Xəbər lenti

Ukrayna-Rusiya münasibətləri müharibə həddində!


İyulun 5-də Ukrayna Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən tədbirdə prezident Vladimir Zelenskinin çıxışı Rusiya ilə münasibətləri daha da gərginləşdirib.
Musavat.com-un qazeta.ru-ya istinadən məlumatına görə, Ukrayna prezidenti deyib ki, ukraynalılar Krımı işğal edənləri heç vaxt bağışlamayacaq. O, ad çəkməsə də, Ukrayna dənizçilərinə işğalın qarşısını almağa imkan verməyənləri də heç vaxt bağışlanmayacağını vurğulayıb.

İyulun 1-də Rusiyada keçirilən referendumda Donbas əhalisinin də “iştirakı” və Moskvanın bunu elan etməkdən çəkinməməsi Kiyevdə haqlı narazılıq yaradıb. Bu səbəbdən son günlər Kiyev 2014-cü ildə baş vermiş anneksiyanın möhkəmlənməsinə xidmət edən, Rusiya ilə Krımı birləşdirən körpünün raketlə vurulmaq ehtimalından danışır.
Ukraynanın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiralı Aleksey Neijpapa iyulun 5-də yerli mediaya verdiyi müsahibədə Rusiya ilə genişmiqyaslı qarşıdurma gözlənildiyini deyib. O, hücumun Krım ərazisindən başlaya biləcəyini bildirib.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanın sözlərinə görə, Rusiya ordusu Krımın içməli su problemini həll etmək üçün Xerson bölgəsini ələ keçirməyə cəhd göstərir. “Bölmələrimiz bu cür plana qarşı hazırlaşır. Bütün planları açıqlaya bilmərəm, amma burada kiçik bir həqiqət var: Ukraynanın “Neptun” raket sistemi Sevastopola çatmağa qadirdir. Orada görəcəyik" deyib.
Ukrayna admiralının sözlərinə görə, Rusiya ordusu ilə belə genişmiqyaslı qarşıdurma baş verərsə, həm hərbçilər, həm də mülki əhali arasında çox sayda itki olacaq. "İndi çoxları bunu başa düşmür - baxmayaraq ki, ölkə yeddinci ildir ki, müharibə vəziyyətindədir" deyə, o bildirib.

Bundan əlavə, Ukrayna rəsmilər Rusiyanın Qara Dəniz Donanması üçün anneksiyadan əvvəl verdiyi kirayə haqqını yada salırlar və Kremlin Kiyevə borclu olduğunu deyirlər. Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar "Ukrinform" a verdiyi müsahibədə Moskvanın Krımdakı Qara Dəniz Donanması üçün 2014-cü ildən bəri illik 100 milyon dolları ödəmədiyini bildirib. Rusiya tərəfinin donanma bazası üçün Ukraynaya pul ödəməsi barədə suala cavabında Bondar deyib: “Bəli, ildə təxminən 100 milyon dollar verilməlidir. Ancaq 2014-cü ildən bəri heç bir ödəniş edilməyib”.

Rusiyalı politoloq Yevgeni Satanovski iki ölkə arasında münasibətlərin gərginləşməsi, xüsusilə Kiyevdən verilən bəyanatlara hədələyici münasibət bildirib. O, deyib ki, "buna bənzər (hərbi əməliyyatlar) bir qərar alınsa, Ukrayna dövlət olaraq qalmayacaq”. Politoloq Ukraynanın parçalanacağını, Rusiyanın “qəfildən böyüyəcəyini”, Ukraynanın qalıqlarının isə Avstriya və Efiopiya kimi dənizə çıxışı olmayacağını” söyləyib. Və sonda əlavə edib ki, o zaman dövlətin paytaxtı Kiyev deyil, Krıjopol olacaq. O, Ukraynanın Krımı geri almaq şansı olmadığını, NATO və Qərbin Kiyevə heç bir hərbi kömək etməyəcəyini də vurğulayıb.

Rəsmi Kremlin cavabı yoxdur. Amma iyulun 6-da efirə gedən “Solovyovla müzakirə” proqramında bu mövzu geniş müzakirə edilib. Solovyov Ukraynanı aşağılayan ifadələr işlədib, Rusiyaya heç bir vaxt dəniz müharibəsində qalib gəlməyin mümkün olmadığını deyib.
Ukrayna tərəfi isə digər dövlətlərin Krımın “rus statusunu” tanımadığını da önə çəkirlər. Bir sıra Avropa ölkələri və ABŞ-ın yarımadanın Rusiyanın tərkibinə daxil olmasından dərhal sonra bölgəyə qarşı iqtisadi məhdudiyyətlər tətbiq edyini xatırladırlar. Ayrıca, Rusiyanın strateji müttəfiqinə çevrilmiş Türkiyənin Krımın statusunu tanımaması qərarını qabardırlar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha xatırladıb ki, Ankara heç vaxt yarımadanı Rusiyanın bir hissəsi kimi tanımayacaq. "Biz Ukraynanın ərazi bütövlüyünü, eləcə də onun suverenliyini dəstəkləyirik və Krımın qanunsuz ilhaqını tanımadığımızı açıq şəkildə təsdiqləyirik. Bu, Türkiyənin prinsipial mövqeyidir və heç vaxt dəyişməyəcək" deyə vurğulayıb.
Rusiya tərəfi isə Türkiyənin bu mövqeyindən narahat deyil. “Əsas odur ki, Rusiya Krımı tanıyır və dəstəkləyir. Türkiyə xarici işlər nazirinin bu açıqlaması bizi təəccübləndirmir. Biz onların tanımasına ehtiyac duymuruq və əhəmiyyət vermirik ”- deyə, “RİA Novosti”yə açıqlamasında Krım bölgəsindən senator, Federasiya Şurasının Xarici İşlər Komitəsinin üzvü Sergey Tsekov bildirib.
 
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 076          Tarix: 6-07-2020, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma