Xəbər lenti

 

Müqəddəs məchula doğuşun mübarək, ata! Səndən heç vaxt keçmiş zamanda danışa bilməmişəm.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycanın məşhur xanəndəsi Səxavət Məmmədovun hazırda Amerikada yaşayan oğlu Bəxtiyar Məmmədov atasının vəfatının 28-ci ildönümü münasibətilə yazıb.

Atası ilə çəkdirdiyi fotosunu da paylaşan B.Məmmədov onu bu sözlərlə yad edib:

“Səninlə heç doyunca danışmağa imkanım olmadı. Sənə çox ehtiyacım olanda çoxdan getmişdin. Zaman-zaman yoxluğun çox yer etdi, bəzən çox arzuladım, kaş yanımda olaydın. Amma qısa ömründə özündən sonra qoyub getdiyin sevgi, hörmət, sağlığında qazandığın rəhmət ən böyük dayağım oldu. Sənin sənətkar kimi dəyərin bir başqa, amma insan kimi, kişi kimi mərd, səxavətli, vətənpərvər, əsl el-oba adamı olmağın, hamımızdan daha çox torpağına bağlı olub, bu gün də orda uyumağın səni hamımız üçün əlçatmaz bir zirvə etdi. Bilmirəm, bəlkə də sağ olsaydın, sənə bu gün çox şey daha çətin gələrdi, bəlkə də onları yaşamamaq üçün, yaşaya bilməyəcəyin üçün daha tez ayrıldın aramızdan. Səndən sonra da bu torpağın çox qeyrətli oğlu sənin getdiyin məchula qədəm qoydu. Onları, səni düşünüb hər mənada təskinlik tapıram... Müqəddəs məchula doğuşun mübarək!”

Qeyd edək ki, 23 oktyabr 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açan Azərbaycanın məşhur xanəndəsi Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da, 37 yaşında avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı onun dəfn edildiyi kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra isə kənd işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı isə hazırda onun Bakıdakı evinin həyətindədi




Ana səhifəyə qayıt        Baxış: 289          Tarix: 30-09-2019, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma