Xəbər lenti
Dünən, 19:25

 Üzeyir Şəfiyev
Konfliktoloq

Məlum olduğu kimi, noyabrın 10-11-i tarixində Ermənistanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında münaqişənin həlli ilə bağlı ziddiyyətli, Azərbaycanın maraqlarına cavab verməyən fikirlər səsləndirib.

O, qeyd edib: “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz, məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaqişə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bütün hallarda yekun qərarda bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə Yerevan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromisə hazırlıqdır. Biz həmsədrlər olaraq çalışırıq ki, kompromis dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin”.

XİN başçısı Sergey Lavrova və bütövlükdə Rusiya siyasi elitasına heç də uzaq olmayan tarix, sənədli mənbələrdən məlumdur ki, Dağlıq Qarabağın erməni əhalisi aborigen olmayıb, həmin ərazilərə məhz rus imperiyasının işinə yaramaq məqsədilə köçürülmüşdür. İndi bu “Dağlıq Qarabağ xalqı”nın razılığı olmadan heç bir anlaşma mümkün olmayacaq fikri hansı əxlaqdan xəbər verir? Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin salınan azərbaycanlıların taleyinə belə laqeyidlik problemin həllinə qeyri-insani olduğu qədər, qeyri-peşəkar yanaşmadır. Əlbəttə, tam təqdirəlayiqdir ki, Azərbaycan XİN-in Lavrova cavabı özünü çox gözlətmədi: “Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki – azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”, – Azərbaycan XİN sözçüsü bildirdi.

lavrov

Yəqin ki, bir qədər əvvəl Azərbaycan mətbuatında ictimai ikrahla qarşılanan “Lavrov planı”nı yaxşı xatırlayırsınız. Yəni Lavrovun bu son açıqlanması yeni və gözlənilməz deyil. Belə ki, Lavrov planını “diplomatik məharətlə” tərcümə edən Rusiya politoloqu Aleksandr Duqinin çıxışlarında da biz bunun şahidi olmuşuq. 19.04.2019-cu il tarixdə Rusiyanın tanınmış politoloqu, Avrasiyaçılıq modelinin ideoloqlarından biri Aleksandr Duqinin musavat.com-a müsahibəsində xeyli müddətdir Qarabağ gündəliyinin əsas xəbər başlığını zəbt etmiş “Lavrov planı” ilə, Azərbaycan ictimaiyyəti demək olar ki, detallı tanış oldu. Bəri başdan deyək ki, Dağlıq Qarabağ konfliktinin erməni əsilli bir diplomatın layihəsi ilə çözümü həqarət olardı. Dağlıq Qarabağ probleminin “Lavrov planı” ilə tənzimlənmə anlayışı Suriyaya Rusiya tərəfindən Konstitusiya layihəsi təklif etmək qədər tərbiyəsiz və həqarətli görünür (hər bir konstitusiya mənsub olduğu xalqın ruhunu əks etdirməliykən, bildiyiniz kimi, Rusiya Suriyaya konstitusiya layihəsi diqtə etməkdə israrlıdır). Qayıdaq Aleksandr Duqinin müsahibəsinə. O, bu müsahibəsində Azərbaycan tərəfini sadəlövh adlandırır, onu növbəti tarixi aldanışa hazırlayaraq belə bir “müdrik” tövsiyəsini verməkdən də çəkinmir “…Bildiyim qədər, Azərbaycanda bu planı ziyanlı sayanlar çoxdur. Onlar sadəlövhlüklə “Lavrov ermənidir” deyib planın önünü kəsmək istəyirlər. Lavrov dövlət adamıdır və onun hadisələrə real baxışları var. Bundan başqa, bu, Lavrovun şəxsi planı deyil. Söhbət bizim ölkəmizin, dövlətimizin planından gedir. Dağlıq Qarabağ məsələsinin bu cür nizamlanması Rusiyanın da milli maraqlarına uyğundur”. Ancaq cənab Duqin bilməlidir ki, biz sözügedən planın Azərbaycanın milli maraqlarına uyğun olmasına inanacaq qədər sadəlövh deyilik.

Rusiyalı politoloqun xüsusi vurğuladığı bir məqam azərbaycanlılarda arxayınçılıq yaratmağa hesablansa da, heç bir vəchlə qəbuledilən deyildir. Belə ki, Duqinin interpretasiyasına görə “…Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi bu plana əsasən, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır – Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dönür. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini, nə “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə də tapa bilməyib, bilməyəcək”. Ancaq o, fikrinin davamında Rusiyanın Azərbaycan planının gerçək mahiyyətini bir növ təhdid ruhunda sərgiləyir: “… Düzdür, dünyada bu cür etnik təmizləmələr aparılıb, yeni ərazilər qazanılıb, o ərazilərdə yeni dövlətlər yaradılıb. Örnək – keçmiş Yuqoslaviya. O zaman bəzi dövlətlər serblərə qarşı etnik təmizləmə aparan xorvatları müdafiə etdilər. Ancaq onların arxasında nəhəng bir güc dayanırdı. NATO ilə yanaşı, çökməkdə olan Sovetlər Birliyinin qərbpərəst rəhbərliyi xorvatları müdafiə etdi və münaqişə zonasında yaranan dövləti dünya ölkələri tanıdı.

aleksandr-duqin

Əgər Dağlıq Qarabağı işğal edən Ermənistanın arxasında Rusiya dayansaydı, ya da Qərb işğalı, etnik təmizləməni, işğal edilən torpaqlarda yeni dövlət yaradılmasını Kosovada olduğu kimi dəstəkləsəydi, o zaman durum fərqli olardı. Şübhəsiz, Ermənistan işğal coğrafiyasını Dağlıq Qarabağdan kənarda olan ərazilər hesabına ona görə genişləndirib ki, gələcəkdə münaqişənin nizamlanması üzrə danışıqlarda üstünlük qazansın. Yəni günlərin birində desin ki, buyurun, biz dünyanın barış təkliflərinə müsbət cavab verərək Azərbaycanın konkret ərazilərindən çıxırıq, qarşılığında da dünya Dağlıq Qarabağın müstəqilliyini tanısın. Azərbaycanın bir dönəm GUAM ölkəsi olması Ermənistan üçün üstünlük idi. Ermənistan ümid edirdi ki, bir gün Gürcüstanla, Ukrayna ilə olduğu kimi Rusiyanın Azərbaycanla münasibəti pisləşəcək və bu, Moskvanın Dağlıq Qarabağ məsələsində tamamilə onların mövqeyini müdafiə etməsinə gətirəcək. Belə bir plan Qarabağa yaramasa da, Abxaziya və Şimali Osetiyada işlədi”.

Rusiyalı politoloqun siyasi riyakarlığı və deməli, Rusiyanın Dağlıq Qarabağla bağlı mürtəce niyyətinin aydın ifadəsi aşağıdakı şərhində daha aydın özün təqdim edir: “…Biz də Ermənistanın arxasında hərbi müttəfiqliyimizə baxmayaraq, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq dərəcədə dayanmamışıq və dəstəyimiz getdikcə azalır. Rusiya Yeltsinin dönəmindən bəri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu gün də onu dəstəkləyir. Əgər bir zamanlar bu, nominal tanınma idisə, bu gün bu, faktikidir, yəni təkcə de-yure deyil, de-fakto tanınmadır. Rusiya eyni zamanda özünü Dağlıq Qarabağın erməni icmasının qarantı sayır. Onların Dağlıq Qarabağda azad, təhlükəsiz yaşaması üçün Rusiya məsuliyyət daşıyır…”

Soruşulur ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq demək hara, “Rusiya eyni zamanda özünü Dağlıq Qarabağın erməni icmasının qarantı sayır. Onların Dağlıq Qarabağda azad, təhlükəsiz yaşaması üçün Rusiya məsuliyyət daşıyır” fikrini bəyan etmək hara. Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsənsə, qosqoca dövlət kimi bilməlisən ki, ərazi suverenliyi olan dövlətin vətəndaşlarının təhlükəsizlik qarantı o dövlətin özüdür. Kənar dövlət kimi sən özünü ermənilərin qarant dövləti sayırsansa, o halda bu konfliktin Rusiya layihəsi olduğunu bir daha təsdiqləyirsən.

Ən böyük həqarətli məqamlardan biri Azərbaycana qəbullandırılmaq istədikləri bu planın ölkəmizə əta edilən böyük şans kimi təqdim edilməsidir: “Biz münaqişənin birmənalı dinc yolla nizamlanmasının tərəfdarıyıq və bunun üçün ən rahat variantın 5 rayonun qaytarılmasından keçdiyini düşünürük. Özü də biz bu məsələyə Ermənistanın güzəştə getməsi kimi baxmırıq. Qarşılıq olaraq Rusiya-Azərbaycan və prosesə qoşulan Türkiyə ilə bərabər Ermənistana iqtisadi inteqrasiya üçün yardım edəcək. Blokadalar aradan qaldırılacaq, Türkiyə sərhədlərini açacaq, nizamlamaya regionun bütün dövlətləri dəstək verəcək, Ermənistanın regiondakı proseslərə aktiv şəkildə qoşulması təmin ediləcək. Çünki Ermənistan 5 rayonu qaytarmağın qarşılığında ciddi dividentlər gözləyir. Şuşa və Laçın… Azərbaycanındır. Ancaq onlar Dağlıq Qarabağla Ermənistan arasında koridor olduğu üçün erməni tərəf üçün həyati əhəmiyyətlidir. 5 rayonun qaytarılmasından sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr başlaya bilər. Çünki orada yaşayan insanlar pasport almalı, sərbəst hərəkət edə bilməlidirlər. Biz Azərbaycanla, Türkiyə ilə, MDB-nin digər ölkələri ilə bərabər Qarabağda həyatı yenidən bərpa etmək istəyirik. Bu, diaspor ianələri ilə çözüləcək məsələ deyil – orada böyük quruculuq işlərinə ehtiyac var. Bu, son dərəcə həssas bir prosesdir. Çünki azərbaycanlılar böyük ziyan görüb, o səbəbdən qayıdış zamanı ciddi psixoloji məqamlar ortaya çıxa bilər. Prosesin yeni münaqişə yaratmaması, nizamlamanın qırılmaması üçün bütün məqamlar nəzərə alınmalıdır. Ona görə tələsmədən, bütün detalı incələyərək irəliləmək lazımdır. Burada “Qərb qazandı”, “Rusiya qazandı”, ya “azərbaycanlılar qazandı” kimi kəlimələrə yer yoxdur. Elə etməliyik çözümdən bütün tərəflər qazansın. “Lavrov planı” daha bir suala birdəfəlik son qoyacaq – Qarabağ bundan sonra heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək”.

Duqindən soruşmaq lazımdır ki, bəs onların bu məkirli planına görə Qarabağ Azərbaycanın tərkibində ola biləcəkmi?! Bəri başdan deyək ki, ssenaridə bununla bağlı birmənəlı olaraq “net”-i görməmək olmur. Jurnalistin Şuşa və Laçınla bağlı sualına cavabında Duqin Rusiyanın həm də bu qaranlıq mövqeyinə də işıq salaraq, “…Rusiyanın bununla bağlı da planları var” deyir. Və görünən odur ki, bu plan Duqinin təqdimatında daha çox Azərbaycanla Dağlıq Qarabağın assosiativ dövlət, ümumi dövlət modelinə çox oxşayır ki, bunu da qəbul etmək yolverilməzdir.

Aleksandr Duqinin belə bir mülahizəsi də ikrah doğurmaya bilmir: “…Bütün dostluq münasibətlərinə rəğmən, Rusiya etnik təmizləmələrə əsaslanan və heç kəsin tanımadığı monoetnik dövlət quruluşunu tanıya bilməz”. Belə çıxır ki, polietnik mənzərəli dövlət quruluşu təqdim edərlərsə, onların Azərbaycan ərazisində yaratdığı hansısa qondarma bir qurumu Rusiya legitim saya bilər?!

Bu imperiya mərəzinə tutulmuş “ideoloq” açıq şəkildə müstəqillik qazanmış dövlətlərin suverenliyinə hörmətsizlik edir və şantaj ritorikası ilə bildirir ki, “…Rusiya Gürcüstanı əldən vermək istəmir. Bu, birmənalıdır”, “haqqında danışdığımız “Lavrov planı”nda Güney Qafqaza kompleks baxış var. Bizə Güney Qafqaz tam lazımdır. Biz Atlantika faktorunu dəf edə bilsək, region düşüncəmizdəki kimi şəkillənər. Güney Qafqazda hansı respublika Qərbə tamamilə meyllənsə, onu Suriya kimi, İraq kimi tamamilə parçalanma gözləyir. Rusiya buna imkan verməyəcək. Məsələn, günün birində Azərbaycan Moskvadan üz döndərib NATO ilə yaxınlaşma siyasəti yürütsə, aydındır ki, bizim münasibətlərimiz korlanacaq. İlham Əliyev deyir, biz neytralıq, Ermənistan deyir, biz dostuq. Bu bizim üçün yetərlidir. Əgər bunun üzərinə mehriban qonşuluq əlavə olunsa, çox yaxşıdır, gündəmə müttəfiqlik gəlsə, bu ondan da yaxşıdır, müttəfiqlik yoxdur – problem deyil, neytrallıq var – hər şey yolundadır”.

Rusiyalı politoloqun siyasi riyakarlığı öz ifadəsini aşağıdakı mövqesizliyində tapır. Belə ki, onun yuxarıda təqdim etdiyi şantaj ritorikası hara, söhbətinin davamında söylədiyi bu fikirlər hara: “Moskva çoxqütblü dünyanın tərəfdarıdır. Məncə, region dövlətləri “beyin mərkəzləri” yaradaraq hansı qütbə aid olacaqları üzərində ciddi araşdırmalar aparmalıdırlar. Suveren düşünmək gərəkdir – biz harada olmalıyıq, hansı daha əlverişlidir? Bu qərarı yalnız prezidentlər güc strukturlarının rəhbərləri ilə verməli deyillər. Prosesə intellektuallar da qoşulmalıdırlar. Biz heç bir ölkədə – nə Ermənistanda, nə Azərbaycanda, nə Rusiyada, nə Türkiyədə rusiyayanlı siyasilər, intellektuallar aramırıq, biz reallığı dəyərləndirə bilənlərlə, konyukturaya bağlı olmayanlarla, demoqogiya ilə, populizmlə məşğul olmayanlarlala işbirliyi qurmaq istəyirik”.

Kreml ideoloqunun aşağıdakı açıqlamaları isə Rusiyanın Azərbaycan üçün sürprizlərini müjdələməkdədir: “Əslində Azərbaycanla da münasibətlərimizdə aydın olmayan məqamlar var. Münasibətlər liderlər üzərindədir. Onlardan sonra nələr baş verə biləcəyini proqnozlaşdırmaq çətindir”.

Xatırlayırsınızsa, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksadr Duqin Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində keçirilən beynəlxalq konfransda bildirmişdi ki, Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq, Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir. Duqinin sözlərinə görə, bugünkü konfransın Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyinin mövqeyidir”. Görsənən odur ki, bu tipli bəyanatlar, “Ermənistanı ağıllandırmağa” hesablanmış siyasi texnologiyadan başqa bir şey deyildir. “Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yanaşma idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı”, - deyə Duqin özü bu texnolojiyə aydınlıq gətirir.

Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi əkilən və becərilən münaqişədir. Ancaq biz “müharibəsi özünün olmayan ölkənin sülhü də özünün olmur” imperativi ilə razılaşacaq qədər gücsüz deyilik. Görünən odur ki, güclü beynəlxalq mövqeyə, uğurlu sosial sistemə malik olan ölkəmiz üçün beynəlxalq hüququn verdiyi imkandan başqa, şans qalmır. Belə ki, Azərbaycan dövləti işğalçı Ermənistanın aqressiyasına məruz qaldığından, ərazisinin 20%-i düşmən tapdağında olduğundan beynəlxalq hüququn ona verdiyi imkandan istifadə hüququna malikdir. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin qətnamələrdə erməni hərbi birləşmələrinin tamamilə qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi öz əksini tapıb. Bundan başqa, BMT nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var. Yəni həm BMT nizamnaməsinin 25-ci maddəsini, həm də 51-ci maddəsini əsas götürərək, Azərbaycan dövləti işğal altında olan torpaqlarını hərbi yolla da geri qaytarmaq hüququnu özündə saxlayır.




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 14-11-2019, 03:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma