Xəbər lenti
27-11-2024, 19:25

 

Ötən gün hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentdəki deputat korpusuna Milli Məclisin buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət etməsini tövsiyə etməsi və YAP deputatlarının bu tövsiyəni yekdilliklə qəbul etməsi ölkə həyatında olduqca mühüm prosesin davamı kimi çox böyük aktuallıq kəsb edir. Artıq YAP funksionerləri bu müraciətin səbəbləri haqda mövqelərini açıqlayıblar və önəmli mesajları ictimaiyyətə veriblər. Ancaq hesab edirəm ki, bu prosesə bir fərqli müstəvidən də baxmaq vacibdir.

Bu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, politoloq, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib. O bildirib ki, YAP yetkililəri icraedici və məhkəmə orqanlarında gedən kardinal islahatların qanunverici orqanı da əhatə etməsi və buna görə də Milli Məclisin buraxılması gərəkdiyini elan etdilər:

“Əlbəttə, Prezident İlham Əliyevin 2018-ci il prezident seçkilərindən sonra dərhal anons etdiyi və 2019-cu ilin 11 yanvarından daha köklü xarakter alan, böyük siyasi iradə ilə gerçəkləşən islahatların məntiqi nəticəsi olaraq Milli Məclisin də yenidən qurulması vacib məqamdır. Ən azı ona görə ki, yeni sistem, yeni təfəkkür tərzi və yeni baxışla çalışan icraedici orqanın effektiv işləməsinə əvvəlki sistemin formalaşdırdığı Milli Məclis hazır deyil. Yeni iqtisadi-siyasi sistemin düşüncə tərzi Milli Məclisdə də hakim olmalıdır ki, proses daha uğurlu müstəvidə davam etsin. Biz büdcə layihəsinin müzakirəsində və digər məqamlarda da gördük ki, MM artıq bu böyük prosesi tormozlayan faktora çevrilməkdədir. Buna görə də hakim Yeni Azərbaycan Partiyasının bu qərarı təqdirəlayiqdir və Prezidentin apardığı islahatların tərkib hissəsi kimi başa düşülür”.

A.Camalqızı qeyd edib ki, yeni Milli Məclisin üzvləri qarşısında həm siyasi baxımdan Azərbaycana təzyiqlərə sinə gərmək, həm ölkədəki islahatların təbliği və ictimaiyyətə çatdırılması, eyni zamanda, bu prosesin qanunverici əsaslarının hazırlanması, müasir çağırışlara cavab vermək, ictimai həyatda aktiv olmaq kimi vəzifələr durur:

“Bir sözlə, Milli Məclis heç bir halda bu böyük siyasi-iqtisadi islahatlar dalğasından kənarda qala bilməzdi və bu prosesin tərkib hissəsi olmalı idi. Bir mühüm məqamı da nəzərə alın ki, YAP-ın sədri cənab İlham Əliyevdir, ona görə də hər şeyi adı ilə çağırmaq lazımdır: Milli Məclisin buraxılması Prezident İlham Əliyevin birbaşa Azərbaycan dövlətinin, xalqının maraqlarına hesablanan strateji siyasi addımlarından biridir”.

Parlament seçkilərinin 2020-ci ilin noyabrında olacağı qeyd edərək, əslində, seçkilərin faktiki olaraq bir neçə ay qabağa çəkilməsinin səbəbləri barədə müzakirələrə münasibət bildirən politoloq qeyd edib ki, əsas diqqət də məhz bu məqama vurulmalıdır:

“Xatırlayırsınızsa, prezident seçkiləri də 6 ay əvvələ çəkildi və 2018-ci ilin oktyabrında deyil, aprelində keçirildi. Əlbəttə, oktyabrda keçirilsəydi belə Azərbaycanda bütün sosioloji sorğularda qəti şəkildə üstün olan və heç bir rəqib tanımayan İlham Əliyev şəksiz qalib olacaqdı. Ancaq həmin zaman xarici qüvvələrin 2018 seçkilərinə müdaxilə məsələləri gündəmə gəlmişdi və prezident seçkiləri qabağa çəkilməklə ehtimal edilən bütün müdaxilələr bir həmlə ilə neytrallaşdırıldı. Məlumat üçün deyim ki, eyni taktikadan Türkiyə Cümhuriyyətində də hakim partiya çox uğurla istifadə etdi.

Hazırda da sözügedən müdaxilə imkanlarını istisna edə bilmərik və xüsusilə bu məqamda BDU-nun 100 illik yubileyində Prezidentin nitqinə diqqət yönəltməyi lazım bilirəm. Prezident həmin nitqində xarici müdaxilələrlə bağlı mesaj verdi və bu, heç bir halda təsadüfi deyildi, çünki dövlət başçısının əlində geniş informasiyalar var.

İndi hansı vəziyyət yarandı? Milli Məclisi buraxmaq və yeni seçkilərin vaxtını təyin etmək səlahiyyətləri bütövlükdə Prezident İlham Əliyevin səlahiyyətinə keçdi. Artıq heç kəs heç nəyi proqnozlaşdıra və keçiriləcək seçkilərə müdaxilə planları qura bilməz. Çünki seçkinin dəqiq vaxtı – 2020-ci ilin noyabrı – aradan qalxdı və o vaxta “hədəflənənlər” xəyal qırıqlığı yaşayırlar. Yəni vaxtı diktə edən də, prosesi tam nəzarətdə saxlayan da Prezident özüdür; Prezident mümkün müdaxilələri neytrallaşdırmaq üçün bütün rıçaqları əlində cəmlədi və hesab edirəm ki, bu, cənab İlham Əliyevin necə böyük strateq və genişmiqyaslı siyasi xadim olduğunu təsdiqləyən faktorlardan biridir.

Digər xüsusi bir məqam da odur ki, Prezident 2019-cu ilin Azərbaycan xalqının yaddaşında tarixi il olacağı barədə anons vermişdi. Biz doğrudan da böyük tarixi hadisələrin içərisindəyik və İlham Əliyevin çoxşaxəli, ardıcıl, cəsarətli, sistemli və ən əsası, sürətli iqtisadi-siyasi manevrlərini müşahidə edirik. Açıq etiraf edək ki, hətta bir çox hallarda prosesin mahiyyətini anlayana qədər Prezidentin növbəti mərhələ başlatdığını görürük. Yəni faktiki olaraq bütün siyasi rəqiblərindən, hətta analitiklərin proqnozlarından da Prezident, məşhur ifadə ilə desək, bir addım qabaqdadır”.

Politoloqun sözlərinə görə, Milli Məclisin buraxılması qərarı ilə Prezident İlham Əliyev sübut etdi ki, islahatlar ölkənin ən dərin qatlarına qədər gedir:

“Çox məşhur bir deyim var: hər bir sistemin inkişaf hədəfləri mövcuddur, bu hədəflərə çatandan sonra inkişafın dayanması mütləqdir. Bunu bütün dünya texnologiyalarında da müşahidə edirik: hər bir yeni inkişaf mərhələsi üçün əvvəlcə sistem dəyişir, daha sonra yeni, üstün tətbiqlər başlayır.

Yəni Azərbaycan bu vaxta qədər mövcud olan sistemi ilə ən böyük inkişafa nail olub, artıq bundan o tərəfə inkişaf üçün sistemin özü dəyişməlidir, sistem özü inkişaf etməli, yenilənməlidir ki, iqtisadi inkişafı da dəstəkləyə bilsin. Bu baxımdan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı prosesi, səmimi desək, yalnız islahat sözü ehtiva etmir. Prezident Azərbaycanın daimi inkişafını təmin etməkdən ötrü köhnə sistemi darmadağın edir, yeni, daha modern, daha müasir sistem qurur”.

A.Camalqızı Prezidentin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirəyə də diqqət çəkib:

“Həmin müşavirədə Prezident bəyan etdi ki, hazırkı inkişaf tempi onu qane etmir. Bu, olduqca mühüm məqam idi. Prezident dəqiqliklə təhlil edir ki, daha böyük inkişaf tempi üçün nələr lazımdır və hazırda da o böyük tempi əldə etmək üçün lazım olan addımları atır”.

A.Camalqızı qonşu ölkələrlə də müqayisə aparıb və bildirib ki, bütün dünyada yeni sistemə keçid ağrısız ötüşmür:

“Adətən, yeni sistemə keçid, kardinal islahatlar aşağıların təzyiqi ilə aparılır və bu zaman ölkə həm iqtisadi, həm siyasi, həm də beynəlxalq nüfuz baxımından itkilərə məruz qalır. Tiflis hadisələrinə baxın, Avropa dövlətləri ilə müqayisə edin – mən bu məqamda hətta İranı misal belə göstərmirəm. Bu baxımdan tam səmimi deyirəm ki, Azərbaycan xalqının bəxti gətirib ki, İlham Əliyev liderimizdir: Prezidentimiz yeni sistemi aşağıların təzyiqi ilə deyil, əksinə, öz təşəbbüsü ilə tətbiq edir və prosesi bütövlükdə öz ardınca aparır. Həmçinin hər ölkə yeni sistemə keçiddə itkilərlə üzləşirsə, Azərbaycan bu prosesdən iqtisadi-siyasi qazancla çıxır.

Ona görə də Milli Məclisin buraxılması vaxtının da zərgər dəqiqliyi ilə hesablandığına şübhə etmirik. Sizi inandırıram ki, əgər proses tələb etsəydi, Prezident parlament seçkisinə bir ay qalsaydı belə, yenə Milli Məclisin buraxılması məsələsinə baxacaqdı. Yəni İlham Əliyevin apardığı islahatlar çevikliyi ilə heyrətləndirir və dəqiq, saat mexanizmi ilə işləyir: harda Azərbaycan uduşlu çıxa bilərsə, hansı məqamdan daha böyük iqtisadi-siyasi divident götürmək mümkündürsə, Prezidentimiz tərəddüd etmədən dərhal siyasi iradəsini ortaya qoyur”.

Politoloq həmçinin bu yeni sistemə keçiddə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın oynadığı rola da toxunub:

“Ötən gündən MM ətrafında baş verənlərlə bağlı açıqlama, şərh və izahlarda Mehriban xanım Əliyevanın diqqətdən yayınması təəccüblüdür. Niyə? Diqqət edin, Prezident iqtisadi müşavirəni – o iqtisadi müşavirə ki, cənab İlham Əliyev inkişaf tempindən razı olmadığını bildirmişdi – təsadüfən Birinci vitse-prezidentin ofisində keçirmədi. Digər tərəfdən, Mehriban xanımın son Rusiya səfəri və ən yüksək səviyyədə görüşlər keçirməsi, müzakirələr aparması Birinci vitse-prezidentin təkcə hamımızın hər gün müşahidə etdiyi humanitar-mədəni sahədə deyil, ölkəmizin daxili və xarici siyasətində necə böyük rol oynadığının göstəricisi idi. Əgər dünyanın hegemon ölkələrindən birinin lideri olan Vladimir Putin Azərbaycanın ikinci şəxsini şəxsən qəbul edir və çox önəmli mesajlar verirsə, bu, bir tərəfdən cənab Prezidentimizə şəxsi münasibətinin göstəricisi, Rusiya-Azərbaycan əlaqələrinə verdiyi dəyərin əlaməti, digər tərəfdən isə birbaşa Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın siyasi çəkisinin və ölkə həyatında oynadığı rolun qiymətləndirilməsidir.

Yəni yeni sistemə keçid prosesinin, Prezidentin başlatdığı və güclü iradə ilə həyata keçirdiyi islahatların əsas aparıcı siması Mehriban xanım Əliyevadır”.




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 29-11-2019, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma