"Anaklia layihəsi Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri kimi Gürcüstan üçün strateji əhəmiyyətə malikdir".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava yerli Birinci kanalın efirində yayımlanan "Sərbəst baxış" proqramında bildirib.
Nazir qeyd edib ki, hər iki boru kəməri Gürcüstanın təhlükəsizliyinə töhvə verən əsas amillərdən olub: "Gürcüstan ərazisində həyata keçiriləcək istənilən iri regional layihə ölkənin təhlükəsizliyi və sabitliyini möhkəmləndirəcək. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri Gürcüstanın ərazisindən keçib, lakin layihələr ölkəyə məxsus deyil. Bu layihələr regional əhəmiyyətə malikdir və dəhlizin bütün ölkələri onların təhlükəsizliyində maraqlıdır. Anaklia layihəsi ilə də bağlı vəziyyət eynidir”.
N.Turnava deyib ki, bu yaxınlarda keçirilən beynəlxalq Tbilisi İpək Yolu Forumunda bir çox ölkə nümayəndələri Gürcüstanda dərin dəniz limanının tezliklə inşa edilməsində maraqlı olduqlarını bildiriblər: "Layihə yalnız bizim deyil, digər ölkələrin də maraqlarına cavab verir. Buna görə də belə iri miqyaslı regional layihə həyata keçiriləndə ölkə üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, bu cür layihələr ölkənin strateji cəlbediciliyini artırır, təhlükəsizlik və müstəqilliyini gücləndirir".
Paylaş: