Xəbər lenti

 O GECƏ
O gecə
Dodaqlarımız görüşürdü,
Duyğularımız öpüşürdü...
Ətrafımız ərşə çəkilirdi.
Yeni aləmin toxumu əkilirdi.

O gecə
Çəkisizliklə göyə qalxırdıq.
Bakirə sevgi qanadları taxırdıq.
Biz işıq selində çimirdik,
Yerə enmə istəmirdik.

O gecə
hər şey məhəbbət qoxurdu,
Hisslərin sükutu,
Lay-lay oxuyurdu.

O gecə
İkimiz üçün icarəyə alınmış
bir cahan idik.
Əllərin, göylərin
vəfa imtahanı idi.
Biz şəffaf, çox incə idik.
Artıq iç-içə idik-
Özümüz o gecə idik...

“Həyalı şeir”
Gələn yuxuları qamarla,
Ağ işığı,
mavi yuxuları tumarla.
gecənin şansını qamarla...
Sevgi dənizində xumarlan.

Kasıblığa yorğan et
varlı varlığımızı.
Səhərəcən uzat
bəxtiyarlığımızı.

...Qoy yuxuların üstünə
Oyaq ayıqlığımız “əsnəsin”.
Dodaqlarımızın,
Vücudlarımızın birləşməsində
körpə simfoniyası səslənsin.

Beləcə səhər boyu uzansın
Gecə rəngli eşq pərdəsi
üstümüzə salınsın...
və bizə
yuxusuzluq laylaı çalınsın.

Lay-lay, yuxular, lay-lay,
Bal-bal duyğular, lay-lay,
O nöqtəsiz şeirlər,
Ahəng, vurğular, lay-lay.




Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 7-03-2019, 22:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma