Xəbər lenti

“Biri deyir ki, 1992-ci ildə parlamentdə bağıra-bağıra danışmışam, digəri vəzifəmi dondurduğumu deyir. 25 ildə etmədiyimiz elə şeyləri mənə deyiblər ki, sadəcə, susmağa çalışmışam. Müxalifət içərisində bu ittihamları udmuşam. Bütün yalanlara dözmüşəm ki, bəlkə, müxalifətin şansı oldu.

Strateq.az bildirir ki, bu sözləri Vəhdət partiyasının sədri, deputat Tahir Kərimli musavat.com-a müsahibəsində son günlər ünvanına deyilən tənqidləri şərh edərkən bildirib.

Deputat deyib ki, 1993-cü ildə Ali Məhkəmənin sədri olaraq vəzifəsini dondurmayıb: “İşləmişəm, sonunda da istefa vermişəm. Onda da niyə əsəbi danışmışam? Qurduğumuz milli dövlət əldən gedirdi. Bəli, demişəm ki, elə etməyin ki, intihar edim. İnandırıram ki, siz də o vaxt yerimdə olsaydınız, eyni hərəkəti edərdiniz. Orada milyonların fikrini ifadə etmişəm.

T.Kərimlinin sözlərinə görə, insanlar milli hökumətin getməməsi üçün ölümlərinə hazır idilər: “Müxalifətdə olduğum zamanda İsa Qəmbəri dəstəklədim. Mən də istəyirdim ki, hakimiyyətdə qalaq. Amma biz başsız qaldıq, müxalifətimiz başsız atlıya bənzədi. Rəhbərimiz Bakıdan getdi, hərə də bir kəsin arxasınca getdi. Nə üçün bizim hakimiyyət yıxıldı? 22 il mən işsiz qalmışam. Amma bunun səbəbi tək bu iqtidar olmayıb.

Deputat vurğulayıb ki, mərhum prezident Heydər Əliyev ona iş təklif etsə də razılıq verməyib: Bir çoxları kimi hakimiyyətimizi bərpa edəcəyimizə inanmışam. Özümüz-özümüzü işsiz qoymuşuq, ətrafımızı da. Hər şeyi qarşı tərəfə yükləmək düzgün deyil. Ümidlərimiz olub, onları da müxalifət liderləri sındırdı.

Müxalifət düşərgəsindən olan tənqidlərə etiraz edən T. Kərimli AXCP və Müsavatı sərt tənqid edib: “AXCP iki dönəm parlamentdə oturdu. Halbuki toparlanmaq üçün şanslarımız var idi. Müsavat onları 10 il ittiham edib ki, hakimiyyətə satılmısınız. Sonra Müsavat parlamentdə 5 il oturdu, AXCP onları hədəf aldı. Nəticədə iki böyük müxalif partiya sıradan çıxdı. Nəticə göz önündədir. Yeni Azərbaycan Partiyasına alternativ ola biləcək partiya ölkədə yoxdur. Ən yaxşı halda Müsavat və AXCP bir-birilərinə alternativdir. Bu həqiqəti dərk etməliyik. Sabitliyi saxlaya biləcək partiyamız da yoxdur.

Onun fikrincə, ölkədə 4 cür ideologiya var. Liberal ideologiya tərəfdarları Qərbdən mayalanır. Milli ideologiyanın tərəfdarları Türkiyə ilə əlaqələr qurur. Dini ideologiyanın təmsilçiləri İranla əlaqələrə üstünlük verirlər. Sosialist ideologiyanın tərəfdarları isə Rusiya ilə əlaqələr qururlar: Azərbaycanda hətta siyasi dairələrin gözləri belə başqa ölkələrdədir. Belə olan vəziyyətdə millətin toparlanıb milli mübarizə aparmaq imkanları yoxdur.

T.Kərimlinin sözlərinə görə, Azərbaycanda da korrupsiya, mənfi hallar var: “Bu halları aradan qaldıracaq təşkilat, lider, güc varmı müxalifət cəbhəsində? İndiki hakimiyyət ən azından Suriyadan ölkəmizə dağıntıların keçməsinə imkan verməyib. Mən zərurətdən sabitliyi müdafiə edirəm. Çünki demokratik qaydada hakimiyyəti əvəzləyəcək siyasi qurum yoxdur. Belə bir güc ortaya qoysunlar, bir deputat, partiya kimi öncəliklə onları mən müdafiə edəcəm. Niyə özümüzü aldatmalıyıq? İnsanlar artıq yaxşı və ya pis insanlar axtarmırlar”.




Ana səhifəyə qayıt        Baxış: 708          Tarix: 30-10-2017, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma