Xəbər lenti

 

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bacanağının oğlu Nicat Qarayevin maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Vaqif müəllim, bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə sizin və ailə üzvlərinizin qohumunuz - bacanağınızın oğlu Nicat Qarayevlə əlbir bəzi maliyyə fırıldaqçılığında iştirakınız barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

- İlk başdan deyim ki, həqiqətən mənim çoxsaylı bacanaqlarımdan biri Maarif Qarayevdir və onun Nicat adlı oğlu var. Məsələ burasındadır ki, mənim və ailə üzvlərimizin bacanağım və onun oğlu ilə təmaslarımız yox dərəcəsindədir. Onun nə işlə və kimlərlə gördüyü işlərdən xəbərsizik, ola bilsin və çox ehtimal bu belədir, o həqiqətən kimləri isə dələduzluq yolu ilə aldadıb. Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır.

Bu fırıldaqçılıq barədə sizdə əvvəldən məlumat vardımı?

- Təxminən iki həftə bundan öncə mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu və zəng edən şəxslər Nicata böyük məbləğdə “faiz”ə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim və şikayətləri barədə hüquq- mühafizə orqanlarına müraciət etmələrini tövsiyyə etdim.

Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməklə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər.

O ki qaldı Nicatın əməllərinə, hər kəsin qohumları arasında müxtəlif amallı və əməlli adamlar ola bilər, bütün yaxın-uzaq qohumlarının bunda nə suçu ola bilər?

Onu da deyim ki, bizə olan telefon zənglərindən və danışmalardan sonra uyulun 15-də oğlum Orxan ailəmizin reputasiyasına təhdidlərə görə rəsmi olaraq Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayətlə müraciət edib, sual edirəm, şikayətçilər niyə bunu etmirlər, xəbəri ictimailəşdirirlər?

Nicat Qarayevin "Azfen" BM şirkətində çalışması və bu şirkət vasitəsi ilə böyük məbləğdə pulların nağdlaşdırılması barədə nə deyə bilərsiniz?

- Bu absurd fikirdir, "Azfen" 20 ildən çox müddətdə SOCAR və "Tekfen" şirkətlərinin təsisçiliyi ilə yaradılmış şirkətdir və ölkəmizdə həyata keçirilən ən böyük layihələrin mühüm iştirakçılarından biridir. Şirkət müvafiq qaydada səhmdarlar tərəfindən idarə olunur, hər il audit olunur, vergi orqanları tərəfindən yoxlanılır. Şirkətlə bağlı absurd fikirləri yalnız bəsit düşüncəli adamlar danışa bilər. Onu da deyim ki, şirkətin işgüzar etibarına xələl gətirməyə görə yoxlanmamış məlumat yayılması məsuliyyətini unutmaq lazım deyil.

Fürsətdən istifadə edərək kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət etmək istəyirəm, yoxlanılmamış, qərəzli məlumatın yayılmasına yol verilməsin, heç bir əsası olmayan xəbəri öncə yayıb, sonunda qarşı tərəfin mövqeyini dinləməyə hazırıq məntiqini qəbul etmək mümkün deyil.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 31-07-2019, 02:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma