Xəbər lenti

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli ilə geniş müsahibədə ölkənin sosial-iqtisadi durumu ilə bağlı müstəqil ekspertlərin vaxtaşırı qaldırdıqları problemlərdən danışmışıq. Millət vəkli bu günə qədər cavabsız qalan bir çox suallara aydınlıq gətirib, öz arqumentlərini səsləndirib. 

Strateq.az müsahibəni oxucularına təqdim edir.

 

“Biz Rəşid Mahmudovun statistikası ilə işləyək, yoxsa dövlətin, beynəlxalq təşkilatların?”

 

– Hadı müəllim, Sizinlə müsahibəyə ondan zərurət yarandı ki, ölkənin iqtisadi göstəriciləri, büdcə məsələləri, pensiya islahatları, məşğulluq, Vergi Məcəlləsində dəyişikliklər və s. məsələlərlə bağlı müstəqil ekspertlərin rəyləri, tənqidi fikirləri, arqumentləri cavabsız qalıb. İstərdik ki, bu barədə hökumətin mövqeyini açıqlayasınız. Ondan başlayaq ki, bu ilin dövlət büdcəsindən ayrılan sosialyönümlü xərclər real problemlərin həlli üçün adekvatdırmı?

– Birincisi, sosial siyasət strategiyalarında belə bir baxış mütləq olmalıdır – komporativ təhlil. Müqayisə, təhlillər aparanda çox şey aydın olur. Əlbəttə, belə müqayisəli təhlillər aparılanda məlum olur ki, sosial siyasət sistemi və sosial müdafiə istəyi tükənməzdi. Biz indi qaçqın və məcburi köçkünlərə mənzillər veririk. 20 il bundan əvvəl bunu təsəvvür edə bilərdinizmi? O zaman biz nə istəyirdik? Vaqonlar, çadırlar olsun və s.

 – Əlbəttə, indi dövlətin imkanları 20 il əvvəllə müqayisədə qat-qat artıb…

– Bəli, dövlətin imkanları məhdud idi, amma başqa səbəblər də var idi. Zaman keçdikcə, istəklər də artır, reallıqlar da nəsə diqtə edir. Ona görə də sizin dediyiniz büdcə mənim istəklərimə cavab verə bilməz. Bütövlükdə cəmiyyətin bütün təbəqələrinin də istədiklərinə cavab verməz. Bu gün Amerikanın da büdcəsi əhalinin tələblərinə tam cavab vermir. Dünyanın əksər ölkələrini sosial müdafiə xərcləri baxımından təhlil etsək, onlar da aşağıdan gələn istəklərə tam cavab verə bilmirlər. Bu gün Azərbaycanın dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Ötən illə müqayisədə büdcənin həcmi artıb, səhiyyəyə ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir, rəqəmləri danmaq olmaz. İndi gördünüzmü komporativ baxışla hansı mənzərə yaranır?

Çox təəssüf ki, bizdə qara eynəklə də baxış var. Bu zaman başlayırlar real göstəriciləri təhrif eləməyə. Mənim mətbuata müsahibəm var. Orada jurnalist soruşur ki, “Hadı müəllim, siz demişdiniz ki, pensiyada olanların orta yaşı 77-dir, bu, doğru deyil. Rəşid Mahmudov deyir ki, 59-dur”. İndi mən deyirəm, biz Rəşid Mahmudovun statistikası ilə işləyək, yoxsa dövlətin, beynəlxalq təşkilatların?

– Büdcədən ən böyük xərc tikinti sektoruna ayrılır. Sosialyönümlü sahələrə gəldikdə, bu sektorun ayrı-ayrı istiqamətlərinə ayrılan xərclər, xüsusən pensiya, müavinətlər və s. real yaşam şərtlərinə nə dərəcədə uyğundur?

– BMT-nin qəbul etdiyi yaşayış minimumuna görə, günə 1 dollardan az qazanan yoxsul hesab olunur. Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları  var. Bunlardan da minimum əməkhaqqı formalaşır. Bu rəqəmlər bizim İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə edirik, bəzi fikirlərimiz nəzərə alınır, bəziləri də yox. Götürüb mənim adımdan yazmışdılar ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif, özü də qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər ailəyə yardım veriləcək, bu yaxşıdır. Amma təhrif elədilər. Bütövlükdə yaşayış minimumu rəqəmləri Dövlət Statistika Komitəsinin rəqəmləri, İqtisadiyyat Nazirliyinin hesablamaları əsasında müəyyən edilir. Orta rəqəm 180 manatdır, bu da bir nəfərə götürəndə çox da pis rəqəm deyil.

 

“Keçid dövrü davam edir”

 

– Hadı müəllim, hamımız eyni ölkədə yaşayırıq və yaşam şərtləri də məlumdur. Orta aylıq əmək haqqını ailə üzvləri arasında bölüşdürəndə çox dramatik bir vəziyyət yaranır. Faktiki gəlirlər xərcləri ödəmir, kommunal haqlar, ərzaq qiymətləri bahadır. Çox maraqlıdır, adını çəkdiyiniz dövlət qurumları rəqəmlər müəyyənləşdirəndə real qiymətləri niyə nəzərə almırlar? Ümumiyyətlə, hökumətin vətəndaşlar üçün təyin etdiyi rəqəmlər dövlətin imkanlarından çox aşağıdır. Bu nə ilə bağlıdır?

– Gəlin, məsələyə bir qədər real yanaşaq. Bizim rayonlarda nə qədər insanlarımız ünvanlı yardım alır? Müavinət alanlar var, yaxud Qarabağ əlilləri, şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisi aparılır. Nə qədər belə vətəndaşlara dövlətdən dəstək var. Bunun adı nədir? Sosial müdafiə sistemi. Bəs yaşayış minimumu necə, tələblərimizi ödəyirmi? Biz onu nə qədər artırsaq da, reallıqlar var. Bu məsələlər parlamentdə müzakirə olunanda mən başda olmaqla millət vəkilləri rəqəmlərin artırılmasını istəmişik. Demişik, rəqəmlər artan tələbatlara və bazara uyğun gəlməlidir.

– Bəs nə mane olur?

– Biz Maliyyə Nazirliyinin qarşısına rəqəmlər qoyuruq. Mən demişdim, yaşayış minimumu artsın, əməkhaqqı bu rəqəmə uyğun olsun. Amma onlar bizə deyirlər: Hadı müəllim, sizin dediyiniz sözün maliyyə yükü var. Gəlin, görək, dediyiniz rəqəmləri büdcəmizdə yerləşdirə bilirikmi?

– Amma büdcəyə başqa çox böyük xərclər yerləşdirilir. Məsələn, tikinti, infrastruktur xərcləri…

– Tikintiyə qoyulan xərclər əvvəlki illərlə müqayisədə xeyli azalıb.

– Nə qədər nəzərdə tutulur?

– Onu mən indi dəqiq deyə bilmərəm.

– Təxminən büdcənin 40 faizi civarında bir rəqəmdir…

– Yox, elə deyil, investisiya qoyuluşu başqadır, tikinti sektoru başqa. Azərbaycanda bəzi sahələrə vəsait ayrılması ilbəil azalır. Məsələn, səhiyyə sahəsinə 70 faiz artdı, bəzi sahələrdə tikintilərə xeyli azaldı. Mən istəyirəm reallığa uyğun danışım. Bizim guya iqtisadi, siyasi, ən başlıcası isə populist ekspertlərimiz var, onlar deyirlər ki, maaşlar, məsələn, 32 faiz artırılmalıdır. Necə qaldıraq? Gəl, hələ bir hesablayaq. Burada iki yol görünür. Birincisi, büdcə gəlirləri artmalıdır. Nəyin hesabına? Vergi, gömrük və s. Başqa yol verginin artırılması, büdcədən qənaətlə istifadə olunmasıdır. Ona görə də istəklə imkanlar üst-üstə düşməlidir.

– İndi populyar olan mövzulardan biri kölgə iqtisadiyyatının həcminin azaldılması, vergiyə cəlbetməni artırmaqdır. Artıq yeni Vergilər Məcəlləsi qüvvəyə minib. Hökumətin hədəfi bu yolla neftsiz büdcə gəlirlərini yüksəltməkdir. Müstəqil ekspertlər hesablayırlar ki, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi təxminən 60-70 faizdir. Maraqlıdır, hökumət ötən illərdə niyə kölgə iqtisadiyyatını leqallaşdırmaq haqqında düşünmürdü?

– Birincisi, rəqəmlər siz dediyiniz həddə deyil. İkincisi, dünya praktikasında vergiyə cəlbetmənin səviyyəsi 60 faiz olanda yaxşı rəqəm hesab olunub. Məsələn, Amerikada vergidən yayınmanın yolları ilə bağlı hətta kitablar da buraxırlar.

– Çox populyar olurlar…

– Bəli, elədir. Azərbaycanda 10 ildən artıqdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var. Sosial sığorta, elektron vergi sistemi ilə bağlı bir sıra addımlar atıldı. Mən qeyri-populyar olsa da, deyim: keçid dövrünün öz qaydaları var. Çin müdrikləri deyiblər ki, “Ay Allah, məni keçid dövründən qoru!”

– Bizdə rəsmən elan olunub ki, keçid dövrü bitib. Neçə il keçmək olar?

– Xeyr, bəzən bir neçə on illərlə bu və ya digər formada davam edir keçid dövrü.

– Bizimlə eyni vaxtda keçmiş SSRİ-dən çıxan ölkələrin bir çoxu keçid dövrünü sürətlə keçdilər…

– Məsələn, hansı ölkələr?

– Uzağa getməyək, Gürcüstandan misallar gətirək. Bu ölkənin iqtisadi inkişafı çox dinamikdir, bütün reytinqlərdə bizi üstələyirlər. Təəssüf ki, artıq Ermənistan da bəzi sahələrdə bizi qabaqlamağa başlayıb…

– Bunlar görüntülərdir. Biz gəlin, görüntüləri, reklam elementlərini reallıqla müqayisə edək. O zaman ciddi fərqlər görərsiniz.

 

“Cahangiri, o birisini salıblar türməyə, başqasını işdən çıxarırlar”

 

– Bunlar mübahisə doğurmur. Elə MDB Statsitika İdarəsinin məlumatları da bunu göstərir…

– Mən Rusiyadan təzə gəlmişəm. Rusiyada kölgə iqtisadiyyatı var, korrupsiya da, ciddi problemlər də. Biz keçid dövrünün qaydaları ilə yaşayırıq. Görün, nəyə nail olmuşuq? Kütləvi surətdə kapitalistin, varlının, sahibkarın, hətta məmur övladlarının imicini korlayan, qara yaxma işlərlə məşğuluq. Ölkədə hamının diqqəti ona yönəlib ki, ay kimsənin milyonu var, ay o korrupsionerdir, dağıdır və s.

– Bu dediklərinizin real əsasları yoxdur ki?

– Real olanları da var. İndi gəl, bu adamların hamısını dama basaq, o zaman iqtisadiyyat olacaqmı? Kim quracaq o iqtisadiyyatı? Keçid dövrünün öz şərtləri var. ABŞ-da ötən əsrin 30-cu illərində böyük böhranla bağlı, yəqin, məlumatın var. O zaman mövcud olan bütün kapitalın necə qazanılması ilə bağlı ciddi suallar vardı. Rokfellərə sual verirlər ki, var-dövləti necə qazanmısan? O demişdi ki, gəlin, birinci milyonumu soruşmayın, sonrası haqqında məlumat verə bilərəm. Rusiyada 90-cı illərdə hansı proseslər getdi? Yaxud Türkiyədə mərhum prezident Turqut Özalın “özəl” proqramı haqqında eşitmiş olarsız. Özal ölkənin qapılarını açıb dünyaya çağırış elədi: kimin pulu varsa, gətirib ölkəyə yatırım eləsin, heç kim onlardan deklorasiya tələb etməyəcək. Şərait yaratdı ki, oğurlanan pulları iqtisadiyyata yatırılsın, iş yerləri qurulsun, imkanlar yaransın, pul ölkədən çıxarılmasın. İndi nəyə gəlirik, son illər ərzində nə qədər addımlar atılıb? Məsələn, “ASAN Xidmət” yaranıb, bununla nə qədər neqativ halların qarşısı alınıb? Yaxud ölkə Prezidentinin fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında  “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyinin) yaradılması nə qədər pozitiv addımdır. İndi deyirsiniz ki, niyə bunu əvvəl eləmirdiniz. Çünki eləmək çox çətin idi, praktik olaraq mümkün deyildi.

– Nə mane olurdu ki?

– Hər şey mane olurdu. Bunun üçün gərək zaman yetişə, dünya prosesləri buna uyğun gələ, bazar işləyə, cəmiyyət bu sistemə uyğunlaşa, adamlar yetişə.

– Bəs qanunlar?

– Qanunlar da elə. Cinayətə yol verənləri polis, prokurorluq həbs edir.

– Etiraf edək ki, Azərbaycan iqtisadiyyatında məmurların himayə etdikləri şirkətlər dominant olub. Ölkədə pul, ticarət dövriyyəsinə bu və ya başqa şəkildə məmurlar himayədarlıq və nəzarət ediblər. Elə bu səbəbdəndir ki, kifayət qədər zəngin olan ölkədə bir nəfər də olsun, rəsmi milyonçu yoxdur. Bəlkə problemin kökünü buradan axtaraq?

– Yox, mən bu fikirlələrlə birmənalı şəkildə razı deyiləm. Burada solçuluq fikirləri yer alır. Mən inkar eləmirəm ki, bəzi məmurlar himayədarlıq etməyiblər. Bu, keçid dövrünün elementləridir. Amma gəlin, belə danışaq: “İmişlili tikinti tikənlər”. Bu adı eşitmisən?

– Bəli, bina tikirlər…

– Və ya yüzlərlə fərdi sahibkarlar, imkanlı qurumlar. Nə qədər belə şirkətlər var. İndi deyirsiniz, məmurlar, onların övladları… Ola bilər, kimsə atasının himayəsi ilə biznes qurub. Amma baxaq, nə qədər başqa müsbət addımlar atılır, kiçik sahibkarlığın inkişafına “yaşıl işıq” yandırılır. Bütün imkanlar yaradılır ki, kiçik və orta sahibkarlığın inkişafı ilə Azərbaycanda orta təbəqə formalaşsın. Zaman-zaman bizdə korrupsionerlər həbs olunur, nazirlər də işdən çıxarılır və problemlər zaman-zaman həll olunur.

– Nazirlər işdən çıxarılanda məlum olur ki, sən demə, dövlətin bir sahəsini elə bu məmur iflic edibmiş…

– İflic deyəndə, bura bax, neynəyiblər ki? İş yeri yaradıblarsa, ölkə büdcəsinə vəsait gətiriblərsə, qanunları pozmayıblarsa, bu yaxşı haldır.

– Dövlət əmlakının talanması, qulluq mövqeyindən istifadə edib var-dövlət toplamaq, ölkə xaricinə külli miqdarda pul transferi və s…

– Bunun da cəzasını alırlar. Cahangiri, o birisini salıblar türməyə, başqasını işdən çıxarırlar və s. ciddi, kəskin tədbirlər görülür.

 

“Necə ola bilər ki, qara qazanın içindən ağ paltarda adam çıxsın?”

 

– Hesablama Palatasının illik hesabatlarında dövlət qurumlarında baş verən korrupsiya və vəzifədən sui-istifadə halları ilə bağlı ciddi tədbirlər görülmür. Prokurorluğa çox az sayda işlər göndərilir, məmurlara danlaq, tənbeh cəzaları verilir, elə bil tərbiyə müəssisəsidir. Halbuki onların törətdiyi əməllər Cinayət Məcəlləsinin predmetidir…

– Belə hallara qarşı tədbirlər görülür, ola bilsin, sizin diqqətinizdən yayınıb. Burada, məsələn, büdcənin dağıdılması faktları ilə bağlı o vəsaitlər hökmən büdcəyə qaytarılır və günahkarlar mütləq cəzalandırılır.

– Belə hallar var, amma çox azdır və adekvat deyil…

– Bir həqiqət var ki, dövlət başçısı həmişə ortaya iradə qoyur, islahatlar aparılır. Görürsünüz, yeni gənc kadrlar irəli çəkilir. Məsələn, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirləri yeni adamlardır. Burada olmaz ki, kiçik, neqativ halları çıxsaq, hansısa ciddi problemlər olsun. Beləliklə, keçid dövrünün problemləri zaman-zaman aradan qaldırılır və bu bizi sevindirir ki, Azərbaycan düzgün yoldadır. İdarəetmədən, dövlət quruculuğundan xəbəri olmayan “Facebook”çular, səhifəçilər, qışqırıq atanlar, zurnaçılar Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Dünyada bu yolla heç vaxt inkişaf olmayıb. Mən səmimi danışıram, Quran da başımın üstündədir, heç nəyi yalan demirəm. Mənim dediklərimin heç birində yalan yoxdur. Bir həqiqət var ki, ölkə başçısı məşğulluğun leqallaşmasına tərəfdardır, kiçik və orta biznesə dəstəkdir, qayda-qanun olmasını istəyir, korrupsiyaya qarşı mübarizə aparır. Belə neqativ elementlərə qarşı mübarizə apararkən bütün  cəmiyyəti tutub dama basmaq olmaz. Məsələlərin həllinə mütləq vaxt tələb olunur. Reallıqlar bəzi qərar və qanunları diktə edir. İctimai şüuru ictimai varlıq təyin edir. Necə ola bilər ki, qara qazanın içindən ağ paltarda adam çıxsın? Sən də deyirsən ki, tutmaq lazım idi.

– Bəs qanunun aliliyi?

– Bəli, qanunların aliliyi qorunur. Zaman-zaman onlar dəyişdirilir, yeniləşir, əlavə və düzəlişlər aparılır. Son zamanlar bu istiqamətdə nə qədər addımlar atılıb? Məsələn, sosial müdafiənin gücləndirilməsi, pensiya haqqında qanunlar dəyişdirilib. Zaman göstərdi ki, hansı qanunlarda boşluqlar var, biz də onunla bağlı qərarlar verdik. Bu gün DOST Agentliyi 124 sahə üzrə xidmət göstərəcək. “ASAN Xidmət” 50-yə yaxın dövlət qurumunun işini görür.

– Hadı müəllim, idarəçiliyin təkmilləşdirilməsində, xidmət sektorunda müsbət addımlar təqdir olunmalıdır. Amma…

–  O zaman nədən danışaq? Müsbət məqamlardan danışmırıqsa…

– Problemlərdən, onların həlli yollarından danışaq…

– Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluqla bağlı nə qədər işlər gördü.

– Bu qurumu camaata verilən arıq, xəstə heyvanlara görə ciddi tənqid elədilər…

– Minlərlə verilən sağlam heyvanlar diqqətdən yayınır, bir-iki neqativ hal şişirdilir, bilərəkdən gündəmə gətirilir. İndi bütün görülən müsbət işlərin hamısının üstündən xətt çəkək?

– İdda etmirik ki, hamısı belədir…

– Orada 5 dənə belə hal varsa, 55 dənə hal yaxşıdır axı. Belə olmaz, mən bunun tərəfdarı deyiləm. Mən necə ki, bir-iki neqativ halları deyirəm, hesab edirəm, yüzlərlə müsbət tədbirlər də qeyd olunmalıdır.

 

“Azərbaycanda orta ömür 75,2 yaşdır”

 

– Bayaq pensiya sahəsində görülən mütərəqqi addımlardan danışdınız. Pensiya yaşı 65-ə qaldırılıb, amma son zamanlar şəxsən mənim tanıdığım insanlardan 62 yaşı  keçmədən dünyasını dəyişənlərin sayı daha çox olub. Bunu bütün müşahidəçilər deyir. Bu dəyişikliyi nə dərəcə adekvat və doğru saymaq olar?

– Mən tamamilə bununla razı deyiləm.

– Axı bu reallıqdır, ətrafda hər kəs bunu görür.

– Nə olar görəndə? Mənim 72 yaşım var.

– Maşallah, gümrahsız…

– Səhər idman edirəm. Mən gün ərzində nə qədər gərginlik içində oluram. Dünən 46 nəfəri qəbul etmişəm. Azərbaycanda orta ömür, rəsmi statistikaya görə, 75,2 yaşdır.

– Bu, nə qədər real rəqəmdir?

– Beynəlxalq təşkilatların qəbul etdiyi, statistikanın verdiyi rəsmi rəqəmdir.

– Bizim statistikanın doğruluğuna həmişə böyük şübhə var…

– Siz hər şeyə şübhə gözü ilə baxmayın! Niyə şübhə olsun ki?

– Çünki elə götürək işsizliklə, məşğulluqla bağlı yaydığı rəqəmləri…

– Yox, işsizlik başqadır, məşğulluq başqa. Yaş mövzusu da ölkə üzrə ümumiləşən rəqəmdir.

– Milli Məclisdə cəmi 125 adam var, amma biz ölkə miqyasından danışırıq…

– Elə o 125 adam təmsil edir də ölkəni. Ola bilər, 40, 50, 60 yaşında dünyasını dəyişənlər var. Amma Azərbaycanda orta ömür 75,2 yaşdır. Bu, mənim dəqiq statistikamdır. Azərbaycanda ölüm azalıb, orta yaş artıb. Doğum da azalıb, mən onu da deyirəm. Beləliklə, qadınların orta ömrü kişilərə nisbətən daha yüksəkdir. Pensiyaların məbləğinə gələndə, dünyada bir proses var. Azərbaycanda bu məqsədlə ayrılan vəsaitin 37 faizini biz dövlət büdcəsindən transfert edirik. Bəs Sosial Sığorta Fondu bunu yığıb verməlidir axı, görürsüz yığa bilmir.

– Kölgə iqtisadiyyatının yaratdığı problemdir…

– Bayaq dedim də. Kölgə iqtisadiyyatı leqallaşdırılır. Tibbi sığorta tətbiq ediləndən sonra bu göstəricilər daha da azalacaq. Hansı nəticəyə gəldik? Adamı tutub dama basmaqla deyil ki? İndi TƏBİB Xidmətinin tətbiqindən sonra nə qədər problem həll olunacaq. ASAN, DOST, TƏBİB sistemləri nə qədər problemləri həll edir, ölkə başçısı bütövlükdə idarəetmə sistemini dəyişir.

– Hadı müəllim, bu proses çox ləng getmir ki?

– Dünya təcrübəsi göstərir ki, bu sistemdə inqilabi dəyişiklik eləmək olmaz.

– 25 il böyük zamandır axı…

– Nə danışırsan?! 25 il keçid dövrü üçün, dövlət quruculuğu üçün nədir ki?

– Amma qonşu ölkələr keçid dövründən danışmırlar…

– Polşada keçid dövründə şok terapiyası elədilər. Sovet dövründən sonra buraxdılar hər şeyi başlı-başına ki, bazar özü müəyyən eləsin. Bir il millət qırğının içində oldu. Azərbaycanda onu etmək olmazdı. Nəyə görə? Qarabağ probleminə, bizə qarşı qoyulan embarqolara görə. Bir milyon qaçqın-köçkün olduğu ölkədə inqilabi addım atmaq olardı? Biz təkamül yolunu seçdik. Büdcədən hər il şəhid ailələrinə, qaçqın-köçkünlərin probleminə, ordunun saxlanmasına milyardlarla vəsait ayrılır. Bu vəsaitləri indi əhalinin sosial müdafiəsinə yönəldə bilsəydik, nələr əldə etməzdik?

– Gəlin, buna korrupsiyanı, ölkədən çıxarılan milyardları da əlavə edək. Onlar da olmasaydı…

– Ölkədən çıxarılan pul var, amma ölkəyə daxil olan pul da var axı. Düzdür, bank sistemindəki ciddi pozuntuları və digər neqativ vicdansızlıqları inkar etmək olmaz. Çox təəssüf ki, saytlar, bəzi araqızışdıran, düşmən saytlar yalan və iftiralara daha çox üstünlük verirlər.

– Başqaları da çıxarıb…

– Bu barədə mənim məlumatım yoxdur, bilmirəm nədir. Amma onu bilirəm ki, bugünkü reallıqlar çərçivəsində ölkədə görülən işlər müsbət tendensiyalardır. Amma bəzi saytlarda nə işlə məşğuldurlar? Mənim şəklimi şəhid ailəsi ilə yanaşı qoyurlar. Bununla bilirsiz nə etmək istəyirlər?

– “Qara piar”?

– Yox, bununla cəmiyyəti qızışdırmaq, hökumətin üstünə qaldırmaq istəyirlər. Bunu məmurlar, prezident və onun ailəsi haqqında da edirlər. Bu gün ərəb ölkələrini, onlarla digər sabitlik olan dövlətləri, lap elə son günlər Venesuelanı kim o günə qoyub?

–  Düzgün olmayan idarəçilik…

– Xeyr! Amerikanın barmağı var orada. Amerikaya qulaq asmır onların prezidenti. Bax, budur səbəb.

 

“Avropa İttifaqı tələb edir ki, Mehmanı burax, amma niyə bizim Qarabağ problemini həll eləmir?”

 

– Bəs bizdə kimin barmağı var?

– Elə ona oxşar ermənisevər dövlətlərin  barmaqları var. Niyə Qarabağ problemini həll etmirlər? Avropa İttifaqı tələb edir ki, Mehmanı burax, amma niyə bizim Qarabağ problemini həll eləmir? Onlar maraqlıdırlar ki, bizi əsarətə salsınlar. Onların diqtəsi ilə oynayaq, oturaq-duraq.

– Gəlin onu da deyək ki, Avropa İttifaqından, başqa beynəlxalq təşkilatlardan bizə çoxlu sayda islahat təklifləri, proqramları tövsiyə olunur. Ölkə iqtisadiyyatının, siyasətinin bütün sahələri ilə bağlı belə təşəbbüslər var. Bunun üçün qrantlar və s. başqa dəstəklər göstərilir. Biz onları rədd etdikcə, tənqidlər artır. Nəticədə ölkə geri gedir…

– Elə deyil.

– Məsələn, Gürcüstan bu çağırışları qəbul edir və sürətlə önə çıxır. Bu yaxınlarda MDB-nin bir qurumu istisadi göstəricilərlə bağlı stastistik məlumat açıqlamışdı, orada Azərbaycan axırdan ikinci ölkə idi. ÜDM-in artım səviyyəsində, maaş, pensiyaların həcmində və s. Bilirsiz də, illik iqtisadi artım cəmi 0.8 faiz göstərilir…

-Maraqlıdır bəs siz nə üçün Davos Dünya İqtisadi Forumunda ölkəmizin “Doing Business” hesabatında 2019-cu il üçün 32 pillə irəliləyərək, 25-ci yeri tutmasını deməyək?

– Vaxtilə Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 75 faizinə sahib idi. Bizim nəhəng iqtisadi potensialımız, resurslarımız, ən başlıcası, insan potensialımız var. Yerləşdiyimiz coğrafi mövqe bizi postsovet məkanında ən əhəmiyyətli ölkələrədən birinə çevirib. Amma bu qədər imkanların müqabilində əhalinin yaşayış səviyyəsində, insan inkişafı indeksində çox geri qalırıq…

– Tamamilə razı deyiləm. Bu, ancaq qara eynəklə baxanda belə görünür. Bəziləri xoşa gəlmək üçün belə danışırlar. Heç vaxt nöqsan və çatışmazlıqları deyib, yaxşı işlərin üstündən xətt çəkmək olmaz.

– Arqumentlərinizi deyin, zəhmət olmasa.

– Arqumentin birini deyim: mən bu günlərdə Rusiyadan qayıtmışam. Orada əhalinin maaşı dolanışığa çatmır, bazarlarda alıcılıq kəskin səviyyədə düşüb, rublun məzənnəsi sabit deyil və s.

–  Ağır sanksiyalar altındadır bu ölkə…

– Bəli, sanksiya altındadır. Məqsəd nədir? Rusiyanı idarə etmək.

– Bu, qlobal toqquşmadır, ziddiyyətlərdir, bizimlə birbaşa bağlılığı yoxdur…

– Gəlin şəhərə çıxaq, insanlarla danışaq, geyimlərinə, dolanışıqlarına baxaq. Bu gün bizdə dilənçi kökündə yaşayan adamlar yoxdur.

– Niyə olmalıdır axı?

-Yoxdur belə şeylər. Azərbaycan mənim gözümdə dolanışıq, sabitlik, əmin-amanlıq baxımından bütün postsovet ölkələrinə nümunədir. Mən istəyirəm, insanlar bir az da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Mən həmişə çıxışımda bunu demişəm, prezidentimiz də bunu istəyir. Populist danışanlara hamı əl çalır, amma onların əlindən bir iş gəlmir, ancaq mən nəsə edə bilirəm. Şəhid ailələri ilə bağlı məsələ… Zamana ehtiyacı olan məsələ idi. Prezidentimiz araşdırdı, növbəti humanist addım atdı. Bu məqsədlərə büdcədən bütövlükdə 350 milyon vəsait ayrıldı. Əvvəllər sığorta haqqını almış 2700-dən çox şəhid varislərinə və 462 polis şəhidinə də bu fərman şamil olundu.

 

“Oxuculardan ən böyük xahişim budur ki…”

 

– Ölkənin başqa problemləri barədə də danışaq. Ölkədə il ərzində təxminən 115-120 min nəfər gənc orta məktəbi bitirir. Onların təxminən 60 min nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunur. Qalan 60 minə yaxın gənc isə taleyin ümidinə buraxilir. 10 ildə bu, 600 minlik bir ordu deməkdir. Bunların nə təhsili, nə peşəsi, nə də gəlir mənbəyi var. Dövlət bu kütlə ilə necə kontakt qurur?

– Çox düzgün problemi qoyursunuz. Bu gün Azərbaycanda iş yerləri yaratmaq, məşğulluğu təmin etmək ölkə rəhbərliyinin əsas prinsipidir. Bir tərəfdən yeni iş yerləri yaradılır, leqallaşdırma aparılır, digər tərəfdən statistika dürüstləşdirilir. Başqa tərəfdən, dünyada aktual olan əmək miqrasiyası məsələsi var. Əgər sənin bazarında əmək ehtiyatlarına yer yoxdursa, qura, yarada bilmiriksə, əlbəttə, əmək miqrasiyası normal haldır. Biz buna pis baxmamalıyıq. Əmək miqrasiyasını sistemləşdirməli, strukturlaşdırmalı, koordinasiya etməliyik. Bu günlərdə regionların 2014-2018 ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının yekunlarına həsr olunmuş konfransda da möhtərəm prezidentimiz bu mövzulara toxundu və qarşıda duran yeni vəzifələri səsləndirdi.

– Sovet dövründə o təbəqəni dövlət peşə təhsilinə çəkirdi, fabriklərə, zavodlara göndərirdi…

– Peşə təhsili sistemi artıq ölkədə geniş vüsət almağa başlayıb və burada əlaqələndirmə sistemi də yaranır, o biri məsələlər də zaman-zaman həll olunur.

– Amma çox zəif gedir proses…

– Nə edəsən, belə də olar. Əvvəllər ləğv elədilər, dedilər lazım deyil. Amma indi gərəkli olduğunu reallıqlar diktə edir.

– Siz parlamentdə cənub regionunu təmsil edirsiniz. Orada əhali sıx məskunlaşıb, işsizlik də adekvat olaraq çox yüksəkdir. Bölgədə insanlarla görüşüb danışırsız, həyatlarını müşahidə edirsiniz. Səmimi deyin, dövlətin bugünkü imkanları ilə o insanların aşağı səviyyəli həyat tərzi arasındakı kontrastı nə ilə əlaqələndirə bilərsiniz?

– Əlbəttə, ölkədəki bəzi mövcud problemlər orada özünü göstərir! Yeni iş yerlərinin yaradılmasına ehtiyac var, dövlətin bu istiqamətdə görəcəyi işlər, əlbəttə, çoxdur. Prezidentimiz çalışır ki, kənd təsərrüfatı, turizm inkişaf etsin. Həm də ona görə ki, bu sahələr əməktutumludur, daha çox insanın işlə təmin olunmasına şərait yaradır. Amma boşluqlar da var, dövlət çatdıra bilmir. İkincisi, populyar və qeyri-populyar olan iş yerləri var. Adam 8-ci sinfi bitirib, fermada yox, mühafizəçi işləmək istəyir. Nəyə gəlib çıxdıq? Peşə təmayüllü məsələlər, peşələrə maraq pis təşkil olunub. Bu günlərdə prezidentimiz kənd təsərrüfatında gənc könüllülərlə görüşdü. Macarıstanda, Serbiyada bu məsələlər çoxdan var. Torpağa, kəndə bağlı olmaq lazımdır. Cənub bölgəsində insanların həyat tərzi heç də siz deyən kimi aşağı deyil. Onlar zəhmətkeşdirlər. Burada əmək miqrasiyasının da rolu böyükdür.

– Yeri gəlmişkən, kəndlərdə əhali torpaqları əkə bilmir, nəticədə iri torpaq sahələri bir əldə cəmləşdirilir, aqroparklar və s. iri torpaq sahbləri yaranır. Bu, aqrar sahənin inkişafı ilə bağlı nə dərəcədə doğru yanaşmadır?

– Lənkəranda torpaq azdır. Hərəsinin 10-12 sot torpağı var, heç kim onu əkmək istəmir. Biri əski kolxoz sistemi kimi, adamlar birləşib təmərküzləşmiş qaydada bu işləri görməlidirlər.

– Niyə istəmir?

– Digər yol investordur, pul qoyub, böyük bir ərazidə intensiv təsərrüfat yaradıb, əkmək istəyir. İndi neynəyək, sahibkarlar da əkməsinlər?

– Yox, torpağı olanları da maraqlandıraq ki, əksinlər…

– Subsidiya, güzəştli kreditlər, dövlət dəstəyi – hər şey var, təmin olunur.

– Məsələn, bazar yoxdur və ya düzgün idarə olunmur…

– İndi bazar da var, hər şey də, hətta Kənd Təsərrüfatı Nazirliyində əlaqələndirici qurum yaradılıb.

– Azərbaycan cənubdan İranla qonşudur. Yeri gəlmişkən, statistikaya görə, ötən il bizdən bu ölkəyə gedənlərin sayı 70 faiz artıb. Problem odur ki, normal münasibətdə olduğumuz bütün qonşularla sərhəddə insanların normal ticarət aparmaq imkanları məhdudlaşdırılır. Normalda sərhəddə hər iki ölkənin əhalisi bir-birindən dolanır. Bizdə buna niyə imkan verilmir?

– Problemlərin obyektiv və subyektiv səbəbləri var. Birincisi, ölkənin ərzaq təhlükəsizliyi kimi prioriteti var. Özümüz istehsal etdiyimiz halda, niyə kənardan gətirməliyik? Bu, dünyada qəbul olunmuş qaydadır. Biz öz bazarımızı qorumalıyıq. İkincisi, ola bilsin, subyektibiv müdaxilələr var. Amma son vaxtlar gömrükdə nə qədər islahatlar aparılıb, problemlər həll olunub. Qalan məsələlər də həllini tapacaq.

Sonda mənim Sizdən ən böyük xahişim: populizm xətrinə danışmadığımızı, Sizi çox halda kəskin təkzib etdiyimi səmimi qəbul edəsiniz. Bütün söylədiklərimin kökündə bir fikir durur. Ölkədə səsləndirdiyiniz bəzi nöqsanlar, görünür, diqqət mərkəzindədir, zaman-zaman aradan qaldırılır. Sizin oxuculardan ən böyük xahişim budur ki, biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılılıqla, bir də deyirəm, hamılıqla birgə çalışaq və xalqımızın xoşbəxt gələcəyinə xidmət edək!

Söhbətləşdi:

Elçin Rüstəmli

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 611          Tarix: 30-01-2019, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma