Rusiyada ultramillətçi Milli Bolşevik partiyasının lideri, özünün qatı faşist-ekstremist mövqeyi və azərbaycanlılara nifrəti ilə tanınan qalmaqallı yazıçı Eduard Limonov ölüb. Virtualaz.org Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 77 yaşlı Limonovun öldüyü haqda Dövlət Dumasının deputatı Sergey Şarqunov məlumat verib. Onun xəstəliyinin təfərrüatları açıqlanmır, amma bildirilir ki, Limonov üzərində aparılan iki cərrahiyə əməliyyatına davam gətirə bilməyib. Onun dəfn mərasiminin ictimaiyyətə qapalı olacağı bildirilir.
Eduard Limonov türklərə və o cümlədən azərbaycanlılara qatı nifrətini büruzə verən, Rusiya hakimiyyətinə qarşı müxalifətdə olan, eyni zamanda Krımın ilhaqına və Donbasda rusiyameylli separatçıların dəstəklənməsinə görə prezident Putini dəstəkləyib.
Limonov Qarabağdakı erməni separatçı rejiminə də açıq dəstək verirdi və 2017-ci ildə işğal altındakı ərazilərə qanunsuz səfər edərək qondarma “müdafiə naziri” Levon Mnatsakanyanla görüşüb. Daha sonra erməni hərbçilərinin müşaiyəti ilə təmas xəttinin Goranboy istiqamətinə baş çəkmişdi.
Limonov deyirdi ki, onu bu torpaqlara “türklərə olan qatı nifrəti” dartıb gətirib. Limonov erməni səngərindən Gülüstan kəndinə tamaşa edib və kəndin “tezliklə azad ediləcəyini gözlədiyini” deyib.
Daha sonra Limonov Gülüstan kəndinin əfsanəvi məkan olduğunu yada salırdı. “Burada, 1813-cü ilin oktyabrında Gülüstan sülh müqaviləsi bağlanıb, hansı ki, Fars imperiyası həmin torpaqları, müasir Azərbaycanın bir hissəsini, o cümlədən Qarabağ xanlığını həmişəlik bilirsinizmi kimə verib? Bizə, ruslara, Rusiyaya. Müqavilə Zeyvə çayının sahilində imzalanıb. Və budur, biz həmin kəndin yuxarısındayıq, ona səngərdən baxırıq. Bu tarixi müqavilə barədə dünya unutmağı üstün tutub, hərçənd bu torpaqlar bizim üçün Kuril adalarından daha vacibdir”-Limonov yazır.
Qeyd edək ki, Limonov təkcə Azərbaycan deyil, Ukrayna və Qazaxıstan ərazilərinin də bir hissəsini “Rusiya torpaqları” adlandırırdı. Həmin torpaqların Rusiyaya birləşdirilməsinə çağırırdı.
Paylaş: