Xəbər lenti


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) audit yoxlamalarına başlanılıb.

BakuPost-un əldə etdiyi məlumata görə, yoxlamalar əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də, audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.

Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydaya” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyib.

Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.

Sayt audit yoxlamaları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb. B.İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:

“Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün yanlış informasiya verə bilərəm.
Mən jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə Mətbuat prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi Mətbuat prospektində yerləşir – red.). Bütün günüm burada keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

KİVDF-yə təzə gələnlərdən də bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.
Xatırladaq ki, bir müddət öncə mətbuatda yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığı yazılmışdı.

Yazıda qeyd olunurdu ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayevi və fondun tərkibində olan tikinti şöbəsinin beş əməkdaşını işdən uzaqlaşdırıb.



Ana səhifəyə qayıt        Baxış: 3 068          Tarix: 2-05-2020, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma