Xəbər lenti

 Xalid KAZIMLI

Keşikçidağ ətrafında baş verən hadisələrdən bəhs edərkən hissləri qızışdırmağa qalsa, sözü dolandırıb, bəzəyib-düzəyib, elə şeylər yazmaq olar ki, qanında bircə damcı qeyrəti olan hər kəs savaşa hazır olar.

Amma ağıl-kamal, soyuq düşüncə pıçıldayır ki, təmkinli və soyuqqanlı olmaq lazımdır, qızışqanlıq etmək, düşünülməmiş addım atmaq olmaz. Bir fincan qəhvənin 40 illik xətri olduğu kimi, iki qaşıq qanın da 40 illik kini var.

“Sərhədçinin əlindən silahını alan təxribatçı yerindəcə güllələnməliydi” demək, hətta o təxribatçını güllələmək asandır, amma bu qanlı olayın  sonrakı nəticələrini təsəvvür etmək çox çətindir.

Həmin əsgər can hövlüylə və ya hissə qapılaraq təxribatçını güllələsəydi, hiddətlənərək üstünə gələn başqalarını da güllələməli olacaqdı. Nəticədə 20-30 adam öləcək, sərhəddə qətliam baş verəcəkdi.

Bundan sonrasını, gəlin, bir yerdə proqnozlaşdıraq. Zatən, bizim qədər qızışqan, bizdən beş qat artıq təkəbbürlü və əsəbi gürcülər ələ keçirdikləri günahsız azərbaycanlıları öldürəcəkdilər - həm də sərhəddə ölənlərin iki misli qədər. “Qafqaz vendetteası” belə tələb edir.

Lap hər iki dövləti idarə edənlər dərhal münaqişəyə müdaxilə etsələr də, artıq ox yaydan çıxmış, iki xalq arasına qan düşmüş olacaqdı. Ondan sonra hansı dinc, yanaşı yaşamaqdan, mehriban qonşuluqdan söhbət gedə bilər?

Korun-korun közərən düşmənçilik vaxtaşırı alovlanacaq, yeni-yeni canlar alacaqdı, iki millətin iç-içə yaşaması mümkünsüz olacaqdı. Yeni köçlər... yeni qaçqınlar dalğası... yeni-yeni iddialar...

Bu, bizə sərf edir? Etmir. Çünki bizim regionda ən azı bir qan-namus düşmənimiz var. Bir-iki də gizli, üzə gülən, amma dövlətimizi xor görən düşmənə malikik.

Bəs bir qotur məbədə görə Azərbaycanla düşmən olmaq Gürcüstana sərf edirmi? Etmir. Çünki bu xalq abxazlarla düşməndir, osetinlərlə düşməndir, ruslarla düşməndir, çeçenlərlə dost deyil, acarlarla, ermənilərlə intriqalıdır və s. Regionda gürcülərə diş qıcamayan cəmi iki xalq var - Azərbaycan və Türkiyə türkləri.

Yeni savaş halında onların ikisi də birdən gürcülərlə düşmənçiliyiə başlasa, bu dövlətin halı necə olar? Qaz və neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu, “Sınıq körpü”-"Sarp" sərhəd-keçid məntəqələri arasında hərəkət edən minlərlə TIR dayansa, bunlardan Gürcüstan büdcəsinə gələn milyonlarla dollar olmasa, bu dövlət hansı günlərə qalar? Zatən, boğazları Rusiyanın əlindədir və Cavaxetiya erməniləri əllərində xəncər fürsət gözləyirlər.

Bu baxımdan gürcülər ağıllı olmalıdırlar və öz millətçi-fanatik-təxribatçı qruplarını yerlərində oturtmalıdırlar.

Azərbaycan tərəfdə belə bir problem yoxdur. Burada dövlət strukturları ölkəmizi qonşu ölkə ilə düşmən etməyə çalışan hər bir qrupu dərhal zərərsizləşdirə bilir.

Belə görünür ki, Gürcüstan tərəfi ya buna qadir deyil, ya da gizli şəkildə bu cür təxribatçı aktları dəstəkləyir.

Ümid edək ki, birincidir. Hərgah belədirsə, bu zaman Gürcüstan rəhbərliyi son sərhəd olayından sonra silkinib özünə gəlməli, anlamalıdır ki, iki gün öncə yanan kibrit çöpünü benzin çəninin bir addımlığında söndürmək mümkün olub və bunu Azərbaycan əsgəri edib. Əks təqdirdə böyük bir partlayış baş verər, alovu çox adamı yandırardı.

Burada üçüncü qüvvənin (dövlətin) qızışdırıcı rolunu da inkar etmək olmaz. 2 ay öncə alovlanmış və söndürülmüş ocağın Putinin Gürcüstan telekanılnda söyülməsindən dərhal sonra yenidən və gözlənilmədən alışması adamı şübhəyə salır.

Bir şeyi də nəzərə almaq lazımdır ki, baş verənlər bir qrup təxribatçının, millətçinin iştəkləridir, bunu bütün gürcü xalqının hərəkatı kimi qələmə vermək olmaz. Bu xalqın içində mehriban qonşuluq münasibətlərinə dəyər verənlər qat-qat çoxdur. Eks-prezident Mixail Saakaşvili vaxtilə Azərbaycanın dar gündə Gürcüstana etdiyi yaxşılığı hər fürsətdə dilə gətirir.

Bir də sosial şəbəkədə “gürcülər ermənidən də pisdir” deyə bir ifadə dolaşır. Olduqca yanlış düşüncədir. Bu, qan, namus düşmənlərimizi duru suya çəkmək deməkdir. Ermənilər 30 mindən artıq insanımızı öldürüblər, 60 min vətəndaşımızı yaralayıblar, 1 milyona yaxın əhalimizi didərgin salıblar, minlərlə kəndimizi, 10-a yaxın şəhərimizi yandırıblar, yüzlərlə qız-gəlinlərimizi zorlayıblar. Hələ bunun Xocalı genosidi var...

Bütün bu cinayətləri bir səfeh, başıxarab gürcünün 19 yaşlı əsgərimizin əlindən güllə darağını almasıyla eyni tərəzinin gözünə qoymaq, ikincini birincidən “daha betər” saymaq olarmı?

Sadəcə, biz bura qədər çox təmkinli, səbrli davranmışıq, buradaca durub bir az da hövsələ etməliyik. Amma buradan geriyə yol yoxdur. Savaşa qalarsa, bizim gücümüz, qüvvətimiz daha ötədir. Şimala, cənuba, şərqə yolumuz açıqdır, blokadada qalmarıq. Qoy bütün qonşularıyla müharibə vəziyyətində olan, dörd yanı sarılmış durumda qalanlar narahat olsun.




Ana səhifəyə qayıt        Baxış: 442          Tarix: 17-07-2019, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma