Xəbər lenti

  

Prezident İlham Əliyev Sumqayıtda yubiley tədbirində AXCP sədri Əli Kərimli haqda maraqlı açıqlamalarla çıxış etdi. O, bu sözləri ona görə dilə gətirdiyini bildirdi ki, xalq indi siyasətdə olanların keçmişini unutmasın və bilməyənlər də bilsin. Çıxışın həmin hissəsini yenidən təqdim edirik:

“O, istəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. 

Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”.

Bu çıxışı təkrar olaraq niyə xatırlatdıq? Milli Şuranın aparıcı funksionerlərindən olan Oqtay Gülalıyev talesiz qəza zamanı aldığı zədə üzündən ağır vəziyyətdədir. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə hazırda Türkiyədə müalicə olunur. Yaşam savaşı aparır. İqtidarlı – müxalifətli, tanıyan – tanımayan ona həyatda qalması üçün dua edir.

Amma belə bir məqamda Əli Kərimli zamanında Elçibəyə xəstə olduğu dövrdə göstərdiyi davranışı sərgiləyir. Ölümlə pəncələşən Gülalıyevin yerinə adam axtarışına çıxıb. Necə ki, Əbülfəz Elçibəy Türkiyədə ağır vəziyyətdə olan zaman AXCP-ni ələ keçirmək üçün bütün enerjisini ortaya qoymuşdu, indi eyni taktika Gülalıyev hadisəsində də təkrarlanır. 

Amma bu dəfə plan Müsavatı ələ keçirməkdir. Bu haqda sonra məlumat verəcəyik.

Bir neçə gün əvvəl Cəmil Həsənlinin Milli Şuranın rəhbərliyinə Tofiq Yaqublunun gətirilməsi təklifi ilə Kərimli ilk həmləsini etdi. Birinci niyyət Gülalıyevin Milli Şurada boşalan yerini dərhal doldurmaq idi. Bu təklif hazırda sözügedən qurumda müzakirə olunmaqdadır. Buna etiraz ednlər də var, dəstəkləyənlər də. Amma təbii ki, Əli Kərimli bunu açıq şəkildə dəstəkləyəcəksə, məsələ bitmiş hesab oluna bilər.

Bu taktiki gedişdə Kərimli təkcə Milli Şuranı yeniləmək deyil, Arif Hacılının başqanlığı dövründə olan-qalan gücünü itirən, son mühacir alveri qalmaqalı ilə nüfuzunu da itirən Müsavat Partiyasına nəzarəti ələ keçirmək hədəfini qarşıya qoyub. Əgər Tofiq Yaqublu Milli Şura sədri olarsa, o zaman o A. Hacılı ilə təxminən eyni statusda olacaq və həmçinin Müsavatda olan Yaqublu tərəfdarları da Milli Şuranın fəaliyyətində aktiv iştirak edəcəklər.

Bu proses təbii ki, bir müddət davam edəcək və T.Yaqublu Müsavatın növbəti qurultayına kimi partiya daxilinə, yerli təşkilatlara daha çox nüfuz edə biləcək. Müalifətin aparıcı simasına çevriləcək. Mübariz və prinsipial görüntü yaradılacaq. Mitinqlərdə, küçə yürüşlərində “ön cəbhədə” olacaq. Və nəhayətdə yeni lider kimi yetişdirildikdən sonra Müsavatı Əli Kərimlinin nəzarətinə keçirmək çox rahat olacaq.

Amma həmin zamana kimi Müsavatdan nə qalıb, nə qalmayacağı da sual altındadır. 

Bu pərdə arxasındakı, O.Gülalıyevin ağır bir zamanında oynanılan oyunlar sadə oxucular üçün ola bilsin ki, qəribə gəlir. Amma Əli Kərimlinin keçmişini tanıyanlar bunu artıq normal qəbul edir. 

Məsələn, Əbülfəz Elçibəyin zamanında AXCP fəallarından olan Rafael Becanov bu davranışlardan təəccüblənmir: “Əli Kərimlini yaxından tanımayanlar bu məsələdə mübahisə edə bilərlər. Yaxından tanıyanlar üçün isə burada təəccüblü nəsə yoxdur. Əli Kərimli eyni davranışları hətta hərəkat zamanı da nümayiş etdirib. 

Qüdrət Həsənquliyev onun 20 Yanvarda vəsiqəsini necə atması barədə müsahibə də verib. Hələ həmin vaxt Əli Kərimli daha gənc idi. Məntiqlə daha cəsarətli, əqidəsi uğrunda hər məhrumiyyətə hazır olmalıydı. Biz də həmin zaman gənc olmuşuq və proseslərdə necə ürəklə iştirakımız yadımızdadır. Bütün bunlar göstərir ki, Əli Kərimli bu yolda gəncliyindən səmimi olmayıb. 

Bu gün baş verənlər isə həmin keyfiyyətləri bir daha üzə çıxarır və deyilənləri təsdiq edir. Prezident isterikanın olduğunu dedi. Bu, tam təsdiqini tapır. Aksiya zamanı biz bunu gördük. Termin olaraq bilirik ki, burada söhbət şəxsiyyətin ikiləşməsindən gedir. Əli Kərimli həm özü qorxub, həm də kimlərisə qorxutmağa çalışıb. Kadrlarda gördüyümüz mənzərə doğrudan da bir siyasi liderin cizgilərinə uyğun gələn mənzərə deyildi. Siyasi lider istənilən təzyiqə də, təqibə də məruz qala bilər. Cəmiyyətə verilən mesaj mübarizəyə adekvat olmalıdır. Bu adekvatlıqda liderin şəxsi keyfiyyətləri böyük rol oynayır. 

Əli Kərimlinin davranışları göstərir ki, atdığı addımlar apardığı mübarizə ilə həmahəng deyil. Onda bunun bir adı var - imitasiya. Bu fikirlərin ən yüksək səviyyədə də təsdiqlənməsi bir daha göstərir ki, adam çiyninə siyasi yük götürməyə qadir deyil”. (Bakı xəbər).

Proseslərin gedişi göstərir ki, Əli Kərimli yenə də ən yaxın adamlarına arxa çevirməklə İlham Əliyevin gəldiyi nəticənin yanlış olmadığı sübut etməyə çalışır. Bizə isə bu tamaşanı seyr etmək qalıb. \\Yenisabah.az




Ana səhifəyə qayıt        Baxış: 1 247          Tarix: 23-11-2019, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma