Xəbər lenti

 

Azərbaycanda insanların ən çox şikayət etdiyi məsələlərdən biri hüquq mühafizə orqanlarının qanunun keşiyində durmaqdansa, cinayətlərin artmasını təşviq etməsi və bundan öz mənfəətləri üçün faydalanmasıdır. Məhkəmə, polis, prokurorluq və s. orqanların ən kiçik xətalarımızı dördgözlə izləyən rüşvət mexanizmi halına gəldiyi heç kimə sirr deyil. Maraqlıdır ki, bu ölkədə kiçik inzibati xətalara görə xəbərdarlıq edilmə hallarına ya ümumiyyətlə rast gəlinmir, ya da nadir hallarda xəbərdarlıq almaqla canımızı qurtara bilirik.

İnzibati xətaların “ən gəlirli biznes sahəsi” olması hökumətimizi necə şirnikləşdiribsə, təkcə hansısa məmurların deyil, dövlət büdcəmizin açıqları belə cərimələrlə doldurulmağa çalışılır. Nazirlər Kabinetinin bu yaxınlarda qəbul, Prezident İlham Əliyevin isə ləğv etdiyi məşhur “meşə sərəncamı”nda hətta ağac yarpaqlarından pul qazanmağa çalışan hökumətimizin bu niyyəti lap məşhur deyimi xatırladırdı: “yumurtadan yun qırxmaq”.

Azərbaycanda hər kəsin gözü qarşısında “yumurtadan yun qırxan” peşə sahələrindən biri də yol polisliyidir. Sanki sürücüləri qaçınılmaz xətalara sürükləmək üçün tez-tez dəyişdirilən yol hərəkəti nişanları, yol polisi maşınlarının gözə görünməz tinlərdə durub qaydaları pozan sürücüləri yaxalamaq cəhdləri insanın gözündə Afrika cəngəlliklərindəki aslan ovu səhnələrini canlandırır. Eynilə Afrika aslanları kimi, yol polislərimiz də hər kəsin gözü qarşısında dayanıb sürücüləri xətalardan yayındırmaqdansa, yol kənarında ən gizli, gözəgörünməz guşələrə çəkilib qurbanlarını gözləməyi tərcih edirlər.

Çox uzatmadan sözümüzün mustafasına keçərsək, maraqlı yazıları və video-çıxışları ilə bir sıra problemləri gündəmə gətirən Elçin Qurbanovun son facebook paylaşımı da məhz bu mövzuya həsr olunub. Yol polislərinin “qanunsuz yollarla qanun pozuntusu” axtardığını qınayan video-çıxışı Ovqat.com oxucularına təqdim edirik:

İzləmək üçün tıklayın.




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 12-02-2019, 08:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma