Xəbər lenti


Ermənistanın 12 iyul hərbi avantürası bir çox məqamlara aydınlıq gətirdi. Bir çox önəmli faktorların ortaya çıxmasına münbit şərait yaratdı. Və heç şübhəsiz ki, Cənubi Qafqaz regionunda yeni situasiyanın yaranmasına yol açdı.

Əsas məsələ odur ki, Azərbaycan ordusu əvvəlcə Ermənistanın hərbi təxribatlarını dəf etdi, ardıncasa, düşmənə sarsıdıcı zərbələr vurdu. Həm də elə sarsıdıcı zərbələr vurdu ki, Ermənistan hələ də özünə gələ bilməyib.

Düşmən savaş meydanında zəif olduğunu, məğlubiyyətdən qaça bilməyəcəyini anladı və geri çəkilmək məcburiyyətində qaldı. Heç yerdən umduğu ənənəvi dəstəyi də ala bilməyən rəsmi İrəvan panik duruma düşdü. Və indi düşmən bu qəliz durumdan çıxış yolu axtarmaqla, gələcəyini xilas etməyə çalışır.

Ancaq deyəsən, Ermınistanı bu durumdan çıxartmaq niyyətinə düşənlər, hər halda, olmamış deyil. Sadəcə, rəsmi İrəvana canı yananların sırasında bu dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərinə, Ermənistanın da təmsil olunduğu KTMT-nin üzv dövlətlərinə, hətta Rusiyaya belə, rast gəlinmir.

Belə ki, nə qədər acı da olsa, etiraf etmək lazımdır. İndi bütün dünyada ermənilərə ən çox canı yanan məhz bəzi “azərbaycanlılar”dır. Bu bəzi “azərbaycanlılar” elə şivən qoparıblar ki, hətta onların davranışlarına ermənilər də təəccüblənməkdən özlərini saxlaya bilmirlər. Çünku bu bəzi “azərbaycanlılar” hazırda ermənilərdən daha çox ermənilik edirlər.

Əlbəttə ki, biz də təəccüblənirik. Çünki bu ölkədə doğulub, bu ölkənin suyunu içib, çörəyini yeyib, ermənilərə canı yananlıq etməyin məntiqini, səbəbini anlamaq o qədər də asan məsələ deyil. Bu, necə ola bilər... Bir insanı öz xalqına düşmənçilik etməyə, düşmən üçün isə göz yaşları tökməyə hansı səbəblər vadar edə bilər..?

Yəqin ki, buna erməni təəssübkeşi olan “azərbaycanlılar”ın özləri daha doğru cavab verə bilərlər. Amma hər halda, bizi istər-istəməz bəzi məqamlar maraqlandırır.

Məsələn, Azərbaycana qarşı qarayaxma kampaniyasının “baş qəhrəmanları” – Sevinc Osmanqızı və Arif Məmmədov öz xalqına necə düşmən olublar? Bu adamlar və onların dəstəkçiləri Azərbaycan ərazilərinin 20 faizinin məhz Ermənistan tərəfindən işğal edildiyini bilmirlərmi? Xocalı soyqırımını ermənilərin törətdiyindən xəbərləri yoxdurmu? Əsir düşən insanların başına açılan faciələr barədə məlumatlı deyillərmi?
Təbii ki, bu kimi sualların sırasını istənilən qədər uzatmaq mümkündür. Ancaq bunun nə faydası olacaq ki...

Məsələn, Sevinc Osmanqızı adını soyad olaraq, istifadə etdiyi atası Osman Mirzəyevin ermənilər tərəfindən qətlə yetirdiyini bilmirmi? Əgər bilirsə, doğma atasının qatillərini – erməniləri müdafiə edərkən vicdanı sızlamırmı? Görəsən, atası bu qadının yuxusuna heç girmirmi? Atası sağ olsaydı, onun bu “erməni sevgisi”nə necə reaksiya verərdi, görəsən...

Sevinc Osmanqızı bir qadındır. Və bir qadının yaradılışdan ən böyük missiyası ana olmaqdır. Bu baxımdan, bir qadının yaşadığı övlad acısını da ən yaxşı elə qadın anlaya bilər.

İndi Azərbaycanlıların xarici ölkələrdəki vətənpərvərlik aksiyalarını təşkil edilmiş “provakasiya” adlandıran Sevinc Osmanqızı 18-20 yaşlarındakı övladları vətən uğrunda şəhid olmuş şəhid analarının qarşısına keçib, eyni sözləri təkrarlaya bilərdimi? Ümumiyyətlə, əgər, bu qadın şəhid anasının qarşısına keçmək cəsarətini özündə tapsaydı, “provakasiya” sərsəmləməsindən sonra övlad acısı çəkən o ananın gözlərinə baxaraq, hansı hissləri yaşayardı?


Ancaq Sevinc Osmanqızından belə yüksək mənəvi dəyərlərlə bağlı həssaslıq gözləmək sadəlövhlük olardı. Çünki adından soyad kimi istifadə etdiyi şəhid atasının ruhundan xəcalət çəkməyən bir qadın şəhid anasının acısından da anlamaz...

Hələ o birisinə nə deyəsən... Elimizin adətinə görə, vətən darda olanda kişilər əlinə silah alıb, torpaqlarını, xalqını qorumalıdır. Arif Məmmədov isə vətəninə, xalqına arxadan “atəş” açır, zərbə vurur. Ermənilərin belə, etmədiyi pisliyi edir. Ölkəsi üçün ermənidən daha çox erməni olmağın modelini yaradır.

Arif Məmmədovu keçəl Həmzəyə və yaxud Yalıncağa da bənzətmək olardı. Ancaq Arif Məmmədovun erməniçiliyini müqayisə etdikdə, belə bir bənzətmə keçəl Həmzə və Yalıncaq üçün haqsızlıq olardı.

Məsələ ondadır ki, Arif Məmmədovun dediklərini artıq ermənilər sosial şəbəkələrdə kütləvi şəkildə paylaşmağa başlayıblar. Və paylaşarkən də “biz demirik, özləri deyir” qeydini yazmağı da unutmurlar...


Onun sayıqlamaları ermənilərin o qədər xoşuna gəlib ki, hətta “Rusiya erməniləri ittifaqı”nın rəhbərlərindən olan Levon Mukanyan da Arif Məmmədovu “şərəf”ləndirib. Çünki adam ermənilərdən daha çox ermənilərə xidmət etmək qabiliyyəti ilə diqqəti çəkib. Yəqin ki, yaxın vaxtlarda bu adama Ermənistanın dövlət mükafatı verilməsə, ona bir qədər haqsızlıq etmiş olacaqlar.

Məsələ ondadır ki, Arıf Məmmədov xarici ölkələrdəki azərbaycanlıların vətənpərvərlik aksiyalarının Azərbaycanın xüsusi xidmət servisləri tərəfindən təşkil olunduğunu iddia edir. Görəsən, bunu özü deyir, yoxsa ona hazır mətn verib, əzbərlətdirən də var?

Çünki ağlı başında olan heç kəs belə sərsəm iddiaya müəlliflik etməz. Məgər, hər hansı bir Azərbaycanlıya vətənpərvər olmaq üçün xüsusi xidmət servislərinin təşviqi lazımdır? Əksəriyyəti cəbhə bölgəsindən olan, ata-analarının, qohum-əqrəbalarının yaşadığı evlər hər gün ermənilər tərəfindən atəşə tutulan bir azərbaycanlının vətən təəssübü çəkməsində xüsusi xidmət servislərinin hansı rolu ola bilər ki...

Arif Məmmədov necə düşünür? Bəlkə həmin Azərbaycanlılar da doğulub, boya-başa çatdıqları evlərinin ermənilər tərəfindən hər gün atəşə tutulmasını alqışlamalıydılar? Bəlkə onlar ermənilərə Azərbaycanın 20 faizini deyil, hamısını işğal edin, deməliydilər?

Belə adamların Azərbaycana aidiyyatları barədə düşündükcə, heyrətlənməmək olmur... Arif Məmmədova məktəbdə və ya böyüdüyü evdə ana, vətən kəlmələrinin anlamını öyrətməyiblərmi?

Bəli, doğru deyiblər, vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Görəsən, Arif Məmmədovda vicdan varmı? Vicdanı varsa, onu bu vətənə düşmən edən hansı səbəbdir?

Axı, elə həmin o Levon Mukanyan Arif Məmmədovun bədnam videosunu paylaşarkən, onun təqdimatını da yazıb: “Azərbaycanın Avropa Birliyindəki keçmiş səfiri...” Görəsən, bu təqdimatı yazarkən o erməni dığası Arif Məmmədov barəsində nə düşünüb?

Təbii ki, biz bunu bilmirik... Amma bildiyimiz bir şey var ki, Arif Məmmədovun etdikləri nankorluqdur, xəyanətdir.

Təsəvvür edirsinizmi, bu nankor adam Azərbaycanın səfiri olub. Bu nankora dövlət tərəfindən etimad göstərilib və Azərbaycanı Avropa Birliyi kimi nüfuzlu beynəlxalq qurumda təmsil etmək səlahiyyəti verilib.

Belə bir adam Azərbaycan dövlətini necə təmsil edib, görəsən... Hələ utanıb-qızarmadan deyir ki, Azərbaycanın səfirliklərində fəaliyyət göstərən şəxslərin əksəriyyəti guya xüsusi xidmət servislərinin əməkdaşlarıymış...

Bu adam sadəcə, sayıqlayır. Əks halda, dediklərinin anlamını süzgəcdən keçirə bilərdi. Çünki, bu nankor da nə vaxtsa, səfir olub, axı... İndi bu nankordan soruşmaq lazımdır ki, bəs, sən də səfir olubsan və xüsusi xidmət servislərinin əməkdaşı deyildinmi?

Elə bu sualın özü Arif Məmmədovun “səfirliklərdə çalışanların xüsusi xidmət servislərinin əməkdaşı” olması barədə dediklərinin sərsəmləmədən başqa bir şey olmadığını göstərir. Və səfirliklərdə çalışanlarımızın deyil, məhz Arif Məmmədovun özünün arxasında hansısa xüsusi xidmət servislərinin dayandığını təsdiqləyir. Ona görə də, bu nankor başqalarına böhtan atmaqdan öncə hansı ölkəyə və ya ölkələrə satıldığını açıqlasa daha yaxşı olar.

Bəli, Arif Məmmədov cəsarətin çatırsa, keç videokameranın arxasına və açıqla... Bəs, hazırda şəxsən sənin arxanda hansı ölkələrin xüsusi xidmət servisləri dayanır? Açıqla ki, hamı bilsin...

Göründüyü kimi, bu yazımızda xeyli suallar ortaya çıxdı, hamısı da cavabsızdır. Çünki Sevinc Osmanqızı və Arif Məmmədov kimi nankorların, xainlərin, millətinə, xalqına, dövlətinə dönük çıxıb, ermənidən daha çox erməniyə çevrilənlərin davranışlarını, qarın ağrılarını, quyruq acılarını anlamaq mümkün deyil. İndi üzərində düşünülməsi vacib olan əsas məsələ odur ki, bu iki üzdəniraq nankor və bunlara bənzərlər hansı dövlətin və ya dövlətlərin xüsusi xidmət servislərinin əməkdaşlarıdır...

“Yeni Müsavat” qəzeti



Ana səhifəyə qayıt        Baxış: 2 799          Tarix: 29-07-2020, 22:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma