Xəbər lenti

 

Tahir Kərimli:“Xarici şirkətlərin Azərbaycana ödədiyi vergilərin məbləğinin açıqlanmasının zəruri olduğunu dedikdən sonra mənə yanaşdılar, iradlarını bildirdilər”
“Məhkəmələri icra hakimiyyətinin tabeliyindən tam çıxarmaq lazımdır”
Ali Məhkəmənin sabiq sədri, Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə müsahibəni təqdim edirik:
- Tahir bəy, ölkədə həyata keçirilən kadr islahatlarını necə qiymətləndirirsiniz?
– Bu dəyişiklikləri pafosdan uzaq şəkildə müsbət qiymətləndirirəm. Vəzifəyə qoyulan şəxslər xalqa daha yaxındırlar. Məsələn, Prezident Administrasiyasının rəhbəri Samir müəllimi götürək. İndiyə qədər bir kimsə bu insanı korrupsiyada, qanun pozmaqda ittiham etməyib. Hər halda mən bu haqda eşitməmişəm. Bunlar orta təbəqənin, xalqın nümayəndəsi kimi qəbul olunur. Gəncdir, savadlıdır, perspektivlidir, orta nəslin nümayəndəsi olmasına baxmayaraq, müəyyən qədər təcrübə əldə edib. Bu cür kadrlara şəxsən mən ciddi əhəmiyyət verirəm. Prezidentin təyin etdiyi kadrlarla fərdi söhbət aparması, onlara tapşırıqlarını verməsi, vətəndaşla birbaşa ünsiyyət yaratmalarını tapşırması da çox vacib məsələdir. Biz, adətən belə halları Rusiya Prezidenti Putinin qubernatorlarla görüşündə görərdik. Sizi əmin edirəm ki, ölkə prezidentinin təyin etdiyi məmurları bu formatda qəbul etməsi çox effektivdir. Mən bunu deputat seçildiyim rayonda, elə digər rayonlarımızda da görürəm. İcra başçıları az qala bütün kəndlərdə görüşlər keçirir, hamını dinləyirlər. Çox gözəl bir ortam əmələ gəlir, insanlarda ümid artır. Problemlər ya həll edilir, ya da ümid yaranır ki, həll oluna bilər. Bir vaxtlar Çin Kommunist Partiyasının Rəyasət Heyətindən tutmuş aşağılara qədər, hamısı qoca adamlar idi. Hətta onlara “qocalar ittifaqı” deyirdilər. O boyda dövlətdə gəncləşmə getdi və bu ciddi effekt verdi. Həqiqətən də ciddi iqtisadi sıçrayış oldu və bu da xalqın həyatına müəyyən qədər təsir etdi. İndi gələn kadrlar da təmiz adamlardır. Məsələn, iqtisadiyyat naziri olan şəxs əvvəllər vergilər naziri olub. Onun haqqında mənfi fikir eşitməmişəm. Bu insanlar canı dildən Prezidentin tapşırığı, həm də özlərinin vəzifə borclarını yerinə yetirərək xalq üçün çox işlər görə bilərlər. Bu insanların irəli çəkilməsi bizə də xeyirdir. O mənada ki, işimizi asanlaşdırır, özümüzün də ümidi artır. Biz deputatlar müəyyən məsələləri qaldıranda bəzən həll olunmurdu, bəzən müəyyən məmurlar əlçatan olmurdu. Güman edirəm ki, bu baxımdan da kadr islahatlarının aparılması əhəmiyyətlidir.
- Yəni, bizdə də artıq “qocalar klubu” təqaüdə göndərilir və bu gəncləşmə siyasəti gələcəyə ümidi artırır…
– Bəli, əhəmiyyətli dəyişikliklər gedir. Prezident özü də qeyd etdi ki, bunu kampaniya kimi aparmaq olmaz. Balans yaratmaq lazımdır. Əlbəttə, yaşlı insanların təcrübəsindən yararlanmaq olar. Belə deyim var ki, insanlar gənclikdə inqilabçı, orta yaşda islahatçı, ahıl yaşda isə mühafizəkar olurlar. İndi yaşlı insanlar nə varsa, onu qoruyub saxlamaq fikrində olurlar. Orta yaşlı və gənclər isə dəyişmək fikrində olurlar. Mən hesab edirəm ki, bu Azərbaycan üçün faydalıdır.
- Demək 64 yaşlı Tahir Kərimli idarəçilikdə mühafizəkarlığa qarşıdır?…
– Qızıl orta deyəndə islahatçılıq daha yaxşıdır. Yəni nə mühafizəkarlıq, nə də inqilabçılıq yaxşıdır. İqtisadiyyatda, idarəetmədə, ictimai-siyasi münasibətlərdə, hətta iqtidar-müxalifət münasibətlərində bu tendensiyanın getməsi daha yaxşıdır. Yüz illərin təcrübəsi də bunu deyir. Çox ifratçılıq ziyan gətirir. Bu mənada düşünürəm ki, islahatı keçirməyə hazır, enerjisi olan komanda Azərbaycan üçün böyük işlər görə bilər.
- Doğrudanmı belə kadr islahatları sayəsində həm də hansısa ölkənin Azərbaycana təsir imkanları azaldılır, daha çox Azərbaycana bağlı olan şəxslər vəzifəyə gətirilir?…
– Gizlətmirəm ki, bu hal da var. Biz, baxanda kimin hara daha yaxın oluğunu görürük. Gələnlər daha çox müstəqil Azərbaycanı sevənlərdirlər. Yəni, o tendensiya da olmamış deyil. Bunu gizlətmək də lazım deyil, sezilən haldır.
- Necə bilirsiz, “qocalar”ın getməsi və gənclərin gəlməsi ilə ölkədə hər şey düzələcəkmi?
– Hər şey heç vaxt düzəlməyəcək. İslahatların davamı olmalıdır. Dayanmaq olmaz. Bu islahatlar o zaman effektiv olar ki, hakimiyyətin bütün qollarını əhatə etsin. Məsələn, məhkəmə-hüquq islahatı. Məhkəmələri icra hakimiyyətinin tabeliyindən tam çıxarmaq lazımdır. Və yaxud mətbuat və mediaya imkan yaratmaq lazımdır ki, reklam bazarı olsun, özlərini sərbəst dolandıra bilsinlər, hansısa təşkilatdan və ya şəxsdən asılı olmasınlar. Bunları inkişaf etdirmək lazımdır. Qanunverici hakimiyyəti də o cümlədən. Bizdə güclü icra hakimiyyəti var, qalan hakimiyyətlər bir qədər zəif görünür. Balanslaşdırılmış siyasət aparılmalı, bu istiqamətlərdə də addımlar atılmalıdır. ABŞ-da “üç ayaq” deyərdilər. Hakimiyyətin üç qolu var və hamısı  bir-birinə nəzarət edirlər. İndi də bu var. Məhkəmə, qanunvericilik və icra bir-birinə nəzarət etməyəndə bəzən sui-istifadə halları yaranır.
- Hazırda 2020-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirə edilir. Gələn ilin büdcə zərfini necə qiymətləndirirsiniz?
– Büdcə ilə bağlı komitədə və plenar iclasda çıxışım olub. Mənim müəyyən iradlarım olub və bu da təbiidir. Bir var büdcənin prosessual tərəfi. Məsələn, onun ictimai müzakirəsi. Mənim niyə bu müzakirələrdə 5 dəqiqə vaxtım olsun? Ən azı 10 dəqiqə danışsaydım fikrimi daha yaxşı ifadə edə bilərdim. Bir də var büdcənin hazırlanması, onun tərkibi və s. Bu istiqamətdə mənim fərqli fikirlərim vardı. Qənaətimcə, daha yaxşı büdcə tərtib etmək olardı. Məsələn, büdcənin gəlir hissəsini artırmaq üçün mən ehtiyatların olduğunu düşünürəm. Təbii ki, gəlirlər çox olanda xərcləmək ehtimalı da çoxalır. Bu da xalqımızın və dövlətimizin xeyrinə olardı. Düşünürəm ki, daha yaxşı etmək olardı. Hər il büdcə gəlir, müzakirə olunur və gedir. Bu vərdiş halına,  sıradan bir işə çevrilib…
- Demək istəyirsiniz ki, hökumət büdcə müzakirələrinə kifayət qədər ciddi yanaşmır?
– Sözsüz ki, məsuliyyət hiss etməlidir. Mənim çıxışımdan sonra başıma bir xeyli  insan toplandı. Əslində mən qeyri-adi sözlər deməmişdim. Elə sözlər deməyə çalışıram ki, büdcəmiz üçün əhəmiyyətli olsun. Əlbəttə,  razılaşmamaq var. Elə istəyirlər ki, hər şey sakitcə gəlsin və getsin. Hökumət məsuliyyət hiss etməlidir. Mən bunu komitə müzakirələrində dedim. Siz bir-birinə uyğun olmayan rəqəmlər təqdim edirsiniz. Yəni, elə düşünürsünüz ki, biz bunu görməyəcəyik və ya reaksiya verməyəcəyik? Mən bu barədə detallara getmək istəmirəm, amma komitə müzakirələri zamanı iradlarımı açıq bildirdim.
- Çıxışınızda, BP başda olmaqla, xarici şirkətlərin Azərbaycana ödədiyi vergilər haqqında danışdınız və bunun məbləği ilə maraqlandınız. Bu məsələni qaldırmaqda məqsəd nədir?
– Elə bu istiqamətdə çıxışımdan – xarici şirkətlərin Azərbaycana ödədiyi vergilərin məbləğinin açıqlanmasının zəruri olduğunu dedikdən sonra  mənə yanaşdılar, iradlarını bildirdilər. Belə çıxır ki, hər doğru sözü həmişə demək lazım deyil. Hər halda mən istəyirəm ki, bu məsələ şəffaf olsun, cəmiyyət bilsin ki, Azərbaycandan böyük pullar qazanan beynəlxalq şirkətlər  vergi öhdəliklərini nə dərəcədə yerinə yetirirlər.
- Yəni şübhələnirsiniz ki, belə şirkətlər vergi öhdəliklərini yerinə yetirmirlər?
– Yəqin ki, məndə müəyyən məlumatlar var. Hər halda məsələni qoyub deyirəm ki, şəffaflıq olmalı, hamı görməlidir. Axı bu məsələləri mən özümdən demirəm. Yadınıza gəlirsə bir dəfə cənab Prezident xarici şirkətlərlə bağlı 8 milyard məsələsini qaldırdı. Bu, böyük rəqəmdir. Və ya müəyyən bonuslar olur. Mənim istəyim sadəcə odur ki, şəffaflıq olsun. Xalq bilsin ki, bu qurumlar Azərbaycan dövlətinin xəzinəsinə nə qədər vergi ödəyir. Sadəcə mən bunu deyirəm.
- Siz eyni zamanda 2023-cü ilə qədər büdcədən müdafiə sahəsinə ayrılan vəsaitlərin 1,1 milyard manat azaldılmasına etiraz edirsiniz. Səbəb nədir?
– Əvvəla,  müharibə hələ bitməyib, sadəcə atəşkəs rejimi var. Müharibə gedə-gedə dövlətlərin mütləq əksəriyyəti özünün hərbi xərclərini artırır. Bizdə də bu sahəyə maliyyə ildən-ilə arta-arta gəlib. İndi nədən bu 3 il ərzində azala-azala getsin və nəhayətdə 1,1 milyard azalma olsun? Mən bilmirəm, bəlkə Qarabağ müharibəsi olmayacaq?…
- Sizcə, buna səbəb nədir?
– Mənim özümün izahım var. Amma bu izahı onlar verməlidirlər. Bəlkə yeni silah və avadanlıqlar almağa ehtiyac olmayacaq. Mənim izahım subyektiv, kənar şəxsin müşahidəsi mövqeyi ola bilər. Amma deputat olaraq bunun səbəbini bilmək istəyirəm. Bəlkə nədənsə xəbərimiz yoxdur. Səbəbini bilməyə haqqımız var.
- Amma 2020-ci il üçün həm Azərbaycan, həm də Ermənistan hərbi büdcəsini artırıb…
– Bəli, hər iki tərəf bu il üçün artırıb. Oxuduğum xəbərlərə görə, Ermənistan tərəfi qarşıdakı illərdə azaltmaq haqqında düşünmür. Ümumən Ermənistanda ÜDM-in 6 faiz templə artımı müşahidə olunur. Onlar müəyyən qədər artıra bilir. Düşmən tərəf artırırsa, bizim də qarşımızda duran vəzifə böyükdür, torpaqlarımızı işğaldan azad etməliyik. Biz təkcə Ermənistan deyil, onun havadarları ilə də müharibə aparırıq. Yəni hər şeyə hazır olmalıyıq. Döyüşdə udmaq istəyirsənsə hər şeyə hazır olmalısan. \\AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 336          Tarix: 15-11-2019, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma