Xəbər lenti


Azərbaycanda keçirilən təlimlər Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən və illik təqvim planına uyğun olaraq keçirilir. Bu, olduqca yüksək qiymətləndirilməli bir hadisədir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Onun özlərinə görə, hər şeydən öncə qeyd etmək lazımdır ki, qardaş Türkiyə ilə Azərbaycan arasında təbii, tarixi, strateji müttəfiqlik əlaqələri mövcuddur:

“Əlbəttə, istənilən ölkə ilə ortaq maraqlardan çıxış etmklə strateji müttəfiqlik əlaqələri yaratmaq olar. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik tamam fərqlidir. Ona görə də biz, onu təbii, tarixi, strateji müttəfiqlik adlandırırıq. Təbii deyən zaman iki ölkənin xalqlarının eyni millət olmasını, tarixi dedikdə isə tarixən çoxsaylı ortaq dövlət qurmaqla eyni siyasi keçmişə aid olduğumuzu bildiririk.

Bunlar olduqca əhəmiyyətlidir. Təkcə ötən əsrdəki münasibətlər tariximizə diqqət etsək görəcəyik ki, Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən Qafqaz İslam ordusu, Türkiyədə cümhuriyyət qurularkən isə azərbaycanlılar nə qədər fədakarcasına bir-birilərinin yanında olmağı bacarıblar. Bu və buna bənzər çoxsaylı qardaşlıq münasibətləri bu gün də siyasi tariximizin hazırkı mərhələsində müttəfiqliyimizi zəruri edir. Hazırkı mərhələdə Türkiyə-Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil, bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir. Çünki iki qardaş dövlətin səyləri ilə gerçəkləşdirilən strateji enerji və nəqliyyat-kommunikasiya layihələri təkcə Qafqaz regionu üçün deyil, bütövlükdə Avropa üçün strateji əhəmiyyətə malikdir. Ona görə də bu münasibətlər böyük bir geostrateji rayonda mühüm hərbi-siyasi tarazlıq yaradır”.
Hikmət Babaoğlu daha sonra deyib:

“Ermənistan regionda yeganə ölkədir ki, işğalçılıq siyasəti həyata keçirməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bölgədə daim terror siyasəti həyata keçirib, digər qonşu ölkələrə qarşı da torpaq iddiaları irəli sürməklə bölgənin ümümi inteqrasiyasına və əməkdaşlığına ciddi ziyan vurub. Eyni zamanda özünü regional əməkdaşlıqdan və inteqrasiyadan mərhum edib. Ona görə də əməkdaşlıq və tərəfdaşlığın rəmzi olan və regional təhlükəsizliyə töhfə məqsədilə keçirilən bu təlimlərdən narahat olur.

Erməni işğalçı ordusunun dövlət sərhədində törətdiyi təxribatla bu təlimlərin əlaqəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bunlar arasında əlaqə qurmaq yalnız erməni xəstə təxəyyülünün məhsulu ola bilər. Azərbaycanın güclü ordusu var və öz ərazi bütövlüyünü bərpa edəcək peşəkar kadrlara, texniki təhcizata və yüksək döyüş qabiliyyətinə malikdir. Ona görə də ermənilər hadisəni bu cür təqdim etməklə əslində Türkiyə-Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışırlar ki, bu da baş tutan məsələ deyil. Əgər Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilsin”.



Ana səhifəyə qayıt        Baxış: 2 796          Tarix: 30-07-2020, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma