Xəbər lenti
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
Azər Mehtiyev: “Regionda sülh və inkişafın olmağını arzulamayan şimal və cənub qonşularımız imkan versə”...
Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda apardığı mübarizə uğurla davam edir. Artıq regionun münaqişənin köklü şəkildə həll olunmasından sonrakı dövrü ilə bağlı planların qurulmasına başlanır.Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy kanal” telekanalına müsahibəsində Azərbaycan öz torpaqlarını azad etdikdək sonra Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların bərabər yaşamasının təmin olunacağını bildirib: “Biz Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşlarımız kimi baxırıq. Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır. 1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Odur ki, münaqişə başa çatandan və dinc yolla nizamlamadan sonra, yeri gəlmişkən, bu məqam Madrid prinsipləri adlanan baza prinsiplərində əks etdirilib, - azərbaycanlı əhali işğal olunmuş ərazilərə qayıtmalıdır. Orada dəqiq yazılıb ki, köçürülmüş bütün şəxslərin öz yaşayış yerlərinə qayıtmaq hüququ var.
Beləliklə, sülh sazişi əldə ediləndən sonra, - bunun baş verəcəyinə ümid edirəm, - azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaq və orada əvvəl yaşadıqları kimi yaşayacaqlar. Mənim mövqeyim həmişə belə olub ki, biz 1980-ci illərin sonunda münaqişə başlayana qədər mövcud olmuş ab-havanı qaytarmalıyıq. Düşünürəm ki, bu, mümkündür. Bizim mövqeyimiz belədir, biz münaqişənin dinc yolla nizamlanmasının tərəfdarıyıq. İnanıram ki, Ermənistan tərəfinin siyasi iradəsi olarsa, biz buna nail ola bilərik”.
Göründüyü kimi, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda sülh və normal birgə yaşayışın təmin olunmasına tam hazırdır. Azərbaycanın bu istəyi baş tutub, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunarsa, Cənubi Qafqaz regionunda birgə iqtisadi inkişaf imkanları nə qədər genişdir? İqtisadiyyatın hansı sektorlarında sürətli inkişaf imkanları mövcuddur?
Sualları cavablandıran iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, müharibə Azərbaycanın xeyrinə sülhlə başa çatarsa, təbii ki, Cənubi Qafqazda həm iqtisadi imkanlarına, həm də perspektivlərinə görə aparıcı olan ölkəmiz daha çox investisiya cəlb etmək imkanına malik olacaq: “Xüsusilə biz Qarabağa nəzarəti həyata keçirməklə Qarabağ üçün də xaricdən sərmayə cəlb etmək imkanlarını genişləndirəcəyik. Bütövlükdə Cənubi Qafqaza nəzər salsaq, yəqin ki, ən böyük iqtisadi açılım turizm sektorunda ola bilər. Postmüharibə dövründə ən vacib məsələlərdən biri müharibənin yaratdığı dağıntıların aradan qaldırılması, ərazilərdə bərpa işlərinin aparılması, kommunikasiya xətlərinin çəkilməsi, infrastrukturun yaradılmasıdır. Bu istiqamətlərdə hesab edirəm ki, Azərbaycan qısa müddətdə həm dövlətin ehtiyatları, həm də şəxsi vəsaitlər hesabına böyük nəticələrə nail ola bilər. Dağlıq Qarabağ turizm əhəmiyyətli bölgədir, bu baxımdan, bölgədə turizm sahəsində böyük açılım əldə etmək mümkündür”.
Ekspert bildirir ki, ölkələr arasında sülh olarsa, kommuikasiya xətləri bərpa ediləcəksə, o zaman ticarət imkanları da genişlənəcək: “Bu isə turizmdən sonra ticarət və xidmətin də inkişaf resurslarının geniş olduğunu göstərir. Bundan əlavə, Qarabağ təbii resurslarla da zəngindir. Kəlbəcərin Zod mədənləri uzun illər kustar formada istismar olunub. Azərbaycanın orada müasir texnologiyalar əsasında istehsalı qısa müddətdə qurmaq imkanı var”.
Q.İbadoğlu hesab edir ki, turizm və ticarətdən sonra onlara bağlı olaraq nəqliyyat sektoru da yüksək inkişaf edə bilər: “Nəhayət, bölgənin inkişaf perspektivləri yüksək olan digər sahəsi kənd təsərrüfatıdır. Regionda ekoloji təmiz məhsulların yetişdirilməsi imkanları genişdir. Xüsusilə Azərbaycanın işğaldan azad edilən əraziləri kənd təsərrüfatının inkişafı potensialı yüksək olan ərazilərdir. Bütün bunlar, əlbəttə, münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həlli və sülhün əldə olunmasından sonra mümkün ola bilər”.
İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, Ermənistanın indiki mövqeyi münaqişənin tezliklə sülhlə nəticələnəcəyinə inamı azaldır: “Hətta sülh əldə olunsa belə, ölkəmizin Ermənistanla iqtisadi əlaqələrinin tezliklə bərpa olunması da böyük sual altındadır. Burada Cənubi Qafqazda sülh və inkişafı arzulamayan, bunda maraqlı olmayan şimal və cənub qonşularımızın rolunu da nəzərə almaq lazımdır. Bu baxımdan, hətta ermənilər istəsələr belə, bölgədə birgə layihələrin həyata keçirilməsi yaxın müddətdə real görünmür”.
Ekspert qeyd edir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə görə indiyədək regionda həyata keçirilən bütün beynəlxalq layihələrdən kənarda qalıb: “Ermənistan regionda icra olunan böyük enerji və nəqliyyat layihələrində iştirak imkanlarını itirib. Bunun əsas səbəbi də onun öz mövqeyidir. Müharibədən sonra regionda yeni belə layihələrin olub-olmayacağı zaman tələb edən məsələdir. Amma müharibə başa çatıb, təminatlı sülh əldə olunarsa, bölgənin regional dəhliz kimi rolu yüksələ bilər. Eyni zamanda 3 ölkəni əhatə edən regional turizm mərkəzinin formalaşdırılması da gündəmə gələ bilər”.
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar