Xəbər lenti

 

 

Ovqat.com-un məlumatına görə, 04 noyabr 2019-cu il saat 14:00-da Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "NƏSİMİ-650" adlı layihə çərçivəsində klassik Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə  "Nəsimi-650" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar bu il ölkəmizdə Prezident İlham Əliyevin sərəncamı ilə böyük şairimiz İmadəddin Nəsiminin yubileyinin geniş şəkildə qeyd edilməsini və bu ilin "Nəsimi ili"  elan edilməsini Azərbaycan, eləcə də dünya mədəniyyətində əlamətdar hadisə adlandırdı. Qeyd etdi ki, DGTYB də öz növbəsində İmadəddin Nəsimi irsinin gənc nəslə daha dərindən və ətraflı çatdırılması üçün "Nəsimi ili"nə öz töhfəsini verir. 
Daha sonra çıxış edən DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı Nəsimi yaradıcılığının fəlsəfi və mənəvi özəlliklərinə toxundu və vurğuladı ki, Nəsimi yaradıcılığını olduğu kimi, dərin qatları ilə gənc nəslə çatdırmaq olduqca önəmlidir. Onun insana verdiyi dəyər bu gün də aktualdır. 
Tədbirdə Nəsimi irsinin tanınmış araşdırmaçısı, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Nəsimi qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva şairin yaradıcılığında mühüm yer tutan hürufilikdən və İmadəddin Nəsiminin öz dövründə insanlara təsir etməsi qabiliyyətindən və onu ölümə aparan səbəblərdən ətraflı söhbət açdı.

Daha sonra çıxış edən məruzəçilərdən Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Nəsimi yaradıcılığında irfan, həyat, fəlsəfə və s. çoxşaxəli qatlardan nümunələrlə misallar gətirərək izahlar verdi.

Tədbirdə çıxış edən qonaqlardan "Milli Hüquq Evi"nin rəhbəri bir oxucu kimi ona Nəsimi yaradıcılığında böyük təsir edən məqamlardan danışdı, Nəsimi yaradıcılığında insana, vətənə, dünyaya sevginin sərhədsiz olduğunu vurğuladı.

Gənc Nəsimişünas, AMEA şərqşünaslıq institutunun dissertantı Vüsal Hətəmov şairin dərin fəlsəfi görüşləri barədə fikirlərini bölüşdü. Qəzəllərindən birinin beytlərini ayrı-ayrılıqda təhlil etdi.

Təbrizdən gəlmiş şair-tədqiqatçı Məhəmmədrza Çalğın Nəsiminin təkcə İslam aləmi üçün deyil, bəşəriyyət üçün önəmli fikir adamı, filosof olduğunu vurğuladı. O qeyd etdi ki, sonrakı dövrlərdə Nəsiminin fəlsəfi fikrinin Avropada təsirinin olması danılmaz faktdır və bu təqdir olunmalıdır.

Əli Kərim adına poeziya evinin direktoru şair-tərcüməçi İbrahim İlyaslı "Nəsimi ili"nin Azərbaycan ədəbi və mədəni həyatında böyük canlanma yaratdığını vurğuladı. Nəsimi yaradıcılığı istiqamətində böyük işlərin görüldüyünü bildirdi.

Ədəbiyyatşünas alim, yazar Təranə Turan Rəhimli çıxışında Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "NƏSİMİ-650" adlı layihəni təqdir etdi. Nəsimi yaradıcılığının böyük bəşəri məziyyətlərindən söz açdı.

Məruzəçi alimlər tədbirin sonunda DGTYB-nin fəxri fərmanı ilə təltif edildilər. Daha sonra xatirə şəkli çəkilərək, tədbirə yekun vuruldu.

Mövzuya dair fotomateriallar:

 

     

 




Ana səhifəyə qayıt        Baxış: 498          Tarix: 5-11-2019, 19:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma