Xəbər lenti

 

GünAz TV: Tehranın Evin zindanında məhkumluq həyatı yaşayan xristian keşiş Yusif Nədərxaninin övladları xristian olduqları üçün məktəbə buraxılmayıblar. Nədərxaninin buna etiraz əlaməti olaraq, sentyabrın 23-dən aclıq aksiyasına başladığı deyilir.

 

Onun övladları- 15 yaşlı Hana və 16 yaşlı Yoel xristian olduqlarına görə, Quran və islami dərslərdə iştirak etməyiblər. Məktəb bunu bəhanə edərək, onların yuxarı sinifə keçmələrinə icazə verməyib. Eləcə də, Nədərxaninin böyük övladı Danielə dərslərdə qonaq şagird kimi iştirak edə biləcəyi deyilsə də, bu günə qədər ona 9-cu sinifi bitirməklə bağlı şəhadətnamə verilməyib.

 

Yusif Nədərxani dəfələrlə övladlarının xristianlıq dininə etiqad etdiyini bəyan etsə də, rəsmilər uşaqların müsəlman olduğunu və buna görə də, islami dərslərdə iştirak etmələrinin icbari olduğunu bildirirlər. Bundan öncə də bir dəfə məktəblər onun övladlarını məktəbə qəbul etməkdən imtina etmişdilər.

 

Xristianlıq dininə sonradan etiqad etməyə başlamış Yusif Nədərxani barəsində 2017-ci ildə 10 il həbs və 2 il Sistan və Bəlucistan əyalətinə sürgün hökmü çıxarılıb.

 

O, 2009-cu ildə də Rəşt şəhərində saxlanmış və “dinini dəyişmə”, “digər müsəlmanları da xristianlığa etiqad etməyə çağırma”, “gizli ev kilsəsi təşkil etmə” və “islam dini ilə açıq-aşkar müxaliflik” kimi ittihamlarla edam cəzasına məhkum edilmişdi. Qərb dövlətləri və beynəlxalq insan haqları təşkilatlarının kəskin reaksiyasından sonra Nədərxaniyə qarşı elan edilmiş ittihamlar “dövlət əleyhinə təbliğat”la dəyişdirilmiş və bundan sonra o, 3 il həbsə məhkum edilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 30-09-2019, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma