediyi bu sözləri, tam olaraq, Yasamal Bələdiyyəsinə şamil etmək olar. Bu möhür idarəsində möhür haralara vurulmayıb?!"

 

(İkinci yazı)

 

Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparıldığı deyilir. Bu barədə əldə etdiyi bilgiləri araz.az-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, buna səbəb, bələdiyyə başçısının rayon camaatıyla olduğu kimi, bələdiyyə üzvləri və qulluqçuları ilə də normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası, ölkə başçısının bu yöndən olan müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilməməsiylə bağlıdır. Ötən yazımız da, elə, bu barədə idi. Həmin yazıda qeyd etmişdik ki, bələdiyyə rəhbərinin yarıtmaz fəaliyyətinin acı nəticəsidir ki, artıq haqsızlığa məruz qalanlar daha təsirli addımlar atmağa məcbur olurlar ki, nəhayət, yuxarılarda onların səsini eşidən tapılsın -- axı, bu qədər dözmək olmaz!

 

Məlumatlı şəxs deyir ki, camaat Zakir Cəfərovun daha perspektivli və işgüzar birisiylə əvəzlənməsini, rayonun problemlərinin tez bir zamanda həll olunmasını tələb edir: "Onun komandasında təmsil olunan bəzi səlahiyyət sahibləri əhaliyə, əsasən də sahibkarlara "göz verib, işıq vermirlər". Hesab edirəm ki, bu vəziyyət çox davam edə bilməz. Artıq hamının səbri tükənmək üzrədir. Odur ki, aidiyyatı qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Çünki toplanmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Bu isə, tamam başqa məqamlardan xəbər verir: Büdcədən ayrılmış vəsaitlərin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunduğundan, xərclənmə düzgün aparılmır. Bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmədiyindən, görülən işlərə çəkilən xərclərlə, göstərilən rəqəmlər arasında ziddiyyət aydın nəzərə çarpır. Ən böyük yalan isə, küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlıdır.

Yasamal Bələdiyyəsində iş o həddə çatıb ki, Zakir Cəfərov 5 - 10 günlük məzuniyyətə gələn əsgərlərimizdən də, buraxılış vərəqəsinə bələdiyyə möhrünü vurmaq üçün, pul alır. Sanki, o, pul qazanmır, qan içir. Həm də, biləsiniz ki, o, yalançılıqda, şər-böhtan atmaqda, məsuliyyətsizlikdə də, tayı-bərabəri olmayan bir şəxsdir. Bunu, təkcə mən yox, bütün yasamallılar deyirlər.

Məsələnin maraqlı tərəfi ondadır ki, bu qədər narazılıqların mövcud olmasına baxmayaraq, Zakir Cəfərovun barəsində hələ də müvafiq ölçü götürülməyib.

Bu da, onunla izah olunur ki, o, yuxarılarda oturan nüfuzlu məmurlardan birinin adamıdır, uzun illərdən bəri dar məqamda onun adından istifadə etməkdən çəkinmir.

Lakin, bütün bunlara baxmayaraq, artıq yuxarılarda onun tutduğu vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gətirilib. Böyük ehtimalla, bələdiyyə başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq".

Məlumatlı şəxsin dedikləri ilə, jurnalist araşdırmalarımızın son nəticəsi üst-üstə düşdüyündən, qəti şəkildə demək olur ki, Zakir Cəfərovun göstərişi ilə, görülən bütün işlərdə qatı cinayət izləri açıq-aydın görünür: Dolmuş "barıt çəlləyi" bir gün partlamalıdır -- geci-tezi var!

Yasamalda kimdən soruşsan, hamı deyir ki, Zakir Cəfərov pul qazanmaqda mahirdir. Baxın, 2012-ci ildə Ağasəlim Nəsibov adlı bir vətəndaş bələdiyyə sədrindən onun "Mersedes" markalı xidməti maşınını sənədləşmə aparılmadan, nağd qaydada pulunu verərək, alıb. 3 il müddətində maşını adına keçirə bilməyib. Çox zülmlər çəkib. Zakir Cəfərov isə, bu 3 il ərzində Ağasəlim Nəsibovu bələdiyyədə özünün sürücüsü kimi sənədləşdirib, onun adına əmək haqqı, yanacaq, təmir pulu yazaraq, mənimsəyib. Əslində isə, bu maşından onu alan şəxs başqa bir təyinat üzrə istifadə edib. Xidməti maşının mövcudluğu barədə heç bələdiyyə isçilərinin məlumatı belə olmayıb. Sonda çoxsaylı xahiş-minnətlər olub və maşın Ağasəlim Nəsibova verilib.

Görünür, sədr bu metodla digər nəqliyyat vasitələrini də, şəxsi maraqları naminə illərlə istifadə edib, pul qazandıqdan sonra, saxta sənədlər əsasında balansdan sildirıb. Bu iyrənc yollarla, Yasamal Bələdiyyəsində yerli bələdiyyə büdcəsinin müstəqilliyinin, aşkarlığının və dolğunluğunun təməli pozulub. O vaxtdan, büdcənin şəffaflığını hec bir halda təmin etmək mümkün olmayıb.

Bələdiyyədə vergi ödəyicilərinin qeydiyyata alınması uçotunun aparılması da, biabırçı bir vəziyyətə çatıb. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq əmrləri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və ucotu ilə bağlı" Qaydalara riayət olunmayıb. Heç bir ödəyicidən vergilər nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ərizə forması doldurularaq, alınmayıb. Ödəyicilərə uçota alınmasını təsdiq edən vergi şəhadətnaməsi verilməyib. Bir sözlə, elə bir ödəyici tapılmaz ki, onun qeydiyyata durma barədə ərizəsi ola və orada sədrin və yaxud müavinlərindən birinin dərkənarı ola.

WhatsApp Image 2019-01-22 at 06.17.25.jpgYasamal Bələdiyyəsinin bələdiyyə torpaqlarının məqsədli təyinat üzrə istifadə edilməsi, torpaqların qanunvericiliyə və social ədalət prinsipinə uyğun olaraq mülkiyyətə, icarəyə və istifadəyə verilməsi, ərazi-idarəetmə şöbəsinin işi olmasına baxmayaraq, Zakir Cəfərov bütün bu işləri özünün şəxsi monopoliyasında olan vergi və ödənişlər şöbəsi vasitəsilə icra etdirərək, bütün sərəncam və icarə müqavilələrinə görə, vətəndaşlardan böyük məbləğdə pullar aldırıb, açıq-aşkar mənimsəməkdən çəkinməyib.

Bu da, özbaşınalığın daha bir iyrənc formasıdır ki, bələdiyyə adından verilən əmr, sərəncam və qərarlar işçilərdən gizli saxlanılır. Zakir Cəfərovdan soruşan gərəkdir ki, bu sənədlərin gizli saxlanılmasına səbəb nədir? Ona görə ki, işçinin işə götürülməsi ilə bağlı əmrlər, bütün sərəncamlar, təmir-tikinti, mal-material alınması və abadlıq işlərinin aparılması ilə, o cümlədən yardımlarla əlaqədar qəbul olunmuş qərarlar Zakir Cəfərov və onun müavini Habil Əhmədov üçün böyük gəlir mənbəyidir. Bütün bunlar ciddi araşdırılmalıdır. Burada heç kəsin öz vəzifə funksiyasını düzgün icra etməsinə imkan verilmir. Başçı qanuni yoxlamalar üçün də heç bir şərait yaratmır, nə istəyir, onu da edir.

Yasamal Bələdiyyəsinin büdcəsinə dövlət büdcəsindən ayrılan, yerlərdə sakinlərdən yığılan vəsaitlərin dağılması, israfçılıqla istifadə olunması, vəsaitin istifadə olunmasında şəffaflığın pozulması hallarının mövcudluğu əsl biabırçılıqdır. Yüz minlərlə vəsait, -- istər dövlət büdcəsindən ayrılan, istərsə də sakinlərdən yığılan vəsaitlər olsun, -- mal-material alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adıyla müxtəlif özəl şirkətlərə (firmalara) şişirdilmiş qiymətlərlə köçürülür və bu barədə saxta sənədlər tərtib edilməklə, həmin vəsaitlər nağdlaşdırılmaqla uçotdan silinərək, mənimsənilir.

Xüsusilə qeyd etmək lazımdır ki, görülən işlərin, xidmətlərin dəyəri dəfələrlə şişirdilir, yerinə yetirilməmiş işlərə görə, ödəniş edilir Bu cür qanunsuz işlərin görülməsində, saxta sənədlərin tərtib olunmasında keçmiş rabitə işçisi olan bələdiyyə sədrinin müavini Habil Əhmədovun müstəsna xidməti vardır. Yəni, bu cür saxta sənədləşmələr birbaşa onun tərəfindən icra olunur.

Məlumat üçün qeyd etmək lazımdır ki, bu cür qanunsuz yolla, saxta sənədlər əsasında müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesablarına köçürülmüş, nağdlaşdırılmaqla mənimsənilmiş pullar, cənab prezidentimiz demişkən, bələdiyyə möhürünün gücü sayəsində mənimsənilir.

Qeyd etmək lazımdır ki, Zakir Cəfərovun sədrliyi dövründə, xüsusilə, son 5 ildə, Yasamal Bələdiyyəsi ərazisində təmir-tikinti və abadlıq işləri heç bir əmək müqaviləsi olmadan, qanunsuz şəkildə, onun qardaş və qohumları tərəfindən görülüb. Zakir Cəfərov pul köçürülmüş şirkətlərin (firmaların) nə rəhbərlərini tanıyır, nə də yerləşdikləri ünvanları bilmir. O, sadəcə olaraq, saxta tərtib olunmuş sənədlərə imza atıb, möhür vurmaqla işini bitirmiş hesab edir. Nümunə olaraq, hər sahə üzrə bir neçə misal göstərmək lazımdır ki, sübuta ehtiyac duyulacaq heç nə qalmasın:

-- Yasamal Bələdiyyəsinin qanunsuz tikilmiş yeni 3 mərtəbəli inzibati binasına, onun nəzdində -- birinci mərtəbəsində qanunsuz fəaliyyət göstərən mərasim zalına və kafeyə, o cümlədən tikilməsi başa çatmış istehsalat sahəsinə görə alınmış mal-materiallara büdcədən nə qədər pullar silinib, eşidəndə, adam şoka düşür. İşi əsasən qanunsuz tikililərə nəzarətdən ibarət olan Yasamal Bələdiyyəsinin öz binası, qanunsuz inşa olunub. Yeni binanın ortada nə ünvanı var, nə sənədləri. Çoxlarına məlumdur ki, üçmərtəbəli bu binanın tikintisi zamanı düz 1 milyon 500 min manat pul mənimsənilib. Söz deyəndə, sənəd tələb edəndə isə, Zakir Cəfərov qorxub-cəkinmədən deyir ki, yaxşı edib, binanı özü tikib, istəsə, sata da bilər. Bu yerdə, onu da qeyd etməyi vacib bilirik ki, çoxdandır, bələdiyyənin mərasim zalı və kafesi (nəzarət-kassa aparatı olmadan qanunsuz fəaliyyət gostərir) bələdiyyə büdcəsinə heç bir xeyir vermədən, ancaq bələdiyyə sədrinin və onun muavini Habil Əhmədovun maraqlarına xidmət edir;

-- Məhəllədaxili abadlaşdırma işləri zamanı, xüsusən də, M. Rahim küçəsi, 20 ünvanındakı yaşayış məhəlləsi abadlaşdırılarkən edilən saxtakarlıqlar da, heç bir qanun və vicdan çərçivəsinə sığmır. Yerində baxış keçirilsə, açıq-aşkar görünər ki, saxta sənədlər tərtib etməklə, böyük məbləğdə nə qədər pullar silinib;

-- Asfalt örtüyünün salınması ilə bağlı silinmələr də, qatı cinayət faktlarıdır. Məsələn, 2-ci Alatavada heç bir sakini vergi ödəyicisi kimi qeydiyyata almadan, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun tədiyyə bildirişləri vermədən, orada yaşayan sakinlərdən kütləvi şəkildə torpaq və əmlak vergisi adı altında nağd qaydada böyük pullar yığılıb. Bu toplamalar, sədrin müavini Habil Əhmədovun rəhbərliyi altında həyata keçirilib. Əvəzində isə, həmin əraziyə asfalt örtüyü tökülməsi pərdəsi altında, dəyəri dəfələrlə şişirdilib, yerinə yetirilməmiş işə görə və saxta sənədlər müqabilində bələdiyyənin hesabından

hansısa firmaya (şirkətə) pullar köçürülərək, təkrar mənimsəmə aparılıb. Buna nə ad vermək olar?! Axı, bu sakinlərin əlində, alınmış pullarına görə, heç bir qanuni sənəd yoxdur. Ümumiyyətlə, bu cür vergi toplamalarını Azərbaycanın müvafiq qanunları da qadağan edir. Bir sözlə, həmin qanunlara görə, bələdiyyələr tərəfindən vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qəti qadağandır;

-- Ümumiyyətlə, Yasamal Bələdiyyəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27.11.2013-cü il tarixli, 1317040101613400 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı" Metodiki Vəsaitin "Yerli vergi və ödənişlərə nəzarətin həyata keçirilməsi və qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi" barədə 9-cu maddəsinin 9.5,9.6,9.7,9.8 bəndləri qanuna müvafiq qaydada icra olunmur. Belə ki, bütün bunların müqabilində, sakinlərə bələdiyyə sədrinin imzası və möhürü ilə təsdiq edilmiş xəbərdarlıqlar verilir. Həmin xəbərdarlıqlarda da, uçota durmamaqla əlaqədar sənədlər təqdim edilmədiyi təqdirdə, vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən, 40,0 man məbləğində maliyyə sanksiyası tətbiq ediləcəyi göstərilir. Görəsən, paylanmış minlərlə belə xəbərdarlıqlardakı 40,0 manat maliyyə sanksiyasından nə qədər bələdiyyə büdcəsinə vəsait daxil olub?! Əgər daxil olmayıbsa, nədən, bu, xəbərdarlıqlarda xüsusi qeyd olunur?! Demək, burada da, hansısa maraq var;

-- Ərazi idarəetmə şöbəsinin fəaliyyəti yox vəziyyətinə salınıb. Bir işçisi vergi və ödənişlər şöbəsinin işini görməklə məşğuldur, bir işçisi isə, işə çıxmır, adına əmək haqqı, mükafat və yardımlar yazılaraq, mənimsənilir. Şöbənin əsasnaməsi və işçilərin əmək funksiyaları bələdiyyənin 05.02.2015-ci il tarixli, 04 saylı iclasının qərarı ilə təsdiq olunmasına baxmayaraq, bu günə qədər icrasız qalıb. Bütövlükdə isə, ərazi idarəetmə şöbəsinin vəzifə səlahiyyətləri sədr Zakir Cəfərov və onun müavini Habil Əhmədov tərəfindən mənimsənilib. Şöbənin əmək funksiyasına aid bütün bələdiyyə iclasının mal-material alınması, təmir-tikinti və abadlıq işlərinin görülməsi ilə əlaqədar qəbul edilmiş bütün qərarları Habil Əhmədov tərəfindən gizlədilərək, şöbəyə təqdim edilməyib. Konkret səbəbi də, saxta tərtib olunmuş sənədləri, şişirdilmiş qiymətləri və pul köçürülmüş şirkətlərin (firmaların) adlarının bilinməməsi ilə bağlıdır. Bu yerdə, onu da qeyd etmək vacibdir ki, əvvəllər bu şöbəyə Mahir Kərimov ad-soyadlı alicənab və qanunlarımızı sevən bir şəxs başçılıq edib. Burada həyata keçirilən maxinasiya və saxtakarlıqlarla heç vaxt barışmayan bu şəxsi Zakir Cəfərov işdən azad etmək üçün, "min oyundan çıxıb". İş o yerə çatıb ki, hətta, sədr "maliyyə qıtlığı" adıyla şöbəni ləğv edərək, onu işdən kənarlaşdırıb. İki aydan sonra isə, həmin şöbə yenidən bərpa olunub. Sədr bu şöbəni də, öz adamının ixtiyarına verib;

-- Bələdiyyənin ümumi söbəsinin mövcudluğundan danışmaq olmaz -- başı bəladadır! İş otağından didərgin salınan, heç bir işin sahibi olmayan maliyyə və uçot şöbəsinin baş iqtisadçısının nədən susması da, müəmmalıdır. Axı, onun əmək funksiyasında böyük səlahiyyətləri var! Deyəsən, işə çıxmayan işçilərin adına əmək cədvəlində iş saatı yazan ümumi şöbənin müdiri də, özünü hansı bəlaya saldığını dərk etmir?! Hüquqşünasın verilən əmr və sərəncamlardan bixəbər olması da, adama qəribə gəlir;

-- Sözün əsl mənasında, Yasamal Bələdiyyəsində idarəedicilik yox dərəcəsindədir. Təsəvvür edin, Zakir Cəfərov və onun yaxın ətrafı vəziyyəti o həddə çatdırıblar ki, bələdiyyə üzvləri bələdiyyə qulluqçularını, bələdiyyə qulluqçuları bələdiyyə üzvlərini doğru-dürüst tanımırlar. Hansı tərəfdən soruşsan ki, beş-on nəfərin ad-soyadını dəqiq desin, bunu bacarmaz. Dəhşət ondadır ki, inzibati binada bələdiyyənin 5 yerli -- sosial, büdcə,

iqtisadi inkişaf, ekologiya və hüquq məsələləri daimi komissiyalarının sədr və üzvlərini də tanıyan yoxdur. Bu da, bələdiyyə sədrinin yarıtmaz fəaliyyətinin lap acı nəticəsidir!..

Bələdiyyədəki bu cür dözülməz və acınacaqlı durumla əlaqədar, sədrin keçmiş müavini, hal-hazırda isə, Respublika Şəhər Bələdiyyələri Assosiasiyasında işləyən Əli Əkbərli də, xidməti məktubla Zakir Cəfərova müraciət edərək, təcili tədbirlərin görülməsini və mövcud qanunvericiliyin tələblərinə uyğun yerli özünü idarəetmənin qurulmasında əməli işlərin başlanmasını təklif edib. Lakin onun da müraciətinin müsbət nəticəsi olmayıb. Zakir Cəfərov əməli iş görmək əvəzinə, bələdiyyəni daha da iflic vəziyyətinə salıb. Əli Əkbərlini "burunlamaqla", onu da işindən uzaqlaşdıra bilib.

Əgər xatırlayırsınızsa, cənab prezident 20 may.2015-ci il tarixli tarixi bir müşavirə zamanı dedi ki, “Bələdiyyə bir möhür idarəsidir”. Bu sözləri, tam olaraq, Yasamal Bələdiyyəsinə də şamil etmək olar. Bu möhür idarəsində möhür haralara vurulmayıb?!

Ümid etmək olar ki, bu qədər yazışmalardan sonra, Zakir Cəfərov tərəfindən iflic duruma salınan Yasamal rayon Bələdiyyəsini, nəhayət, acınacaqlı mövcud durumdan çıxaran bir səlahiyyət sahibi tapılacaq. Bu yerli idarəetmə orqanında da, qanunlarımızın icrası tam təmin ediləcək, yığılan vəsaitlərinin istifadə olunmasında şəffaflığın pozulması hallarının qarşısı alınacaq, vəzifə funksiyaları əllərindən alınmış şöbələr və bir qrup əməkdaş öz hüquqlarını tezliklə əldə edəcək, gizlədilməsi deyilən bütün sənədlər -- əmrlər, sərəncamlar, qərarlar... tezliklə üzə çıxarılacaq.

 

(Araşdırmalarımız davam edir. Yazının davamı olacaq).

 

Məhi ELSEVƏR,

araz.az saytının xüsusi müxbiri




Ana səhifəyə qayıt        Baxış: 1 325          Tarix: 22-01-2019, 22:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma