Xəbər lenti

 

Oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının medal və fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib.

Ali Məclisin Sədri deyib: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik haqqında Konstitusiya Aktını qəbul edərək dövlət müstəqilliyini və suverenliyini bütün dünyaya bəyan etdi. Həmin gün siyasi tariximizə Müstəqillik Günü kimi daxil oldu. Hər bir xalqın ən böyük nailiyyəti onun dövlət müstəqilliyidir. Lakin tarix dəfələrlə sübut edib ki, müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqillik yolu qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması ondan da çətindir.”

Qeyd olunub ki, ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı proqramlar, müasir iqtisadi potensialın formalaşdırılması, sosial-mədəni həyatın canlandırılması və milli dəyərlərin dirçəldilməsi gələcək müstəqilliyimizin təmin olunması üçün əsaslı zəmin hazırlamışdı. Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi, muxtar respublikada müstəqil dövlətçiliyimizin əsaslarını yaratması isə yenicə qazandığı müstəqilliyi itirmək və parçalanmaq təhlükəsi yaşayan Azərbaycanın nicatına çevrildi. Ulu Öndərimizə tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar tərəfindən ünvanlanmış 1992-ci il 16 oktyabr tarixli “Azərbaycan sizi gözləyir” müraciəti də xalqımızın siyasi iradəsinin ifadəsi idi. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitlik bərqərar olundu, müstəqilliyimiz və dövlətçiliyimiz möhkəmləndirildi.

Ali Məclisin Sədri deyib: Ulu öndər Heydər Əliyevin yolu Azərbaycanın müstəqillik və inkişaf yoludur. Bu gün dahi şəxsiyyətin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi altında dövlət müstəqilliyimiz daha da möhkəmlənmiş, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmiş, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi təmin edilmişdir. Muxtar respublikadakı inkişaf və bu inkişafa insanlarımızın verdiyi töhfə bir-birini tamamlayır. Bu gün dövlət mükafatları təqdim olunanlar da öz sahələrində fərqlənən, müstəqilliyimizin möhkəmlənməsində və ölkəmizin inkişafında özünəməxsus payı olan insanlardır.

Ali Məclisin Sədri dövlət müstəqilliyimizin və torpaqlarımızın qorunmasında həyatını qurban verən şəhidlərimizin xatirəsini yad edib, şəhid ailələrini, veteranları, Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələrin şəxsi heyətlərini, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Müstəqillik Günü münasibətilə təbrik edib, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda hər kəsə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təqdim edib.

Təltif olunanlardan Ruxsarə Hüseynova, Səhnə Bağırova, Şükufə Əhmədova, Fatma Mustafayeva, Yusif Fərzəliyev, Vüsal Ələkbərli, Nadir Cəfərov, Taleh İbrahimov, Fərhad Bədəlov, Bilqeyiz Əkbərova, Səyyad Həsənov, Malik İsmayılov, Aynur Abbasova, Elsevər Əliyev, Şəmsiyyə Əsgərova və Atikə Quliyeva əməklərinə verilən yüksək qiymətə görə çalışdıqları kollektivlər adından minnətdarlıq edib, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıblar. Qeyd olunub ki, müstəqil dövlətimizin inkişafı, bütün sahələrə göstərilən qayğı səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Qarşımızda duran əsas vəzifə bundan sonra da ölkə Prezidenti tərəfindən davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına töhfə verməkdir.

“Tərəqqi” medalı ilə təltif olunan Murad Heydərov deyib: “Müəllim əməyinə verilən qiymət, müasir məktəb binalarının tikilməsi bütün təhsil işçilərini ürəkdən sevindirir. Çalışdığım Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey də müasir tədris avadanlıqları ilə təchiz olunub. Bu da bizə dərsləri daha yaxşı tədris etməyə imkan verir. Eyni zamanda, göstərilən etimad məsuliyyətimizi artırır. Söz veririk ki, bundan sonra da səylə çalışacaq, Vətənimizə layiqli vətəndaşlar yetişdirəcəyik”.

Sonda xatirə şəkili çəkdirilib.




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 18-10-2019, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma