İyunun 14-ü axşam saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Çarbahar şəhərində ETTELAAT əməkdaşları ilə müxalif sünni “Əl-Fürqan” dəstəsi üzvləri arasında baş verən silahlı atışmada 3 nəfər həlak olub, 5 nəfər yaxalanıb. Ölənlərdən biri ETTELAAT əməkdaşıdır.
Bu barədə Çarbahar şəhərinin fərmandarı Əyyub Dərvişi mediaya açıqlamasında xəbər verib. O bildirib ki, ETTELAAT əməkdaşları yaraqlı dəstə üzvlərinin qaldığı mənzili müəyyənləşdirdikdən sonra həmin evə basqın ediblər: “Əməliyyat nəticəsində baş verən silahlı atışmada terrorçu qruplaşmanın üzvlərindən 2-si həlak olub, 5-i yaxalanıb. Əməliyyatda həmçinin ETTELAAT əməkdaşı Həsən Əşuri qarşı tərəfin atəşinə məruz qalaraq şəhid olub. Terrorçuların qaldığı mənzildən partlayıcı maddələr, intihar kəmərləri, silah və digər hərbi avadanlıqlar aşkarlanaraq götürülüb”.
Hadisədən bir neçə saat sonra jurnalistlərə açıqlama verən ETTELAAT rəhbəri Mahmud Ələvi, baş vermiş olaya toxunaraq Səudiyyə Ərəbistanı hökumətini terrorçulara dəstəkdə günahlandırıb: “Çarbaharda tutulan terrorçulardan 3-ü İran, 2-si isə qonşu ölkələrin vətəndaşlarıdır. Biz onların ölkədə hansısa bir təxribat planını həyata keçirmək istədiklərini bilirdik. Ona görə də onları həmişə nəzarət altında saxlayırdıq.
Bu gün həm də Kürdüstan əyalətində daha bir terrorçu qruplaşmanın üzvlərinə zərbə vurmuşuq. Düşmən boş-bekar oturmayacaq. Onlar İŞİD-in Raqqa, Mosul və digər yerlərdə məğlubiyyətlərindən sonra İranın sorağına gəliblər. Onlar nəyin bahasına olur-olsun ölkəmizdə taraqqa partlatmağa çalışır və bununla da əvvəlki məğlubiyyətlərini ört-basdır etməyə və onu unutdurmağa cəhd edirlər.
Bizdə olan məlumatlara görə, ölkəmizə göndərilən bu kimi terrorçu qruplaşmaların sponsoru Səudiyyə Ərəbistanıdır. Bu ölkə, bir sıra qonşu ölkələrdən muzdlu terrorçular işə cəlb edərək onları təxribat törətmək üçün ölkəmizə sövq edir. Biz isə bunun qarşısını alacağıq”.
Paylaş: