Saatlıda Nabatkənd sakinləri su qıtlığından əziyyət çəkir. Nəinki pambıq sahələrini suvara bilmir, hətta içməyə də keyfiyyətli su tapmırlar. Dəfələrlə dövlət orqanlarına üz tutub, kömək istəyən kənd sakinləri deyir ki, axırda məcbur olub, təxminən bir həftə öncə etiraz aksiyası keçiriblər.
"Məmurlar bizim suya şərik olurlar”
Kənd sakinləri danışır ki, ayrı-ayrı məmurlar hektarlarla yeri zəbt edib, əkin sahələri salıblar. Su o ərazilərə yönləndirildiyinə görə Nabatkəndə gəlib çatmır. Kənddəki kanalın dibində bir az su var, adamlar 200-250 manat xərc çəkib motor alır, bu yolla əkin sahələrini suvarmağa çalışır.
Kənd sakinlərindən Kamran Əmirov danışır ki, su problemini əvvəllər də yaşayıblar, amma bu il vəziyyət lap ağırlaşıb:
"Məmurlar nə qədər torpağı ələ keçirib, suyu öz sahələrinə yönəldiblər. Öz əkin yerlərinə görə bizim suya da şərik olurlar. İstəsələr, alternativ kanallar çəkə bilərlər. Çəkmirlər, bizi də susuz qoyurlar”.
Susuzluqdan təkcə Nabatkənddə əziyyət çəkmirlər. Qonşu Nizamikənddə, Çolpuda da eyni problemlər yaşanır. Nabatkənd camaatı danışır ki, Bəhrəmtəpədə suyun çoxluğunu müşahidə edirlər, amma kəndlərə gəlib çatmır. Pambıq sahələri susuzluqdan yanır. Məhsul zay olur, adamların zəhməti hədər gedir. Kənddə deyirlər ki, hətta mal-qara da susuzluqdan qırılır.
“İcra başçısının müavini narazılığı görüb qaçdı”
Kənd camaatı etiraz aksiyası keçirəndən sonra Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev Nabatkəndə gəlib. İcra nümayəndəliyinin qarşısında insanlara problemi həll edəcəklərinə söz verib.
Kamran Əmirov deyir ki, həmin vəd söz olaraq da qalıb:
“Vədi yerinə yetirmədilər. O gün camaatın ağzından od tökülürdü. İlham Quliyev gördü ki, çox adam gəlib, narazılıq böyükdü, danışdı, tez çıxıb getdi. Elə bir problem yoxdu ki, həlli olmasın. Sadəcə, həll eləmək istəmirlər. Dünən kənddə yanğın baş verib, yanğınsöndürən maşın su tapmayıb istifadə etməyə”.
Nabatkənddə yaşayan Tahir Həsənov icra başçısının müavini ilə görüşdə iştirak edə bilmədiyinə görə təəssüflənir. Bildirir ki, ona deyiləsi çox sözü var:
“Yonca sahələri suvarılmalıdır, su yoxdur. Ancaq motorlardan istifadə edirik. Mənşəyi məlum olmayan zinə suyundan istifadə etməli oluruq. Bunun torpağa yalnız zərəri var. Kür çayından su gətirmək layihəsi var, neçə il əvvəl icra hakimiyyətinə təqdim olunub. Amma heç kim üzərində işləmir. 25-30 il əvvəl kanal vasitəsilə Kür çayından bizə su gəlib çıxırdı. O xətti tamam məhv elədilər. Araz çayında su olanda bizə verirlər. Kürlə əlaqəmiz tamam kəsilib”.
Tahir Həsənov deyir ki, pambığa vaxtında su verilməlidir. Pambıq əkib, cəmi bir dəfə suvara bilib. Halbuki birinci dəfə suvarılandan uzağı 20 gün keçəndən sonra yenidən suya ehtiyac var: “Pambığın mövsümüdür, azı üç dəfə su vurulmalıdır. Mən on gün qabaq bir dəfə su vermişəm. Adam var, əkdiyi pambığa heç su verə bilməyib. Belə getsə, məhsul görməyəcəyik. Qoza yetişmir, əziyyətin zay olur. Mən pambığa zinə suyu verdim. Şirin su verə bilməmişəm. Fərq böyükdür. Məhsuldarlığa ciddi ziyan dəyir”.
“İçməyə su tapa bilmirik”
Kamran Əmirov deyir, pambıq bir yana qalsın, heç içməyə su tapa bilmirlər. Əhali məcburiyyətdən zinə suyu istifadə edir: “Çənlərə vururuq, durulmağını gözləyirik. Əslində, içiləsi su deyil”.
Kənddə danışırlar ki, su çox keyfiyyətsizdir. Əvvəlki illərdən çox fərqlənir. Bir az qalan kimi iylənir:
"Təsəvvür edin, insanlar belə suyu içmək məcburiyyətindədir. Əlbəttə, əgər tapsalar. Adamların içməli su ehtiyatı qurtarıb. Torpağın dərin qatlarından çıxarmaq üçün quyu qazırlar, oradan da su çıxmır. Çox acınacaqlı vəziyyət yaranıb..."
Paylaş: