Xəbər lenti

 

Dünən Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi İsmayıl Şıxlının vəfatının ildönümü qeyd edildi.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili, professor Nizami Cəfərov Azərbaycan ədəbiyyatına məşhur “Dəli Kür” romanı ilə damğa vuran və öz dövrünün ədəbi mühitini bu əsərlə sehirləyən İ.Şıxlı yaradıcılığı ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatındakı yeri olduqca özünəməxsusdur. Ismayıl Şəxlı “Dəli Kür”lə, klassik standartlarla, klassik yazı tərzi və ideyalarla Azərbaycan nəsrinə yeni bir məzmun gətirdi. Əgər o vaxta qədər yazılan romanlarda daha çox müasilik axtarışı var idisə, bu müasirlik axtarışları heç cür klassikləşmirdisə, İ.Şıxlı “Dəli Kür”lə, klassik standartlarla sübut etdi ki, ən böyük müasirlik klassikadır.

“Dəli Kür” uzun müddət bizim ədəbiyyatımızda, nəsrimizdə elə bir hadisəyə çevrildi ki, hətta zənnimcə Səməd Vurğunu da izah elədi. Yəni nəsrlə S.Vurğun yaradıcılığının mahiyyətini, estetikasının izahını verdi. S.Vurğunun müasir dövrdə anlaşılmasında, dərk olunmasında İ.Şıxlının “Dəli Kür”ü ən böyük şərhçi oldu.  S.Vurğun yaradıcılığının mahiyyətini dərk etmək və onun müasirliyini təsdiq etmək baxımından bu izah olduqca vacib idi.

“Dəli Kür”ün yaranması ilə Azərbaycan nəsrində olan və onun inkişaf magistralını müəyyənləşdirə bilməyən axtarışların qarşısnı aldı və əsl ədəbiyyatın yolunu göstərdi.

İ.Şıxlıdan sonra Azərbaycan nəsri onun arxasında getmək ehtiyacı hiss etdi. Dan ulduzunu necə izləyirdilərsə, İ.Şıxlıdan sonra onun yolu da eləcə izlənildi, onun müəyyənləşdirdiyi oriyentasiya üzrə hərəkət edildi.

İ.Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki yeri xüsusi və stratejidir. Bu yer, bu mövqe o qədər də güclü olmaya bilərdi, əgər onun böyük şəxsiyyəti olmasaydı. İ.Şıxlı sübut elədi ki, böyük ədəbiyyatı böyük şəxsiyyətlər yarada bilər. İ.Şıxlı Azərbaycan tarixində öz dövrünün ən böyük şəxsiyyətlərindən biri oldu. Ümummilli liderimiz Heydər Əliyevin İ.Şıxlıya münasibəti də bu həqiqəti təsdiq edir. H.Əliyevin onun dəfnində iştirakı, onun haqqında böyük nitq söyləməsi buna nümunədir. Bu, o dövr idi ki, həmin vaxt Azərbaycan dövlətçiliyi qurulurdu. Bu məsələdə İ.Şıxlının rolunun qiymətləndirilməsi onun yaradıclığı ilə yanaşı, həm də şəxsiyyətinə verilən siyasi qiymət idi”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 27-07-2019, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma