Xəbər lenti


Dünənki mitinq-yürüşün sonunda baş verənlərin video və foto görüntülərini gördükcə adamların sifəti bir-bir yadıma düşür. Bu adamlar, camaat Şəhidləri xiyabanının qarşısına yığılana kimi 1-2 dəfə təkbir gətirdilər. Tamam, anlaşılandı.

Xiyabana çatanda gördük ki, həmin uşaqlar çıxıblar xiyabanın girişində hündür bir yerə, oradan camaatı yönəltməyə çalışırlar. Lakin xoşbəxtlikdən meqafon olmadığı üçün səsləri yaxşı eşidilmirdi.



Ancaq qulağım bir neçə kəlmələrini aldı. İçərilərində bir nəfər deyirdi ki, biz nə desək, siz də yüksək səslə “amin” deyərək qışqırın.
 Nə isə, onların göstərişi üzrə bir-iki nəfər “amin” deyərək bu adamlara reaksiya verdilər. Ancaq çox keçmədi ki,  şüarlar "Vur keç səngəri, Azərbaycan əsgəri", "Ali Baş Komandan silah ver bizə", "Ən böyük əsgər bizim əsgər" şüarları ilə əvəz edildi.



Bu proses demək olar ki, insanlar Milli Məclisin qarşısına yönləndirilənə qədər davam elədi. Sonra elə bu adamlardan bir-ikisi işıq dirəyinə çıxıb Azərbaycan bayrağını oraya bağladı (düzü, buna anlam verə bilmədim). Ardınca isə başladılar Kərbəla qiyamətindən danışmağa. Camaat etiraz elədi ki, biz bura dini məsələlər üçün yığılmamışıq, əsgərə, orduya, dövlətimizə dəstək üçün gəlmişik.



Sonra polislər gəldilər və bayrağı əllərinə götürüb, dalğalandıraraq, "Vur keç səngəri, Azərbaycan əsgəri", "Ən böyük əsgər bizim əsgər" - şüarlarına qoşuldular. Hər şey möhtəşəm idi, polislərin bu dəstəyi də insanlara ləzzət elədi. Çox yaxınlığımda iki nəfər vardı, həmin adamlar narahat idilər ki, proses istədikləri kimi getmir.



Buna görə də "nə oldu, o polisin rütbəsini artırmadılar?", - deyə, replikalar atmağa başladılar. Atam, mən və yanımızda bir neçə nəfər o adamlara "sizin fikriniz nədir, bura hansı məqsədlə gəlmisiniz?" sualını verəndən sonra həmin şəxslər tələm-tələsik bizdən uzaqlaşdılar.



Sonra insan seli daha da artdı və insanlar ordumuzun yanında olduğunu, Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını dilə gətirən şüarlar səsləndirməyə davam edirdilər. Azca sakitlik yaranan kimi “LƏBBEYK YA HÜSEYN” deyən 15-20 nəfər şüarları dəyişirirdilər. Hansı ki, artıq mənzərədən narahat idilər. Amma camaat onların o şüarları çox səsləndirməyinə imkan vermirdilər və bu adamlara qoşulmurdular. İçlərində göy rəngdə idman geyimi geyinmiş bir gənc də vardı ki, "Salavat zikr edün dəəəə, müsəlman yoxdu burda?" deyib, insanlara psixoloji təzyiq edirdi.



İnsanlar axıra kimi qoşulmadı bunlara. Saat 03:50 idi, polisin meydanı boşaltma çağırışından sonra insanlar polisləri alqışlaya-alqışlaya evlərinə getməyə başladılar. Amma bir dəstə vardı ki, "getməyin qardaşlar" deyib, camaatı saxlamağa çalışırdı.

Nə üçün və niyə çağırdıqları bəlli oldu. Kaş o adamları elə ilk anındaca insanların özü zərərsizləşdirərdi və polisə təhvil verərdilər. Bu qədər möhtəşəmliyi, əzəməti öz alçaq addımları ilə kölgədə qoydular.




Toğrul İsmayıl
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 187          Tarix: 15-07-2020, 20:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma