Xəbər lenti

 

VI çağırış Azərbaycan Milli Məclisi (MM) yeni sədarətlə fəaliyyətə başladı. Martın 10-da keçirilən ilk iclasda seçilən sədr, onun müavinləri və komitə sədrlərinin əksəriyyəti yeni simalardır. 

Azərbaycanın müstəqilli tarixində ilk dəfə qadın spiker - Sahibə Qafarova parlamentə rəhbərlik edəcək. Filologiya elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputat 10 ildir 98 saylı Şəmkir şəhər Seçki Dairəsini Milli Məclisdə təmsil edir. 9 fevralda baş tutan növbədənkənar parlament seçkilərində seçicilər ona daha 5 il mandat veriblər. Sahibə Qafarova Milli Məclis sədrliyinə seçilərkən bitərəflərin və parlament müxalifətinin əksəriyyətinin səsini alıb. 121 deputatdan 116-sı onun lehinə səs verib.

Spikerin müavinləri də ilk dəfə Milli Məclisin rəhbərliyində təmsil olunacaq şəxslərdir. Ötən çağırış millət vəkillərindən şərti olaraq “köhnə qvardiya”ya bağlı olan birinci-vitse-spiker Ziyafət Əsgərov postunu itirib, hakim partiya onu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə əvəzləyib.

Gözlənildiyinin əskinə, sədrin müavini postuna Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynovanın namizədliyi irəli sürülməyib. Daha bir gözlənilməz seçim isə parlamentdə ana müxalifətin - VHP-nin təmsilçisi Fəzail İbrahimlinin vitse-spiker postunda əyləşdirilməsidir. Onun namizədliyi YAP, bitərəflər və digər müxalifət partiyalarının deputatları tərəfindən dəstəklənib.

Bitərəflərin nümayəndəsi deputat Adil Əliyev də Milli Məclisin sədarətində oturacaq. Seçicilərin böyük etimadı ilə seçilən bu deputatın da namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Milli Məclisin rəhbərliyi cəmiyyətdə müsbət reputasiyası olan, fəal millət vəkillərindən formalaşdırılıb. Müxalifət nümayəndəsinin vitse-spiker seçilməsini isə Azərbaycanda siyasi mədəniyyətin yüksəldilməsi, iqtidar-müxalifət arasında münasibətlərin sivil məcraya yönəldilməsi istiqamətində atılan yaxşı addım kimi dəyərləndirmək mümkündür.

Milli Məclisin daimi komitələrinin tərkibində də yenilənmələr, dəyişikliklər olub. Belə ki, birinci vitse-spiker Əli Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Zahid Oruc İnsan hüquqları komitəsinin, Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Tahir Rzayev Aqrar siyasət komitəsinin, Musa Quliyev Əmək və sosial siyasət komitəsinin, Əhliman Əmiraslanov Səhiyyə komitəsinin, Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Adil Əliyev Gənclər və idman komitəsinin, Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin, Siyavuş Novruzov Regional məsələlər komitəsinin, Bəxtiyar Əliyev Elm və təhsil komitəsinin, Qənirə Paşayeva Mədəniyyət komitəsinin, Səməd Seyidov isə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri seçiliblər. 

Dəyişikliklərə gəlincə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri yeni seçilmiş deputat Sadiq Qurbanov seçilib. Ötən çağırış Milli Məclisdə bu postu vitse-spiker Valeh Əlsəgərov tutub. O, hökumətdə yüksək vəzifəyə təyin olunduğuna görə seçkilərə qatılmayıb. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovu isə onun müavini Tahir Rzayev əvəzləyib. Musa Quliyev də bir addım irəliləyərək müavini olduğu Sosial siyasət komitəsinin sədri postunu tutub. Xatırladaq ki, adıçəkilən komitənin sədri uzun illər dairəsi MSK tərəfindən ləğv olunan Hadı Rəcəbli olub.

Vitse-spiker Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar komitəsinin sədri postunda Siyavuş Novruzovu əvəzləyib. Novruzov isə bu dəfə Regional məsələlər komitəsinin sədri seçilib. Mədəniyyət komitəsinin sədri də dəyişdirilib, Nizami Cəfərovu bitrəf deputat Qənirə Paşayeva əvəz edib. Deputat Tahir Mirkişili isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olub. Bu komitəyə əvvəllər qocaman deputat Ziyad Səmədzadə rəhbərlik edib, o bu dəfə parlamendəki rəhbər vəzifələrə seçilməyib. Keçmiş vitse-spiker Bahar Muradova, Rəfail Hüseynov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, İsa Həbibbəyli də komitə sədri postunu itirənlər sırasındadır. B.Muradova ümumiyyətlə, seçkilərə qatılmayıb.

Qeyd edək ki, Milli Məclisin komitə sədrlərinə də yeni müavinlər seçilib. Belə ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Qüdrət Həsənquliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə Hikmət Babaoğlu, İnsan hüquqları komitəsinə Tahir Kərimli, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Asim Mollazadə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə Əli Məsimli, Aqrar siyasət komitəsinə Sabir Hacıyev, Əmək və sosial siyasət komitəsinə Məlahət İbrahimqızı, Səhiyyə komitəsinə Rəşad Mahmudov, Ailə, qadın və uşaq məsələləri komitəsinə Jalə Əliyeva, Gənclər və idman komitəsinə Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinə Sahib Alıyev, Reqional məsələlər komitəsinə Elşən Musayev, Elm və təhsil komitəsinə Musa Qasımlı, Mədəniyyət komitəsinə Fazil Mustafa və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə isə Sevinc Fətəliyeva müavin seçilib. Adlardan göründüyü kimi, sədr müavinlərinin arasında parlament müxalifətinin nümayəndələri də var. Bu da parlament təcrübəsində ilk haldır.

Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında iştirak edib və çıxış edib. Prezident qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Dövlət başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açıb. Prezident İlham Əliyev deyib ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut edib. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur. Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulayıb. 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “AzPolitika.info”-ya şərhində bildirib ki, ilk dəfədir ölkə Prezidenti İlham Əliyev parlamentin ilk iclasına qatıldı və deputatlar qarşısında çıxış etdi: "Prezident deputatlara bir sıra tövsiyələrini verdi, eyni zamanda onun tərəfindən ölkədə aparılan genişmiqyaslı islahatlarda parlamenti də iştirak etməyə çağırdı. Həmçinin, parlament rəhbərliyinin formalaşmasında bütün siyasi partiyaların iştirak etməsini zəruri saydı. Bu olduqca mühüm bir mesaj idi. Parlament rəhbərliyinə seçilən şəxslərin həyat və fəaliyyətinə baxdıqda görünür ki, onlar yetərincə peşəkar şəxslərdir. Parlamentin sədri Sahibə xanım Qafarova peşəkar parlamentarlardan biridir. Azərbaycanı xaricdə, beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edib. Yüksək bilgilərə, idarəetmə təcrübəsinə malikdir. Şübhəsiz ki, bu keyfiyyətlər yeni parlamentin işinin qurulmasında müsbət rol oynayacaq".

Ə.Nuriyev daha sonra birinci-vitse spiker Əli Hüseynlini çoxdan tanıdığını, onun peşəkar hüquqşünas, təcrübəli parlamentar olduğunu vurğuladı: "Əli müəllimin bu posta gətirilməsi də parlamentin işinin peşəkar qurulmasında mühüm rol oynayacaq. Eyni zamanda Adil Əliyev, Fəzail İbrahimli haqqında da bu sözləri demək olar. Hesab edirəm ki, bu parlament yeni çağırışlara cavab verəcək".

Yeni çağırışların nədən ibarət olmasına gəlincə, Əliməmməd Nuriyev onları belə xarakterizə etdi: "Hər şeydən əvvəl ümid edirəm ki, yeni parlamentarilər keyfiyyətli qanunlar qəbul etməklə islahatların qanunvercilik bazasını möhkəmləndirəcəklər. Qanunların keyfiyyəti xüsusi ilə mühüm bir məsələdir. Qanunlar ünvanlı və sabit olmalıdırlar. Biznes mühitinin yaxşılaşdırılmasının, ölkəyə investisiyaların cəlb olunmasının, insan hüquq və azadlıqlarının qorunmasının ən vacib şərti keyfiyyətli qanunların qəbul olunmasıdır. Ümid edirəm ki, parlament bu çağırışlara cavab verməyə çalışacaq".

Ə.Nuriyev onu da vurğuladı ki, mühüm addımlardan biri də müxalif partiya nümayəndələrinin parlamentin rəhbərliyində və müxtəlif strukturlarında təmsil olunmasıdır: "Xeyli sayda hüquqşünaslar, iqtisadçılar, politoloqlar, akademik dairələrin nümayəndələri parlamentdə rəhbər vəzifələrə seçildilər. Ümid edirəm ki, müxalifət nümayəndələrinə yeni meydan, yeni platforma verilib. Onlar öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirəcəklər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri də onun seçicilərlə necə işləyəcəyidir. Prezident də deputatlara bunu tövsiyə etdi. Deputatlar seçicilərin gündəlik qayğılarını, problemlərini bilməlidir. Həmçinin parlamentin aparatı da iş rejimini dəyişməlidir. Struktur dəyişklikləri aparılmalıdır. Səfa müəllim çox təcrübəli, bacarlı kadrdır, həmçinin aparatda çalışan qabiliyyətli hüquqşünasları, mütəxəssisləri tanıyıram. Ümid edirəm, onların fəaliyyəti də yeni parlament üzvlərinin fəaliyyətinə adekvat olacaq. Mən yeni parlamentə uğurlar arzu etmək istərdim. Ümid edirəm, həm cəmiyyətin onun qarşısında qoyduğu vəzifələrin öhdəsindən gələcəklər, həm də ölkə başçısının apardığı islahatların dərinləşməsinə, hüquqi bazanın möhkəmlənməsinə yeni, mükəmməl qanunlar qəbul etməklə töhfə verəcəklər".

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 2 730          Tarix: 11-03-2020, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma