Xəbər lenti

Enerji rezervləri uğrunda qarşıdurma dünyanın nəhəng hərbi donanmalarını qarşı-qarşıya gətirib... Şərqi Ağdənizdə Türkiyəyə qarşı qurulan hərbi ittifaq təxribatçı davranışlarla gərginliyi artırmağa çalışır...

Türkiyənin Qara dənizdə təbii qaz qaynaqları tapması bütün dünyada önəmli hadisə kimi dəyərləndirilir. Çünki enerji resursları qaynaqları istənilən dövlət üçün xarici mənbələrdən asılılıq səviyyəsinin azaldılmasında xüsusi rol oynayır. Həmin dövlətin xarici siyasətinə daha çox müstəqil davranma imkanları açır.

Türkiyənin özünə aid təbii qaz qaynaqlarına sahib olması da bütün dünyada rəsmi Ankaranı gücləndirən önəmli iqtisadi faktor olaraq, qabardılır. Belə ki, bundan sonra həm iqtisadi, həm hərbi gücünü artıracaq, həm də xaricdən olan enerji asılılığını zəiflətmiş olacaq. Yəni yaxın gələcəkdə indikindən daha güclü Türkiyənin beynəlxalq siyasət məkanında yer alması artıq qətiyyən istisna deyil.

Ona görə də, prezident Rəcəb Tayyib Ərdoğanın kəşf edilən təbii qaz qaynaqları ilə bağlı məlumatı Türkiyə cəmiyyətinə xüsusi müjdə olaraq, çatdırması o qədər də təəccüblü deyil. Üstəlik, prezident R.T.Ərdoğanın Qara dənizdəki təbii qaz yataqlarını ən geci 2023-cü ildə istismara vermək niyyətini bəyanlamaqla, rəsmi Türkiyənin enerji resursları ölkəsinə çevrilməyə hazır olduğunu sezdirdi.

Maraqlıdır ki, prezident R.T.Ərdoğan “Müxalifətin bu böyük uğura münasibətini bilmək maraqlı olardı” mesajı isə siyasi opponentlərin rəsmi Ankaranın hər addımını tənqid etməyə bəhanə axtarmasına işarə sayıla bilər. Yəni, Türkiyə prezidenti bu mesajla siyasi müxalifətin qazanılan uğurları məqsədyönlü şəkildə görməzdən gəldiyinə eyham vurmuş oldu.
Əslində, Türkiyə prezidenti bu eyhamında o qədər də haqsız sayılmaz. Hər halda, Türkiyənin atdığı hər önəmli addım CXP-HDP cütlüyü tərəfindən mütləq tənqidə məruz qaldı. Rəsmi Ankara PKK terrorunun qarşısını almaq, Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək üçün Suriyaya qoşun yeritdi.
Qarşılığında CXP-HDP cütlüyü birağızdan “Türkiyənin Suriyada nə işi var” deyə hay-küy qopardı. Türkiyə Liviyada ölkənin gələcəyə yönəlik strateji maraqlarına uyğun hərbi addımlar atmağa başlayandasa, yenə də CXP-HDP cütlüyü prezident R.T.Ərdoğanı Osmanlı düşüncəsiylə davranmaqda suçladı. Və belə misalları artırmaq da mümkündür.
Ona görə də, bu dəfə CXP-HDP cütlüyündən ucalacaq səslərin avazı maraq doğurmaya bilməzdi. HDP hələlik susur. Ancaq CXP başqanı Kamal Kılıcdaroğlu Qara dənizdə enerji resurslarının kəşfindən məmnun olduğunu dilə gətirdi. Bununla belə, tənqid vərdişini də poazmadı: “Hakimiyyət yenə tənqid etməyimizi istəyir. Ancaq tənqid etməyəcəyik. Çünki təbii qazın kəşfi bizi məmnun edir. Yetər ki, millətimizin mənafeyi üçün istifadə edilsin”.

Göründüyü kimi, “tənqid etməyəcəyik” deyib, elə bir şey söylədi ki, ittiham məzmunu daşımış oldu. Çünki dövlətin sahib olduğu təbii qazı millətin mənafeyi üçün deyil, başqa hansı məqsədlə istifadə etmək mümkündür? Ərdoğan hakimiyyəti Qara dənizdəki təbii qaz rezervlərini oğurlayıb, əlaltından kimə sata bilər?
Belə anlaşılır ki, Türkiyə müxalifəti rəsmi Ankara üçün ölkənin xarici rəqiblərindən daha çox problem yaratmağa çalışır. Hətta bəzi hallarda siyasi müxalifət Türkiyənin xarici rəqiblərinin göstərdiyi müqaviməti dəstəkləyən bəyanatlarla da diqqəti çəkir.
Halbuki rəsmi Ankara siyasi müxalifətdən Türkiyənin Şərqi Ağdəniz bölgəsində atdığı önəmli strateji addımlara birmənalı və qətiyyətli dəstək umur. Həm də indiki situasiyada rəsmi Ankaranın məhz belə bir siyasi dəstəyə böyük ehtiyacı olmamış deyil.
Məsələ ondadır ki, Şərqi Ağdəniz bölgəsində də enerji resurslar kəşf olunub. Və hazırda həmin enerji resursları uğrunda amansız mübarizə başlayıb. Üstəlik, bəzi məlumatlara görə, kəşf edulən enerji qaynağı o qədər böyükdür ki, dünyanın əksər nəhəng dövlətlərinin sözün əsl mənasında, iştahını qabardır.

Maraqlıdır ki, Şərqi Ağdənizin enerji qaynaqları Türkiyəyə aid sektora düşür. Sadəcə, Kipr adasının coğrafi mövqeyi və siyasi-hüquqi  statusu bu məsələdə bəzi dövlətlərin aranı qarışdırmasına bəhanə yaradır. Çünki enerji qaynağı Şimali Kipr Türk Cümhuriyyətinin yerləşdiyi ərazini də əhatə edir. İki yerə parçalanmış Kipr adası isə yunan hissəsinin timsalında vahid dövlət statusunda Avropa Birliyinə qəbul edilib. Məhz bu ədalətsiz və haqsız məqamdan istifadə etməyə çalışan Yunanıstan bir hissəsi ŞKTC-nin ərazi sularına təsadüf edən enerji yataqlarına yunan Kipri üzərindən sahiblənməyə can atır.
Türkiyənin mövqeyi isə sadə və qətiyyətlidir. Enerji rezervləri Türkiyəyə və ŞKTC-yə aid ərazi sularındadır. Və kimsə bu təbii sərvətlərə tamah sala bilməz. Tamah salmağa cəsarət göstərənlərsə, layiqli cavablarını alacaqlar.
Bir neçə gün öncə Türkiyənin prezidenti R.T.Ərdoğan bu barədə növbəti dəfə qəti və şərt şəkildə xəbərdarlıq etdi. O, vurğuladı ki, Türkiyənin bölgədə olan təhqiqat gəmisinin və hərbi donanmasının fəaliyyətində bir addım belə, geri atılmayacaq: “Buna qarşı çıxamaq istəyənlər olacaqsa, sonrakı nəticələrinə də mütləq hazır olmalıdırlar. Rəsmi Afina da onun gəmilərini Türkiyə hərbi donanmasının önünə çıxartmaq istəyənlərin Yunanıstana necə bir pislik etməyə çalışdıqlarını yaxşı düşünüb, anlamalıdır. Bizim öz haqq və hüquqlarımızdan geri çəkildiyiniz dövr artıq çıxdan bitib. Bundan sonra daha belə bir şey heç vaxt olmayacaq. Hər kəs ağlını başına yığsın”.

Türkiyə prezidentinin belə sərt xəbərdarlıq etməsi qətiyyən səbəbsiz deyil. Belə ki, Şərqi Ağdəniz bölgəsində Türkiyəyə qarşı hərbi ittifaqın qurulmaqda olduğu müşahidə edilməkdədir.
Məsələ ondadır ki, ABŞ, Fransa, İtaliya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Cənubi Kipr bu hərbi ittifaqda Türkiyəyə qarşı ortaq hərəkət edir. Hətta ABŞ və Yunanıstanın hərbi gəmilərinin bölgədə artıq hərbi təlimlərə başlaması haqqında məlumatlar mövcuddur. Həmin məlumatlarda Fransa, İtaliya və Misirin hərbi gəmilərinin də təlimlərə qoşulmaq üçün bölgəyə yeridildiyi bildirilir.
Yəni anlaşılan odur ki, Şərqi Ağdəniz bölgəsində mövcud böhran hərbi qarşıdurma məzmunu almağa başlayıb. Bəzi ehtimallara görə, bu qarşıdurmanın hərbi toqquşmalara yol aça biləcəyi qətiyyən istisna deyil. Çünki qarşıduran tərəflərdən hansınınsa, ən xırda ehtiyatsız addımı hərbi təxribat xarakteri daşıya bilər. Və Türkiyə əleyhinə olan hərbi ittifaqın belə təxribatlara yol verə biləcəyi də istisna olunmur.
Təbii ki, rəsmi Ankaranın geri çəkilmək niyyətinin olmaması Türkiyə əleyhinə ittifaqın hərbi təxribatlarının Şərqi Ağdəniz bölgəsində müharibə ehtimalını da maksimum səviyyəyə çatdırır. Ona görə də, yaxın günlərdə bu bölgədə dünyanın bir çox ölkəsini də öz içərisinə cəkə biləcək amansız savaşın baş vermə təhlükəsi tamamilə ciddi görüntülər alıb.

“Yeni Müsavat” 




Ana səhifəyə qayıt        Baxış: 3 081          Tarix: 25-08-2020, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma