Xəbər lenti


Sərbas Nəzəri
“Əl-Monitor, 01.05.2020
 
Mayın 28-də açılışı olacaq İranın yeni Məclisində spiker postunu tutmaq istəyən bir sıra millət vəkilləri arasında gərgin mübarizə gedir.
Ardıcıl 12 il ərzində Əli Laricani İranın ən uzun müddətli spikeri adını qazanaraq mövqeyini möhkəmləndirmişdi. Bununla birlikdə, nüfuzlu siyasətçi 2021-ci ilin prezident seçkilərində iştirak edəcəyi barədə fərziyyələr doğuraraq yeni parlamentə namizəd olmamaq qərarına gəlib.
Laricaninin gedişi ilə güclü mövqe uğrunda mübarizə qızışır. Fevralın 21-də keçirilən seçki ənənəvi islahatçı rəqib namizədlərin yolunun ultramühafizəkar orqan olan Nəzarətçilər Şurası tərəfindən bağlanılması ilə mühafizəkar düşərgəyə asan qələbə qazandırıb.
Birtərəfli rəqabət, eyni zamanda, rekord dərəcədə aşağı fəallıq doğurub. Paytaxt Tehranda seçicilərin laqeydliyi, yalnız 26%-nin səsvermədə iştirakı qaliblərin ümumi legitimliyini şübhə altına alıb. 11-ci çağırış parlamentin 289 üzvündən cəmi 20 nəfəri islahatçı və ya mötədildir.
Amma böyük qələbə belə mühafizəkarları bir-birinə yaxınlaşdırmaq üçün az kara gəlib. Uzun müddətdir davam edən daxili çalxalanmalar 2013 və 2017-ci ilin prezident seçkilərində onların ardıcıl iki məğlubiyyətinə səbəb olub. Yeni parlamentə kimin sədrlik etməsi ilə bağlı mübahisə isə artıq köhnə ədavəti qızışdırıb.
Nəzəri olaraq, Tehran dairəsində ən çox səs toplayan Məhəmməd Baqir Qalibaf ən şanslı namizəddir. 12 il Tehranın meri vəzifəsində olarkən korupsiya və prezidentliyə üç uğursuz təşəbbüslə çoxsaylı ittihamlara məruz qalmasına baxmayaraq, Qalibaf İranın siyasi mənzərəsinə ciddi təsir göstərməkdə davam edir. Amma onun parlament sədrliyinə yolu hamar deyil.
“O, oturduğu yerdə qalmalı və spikerlik uğrunda döyüşə girməməlidir”, – deyən keçmiş prinsipçi millət vəkili Mansur Həqiqətpur Qabilibafın “Paydari” – “İslam Cəbhəsi” üzvləri tərəfindən “idarə olunacağı” xəbərdarlığı edib. Bu, mühafizəkar düşərgənin ən barışmaz təbəqəsini təmsil edən qurumdur.
“Paydari”nin ağlında özünün baş katibi Mürtəza Ağatehrani var. Prinsipçi din xadimi və Nyu-York İslam İnstitutunun keçmiş rəhbəri həmfikirlərindən ibarət kütlənin köməyinə ümid edir. Daha geniş spektrdən birlik çağırışlarına baxmayaraq, Ağatehrani və “Paydari” daxilindəki müttəfiqləri hələ seçki dövründə Qalibafı Tehran seçki dairəsi üçün təklif olunan namizədlər siyahıya daxil etməkdən imtina ediblər, bu da ruhaninin keçmiş Tehran merindən az iddialı olmadığının ilk siqnalıdır.
Fərziyyələr göstərir ki, daha 10 parlament üzvü də spiker vəzifəsinə namizəddir. 2017-ci il prezident seçkilərində məğlub namizədlərdən biri olan İslam Koalisiya Partiyasının veteran siyasətçisi Mustafa Mirsəlim paytaxtda ikinci ən çox səs toplamış namizəd olandan daha inamlı görünür.
Bu arada, yeni seçilmiş millət vəkillərinin böyük bir qrupu, illər əvvəl ənənəvi mühafizəkarlardan ayrılan keçmiş mühafizəkar prezident Mahmud Əhmədinejadın (2005-2013) düşərgəsindədir. Yeni parlamentdə 50-yə yaxın tərəfdarı olan Əhmədinejadın komandası, əsasən, onun keçmiş Nazirlər Kabineti üzvləri və sabiq valilərdən ibarətdir. Hətta bu klanda da birlik yoxdur. 4 nəfər iddialı var. Onların arasındakı İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Firidun Abbasi 2010-cu ildə Tehranda İran nüvə alimlərini hədəf alan “Mossad”ın planlı hücumlarının birindən sağ çıxıb.
“Məncə, sonrakı spikerin kim olacağı əhəmiyyətli deyil, çünki vacib məsələlərə gəldikdə, qərar verən parlament olmur”, – sabiq millət vəkili Əli Mütəhhəri bildirib. O da Nəzarətçilər Şurasının qadağası ilə seçkidən kənarda qalıb.
İran parlamentinin səlahiyyət dairəsi ötən ilin noyabr ayında böyük narazılığa səbəb olan və ölkəni çalxalandıran yanacaq qiymətləri artımına dair mübahisəli bir sxemlə mübahisə mövzusu olub. O dövrdə bəzi millət vəkilləri, o cümlədən Mütəhhəri parlamentin milli təhlükəsizlik üçün bu qədər vacib olan planla bağlı məlumatsız qalmasından şikayətlənib.
Prinsipçilərin üstünlük təşkil etdiyi yeni Məclis, müddəti başa çatmaqda olan və atdığı hər addıma görə onlarla mübarizə aparmaq məcburiyyətində qalacaq mötədil prezident Həsən Ruhani üçün xoş xəbər deyil. Son 7 ildə Ruhani getdikcə mühafizəkar düşərgədən uzaqlaşan Laricaninin güclü dəstəyindən məmnun idi. Yeni parlamentdə spiker olma ümidli İlyas Naderanın fikrincə, qarşıda prezidenti çətin günlər gözləyir.
Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 606          Tarix: 2-05-2020, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma