Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Suriya hərbi-siyasi poliqonunda Türkiyə və Rusiyanın maraqları yenidən kəskin şəkildə toqquşmağa başlayıb... Hər iki nəhəng dövlət öz strateji hədəflərində israrlı mövqe tutmağa üstünlük verir...
Dünyanın pandemiya ucbatından yaz və yay aylarında “dondurulmuş” siyasət məkanı payızda artıq tədricən yenidən “isinməyə” başlayıb. Bu məkanda son vaxtlar müəyyən hərəkətlilik müşahidə edilməkdədir. Hər halda, bəzi nəhəng dövlətlər özlərinin strateji maraqlarını yenidən xatırlamağa başlayıblar.Maraqlıdır ki, beynəlxalq siyasət məkanında öz fəallığı ilə seçilən nəhəng dövlətlərin sırasında Türkiyə ön plana çıxmış kimi görünür. Belə ki, rəsmi Ankara Türkiyənin milli maraqlarının mövcud olduğu hər yerdə israrlı və inadkar siyasi iradə nümayiş etdirməklə diqqəti çəkir.
Məsələ ondadır ki, son aylarda Türkiyə az qala bütün dünyanı öz qarşısına almış kimi görünür. Rəsmi Ankara heç bir xarici siyasi iradə mərkəzinin mövqeyini nəzərə almadan öz strateji maraqlarının təmin olunması istiqamətində qətiyyətli addımlar atmaqdadır. Və Türkiyənin bu mövqeyinin yaxın gələcəkdə də dəyişməz qalacağını iddia etmək üçün müəyyən əsaslar da olmamış deyil.
Xatırladaq ki, son dövrlərdə rəsmi Ankara Liviyada öz fəallığını qoruyub, saxlaya bilib. Hətta neftlə zəngin bu ərəb ölkəsində qanuni hakimiyyəti dəstəkləyən Türkiyə qiyamçıların və onların beynəlxalq himayədarlarının küncə sıxışdırılmasında önəmli uğurlar da qazana bilib.
Eyni zamanda, rəsmi Ankara Şərqi Ağdəniz bölgəsində də Türkiyənin siyasi iradəsini öz beynəlxalq rəqiblərinə tədricən qəbul etdirməyə başlayıb. Bu regionda Türkiyəyə qarşı beynəlxalq hərbi-siyasi ittifaqın qurulmasına baxmayaraq, rəsmi Ankara bölgədə əsas söz sahibi statusunu ələ keçirməyə çox yaxındır.
Təbii ki, bütün bunlara paralel olaraq, Türkiyənin hərbi-siyasi “nəfəsi” artıq Cənubi Qafqaz regionunda da ciddi şəkildə hiss edilməyə başlayıb. Belə ki, rəsmi Ankara Ermənistanın avantürist iyun hərbi təxribatından sonra Azərbaycanın yanında yer aldı və Türkiyənin bu dəstəyi davamlı xarakter daşıyır.
Onu da qeyd edək ki, Türkiyənin Cənubi Qafqaz regionunda fəallaşması, regionda geopolitik proseslərin istiqamətlərinin müəyyənləşdirilməsində birbaşa iştirak etməsi Rusiyanı qətiyyən məmnun etmir. Əksinə, NATO-nun əsas üzv dövlətlərindən olan Türkiyənin tədricən Cənubi Qafqazda yerləşməsi yalnız Ermənistanı deyil, elə Kremli də ciddi şəkildə narahat edir.
Ancaq Türkiyənin Cənubi Qafqaza nüfuz etməsi baxımından, Rusiyanın sahib olduğundan daha güclü mexanizmlərə malik olması Kremli də tərəddüdlü vəziyyətə salıb. Hər halda, Rusiyada artıq Türkiyənin Cənubi Qafqaza doğru irəliləməsiylə barışmağa başlayıblar. Bu isə Cənubi Qafqaz regionunun gələcək taleyində rəsmi Ankaranın hərbi-siyasi iradəsinin həlledici səviyyədə rol oynaya biləcəyindən xəbər verir.
Maraqlıdır ki, Türkiyə-Rusiya rəqbətinin əhatə dairəsi yalnız Liviya və Cənubi Qafqazla məhdudlaşmır. Bu rəqbətin içərisində bir də Suriya böhranı var. Belə ki, Rusiya və Türkiyənin strateji maraqları Suriya coğrafiyasında da ciddi şəkildə toqquşur.
Onu da qeyd edək ki, Türkiyə-Rusiya münasibətlərinə birmənalı yanaşmaq qətiyyən mümkün deyil. Çünki bu iki nəhəng dövlətin maraqlarında toqquşan məqamlar kifayət qədər olsa da, onların mənafelərini üst-üstə gətirən faktorlar da az deyil.
Məsələ ondadır ki, Rusiya ABŞ və Qərblə ciddi qarşıdurma vəziyyətindədir. ABŞ, eləcə də NATO böyük sürətlə Rusiyanın sərhədləri ətrafında yeni hərbi bazalar yaratmağa başlayıb. Hətta müəyyən mənada, hazırda Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılması prosesinin intensivləşdiyini də iddia etmək mümkündür.
Bir neçə il öncə ABŞ Rusiyaya qarşı beynəlxalq maliyyə-iqtisadi sansiyaların tətbiqinə nail olub. Və bu beynəlxalq sanksiyaların müddəti hər il uzadılır.
Ancaq Türkiyə Rusiyanın ağır günlərində həmişə Kremlə dəstək verməklə diqqəti çəkib. Belə ki, rəsmi Ankara Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət etməyən nadir dövlətlərdən biridir. Üstəlik, rəsmi Ankara Rusiyadan “S-400” zenit-raket kompleksləri almaqla, ABŞ və Qərbə açıq meydan oxumaqdan da qətiyyən çəkinməyib. Və rəsmi Ankaranın yaxın vaxtlarda Rusiyadan yeni “S-400” raketləri almağa hazırlaşdığı da bildirilir.
Rəsmi Ankaranın Rusiya ilə Qərbin xoşuna gəlməyəcək belə əməkdaşlığa həvəs göstərməsi Türkiyənin ABŞ-la olan qəliz münasibətlərindən qaynaqlanır. Belə ki, Türkiyə və ABŞ NATO çərçivəsində strateji müttəfiq sayılsalar da, FETÖ-nün çevriliş cəhdindən, həmin hadisələrdə Ağ Evin səhnəarxası iştirakının ortaya çıxmasından sonra qarşılıqlı münasibətlərdə ciddi problemlər yaranıb. Üstəlik, ABŞ və Qərbin Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən terrorçu qruplaşmalara hər tərəfli dəstək verməsi rəsmi Ankaranı Ağ evdən məsafə saxlamağa vadar edir.
Təbii ki, hər iki dövlətin ABŞ və Qərblə qəliz münasibətləri onların maraqlarında üst-üstə düşən faktorları ön plana keçirir. Və müxtəlif məsələlərdə ortaq fəaliyyətə meylləndirir.
Ancaq Suriya böhranı Türkiyə-Rusiya münasibətlərinə gölgə salan əsas faktorların sırasına daxildir. Çünki məhz Suriya böhranına və onun həlli variantlarına münasibətdə hər iki dövlətin milli maraqları ciddi şəkildə toqquşur.
Rusiya öz legitimliyini artıq çoxdan itirmiş Əsəd rejimini dəstəkləyir. Eyni zamanda, Suriya ərazisindəki Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edən bəzi terrorçu qruplaşmalar da Rusiyanın himayəsi altındadır. Və bu səbəbdən də rəsmi Ankaranın Suriya böhranının nizamlanması prosesində Kremllə ortaq hərəkət etməsi ciddi problemlərlə üzləşməkdədir.
Maraqlıdır ki, indiyə qədər hər iki dövlət Suriya böhranına münasibətdə mövqelərin uzlaşdırılması məqsədilə dəfələrlə məsləhətləşmələr aparıblar. Ancaq həmin məsləhətləşmələrin demək olar ki, hamısı uğursuz nəticələnib.
Onu da qeyd edək ki, bu böhranla bağlı Türkiyədə keçirilmiş növbəti görüş də qarşıduran tərəflər üçün məyusedici nəticələrlə yekunlaşıb. Belə ki, Rusiyanın Türkiyədən Suriyadakı hərbi kontingentin sayının azaldılması və bəzi hərbi-nəzarət postlarının ləğvi tələbi qarşılıq tapmayıb. Eyni zamanda, Rusiya və İranın dəstəyinə güvənən Əsəd rejiminin Türkiyənin hərbi-nəzarət postlarına gözlənilməz hücumu müzakirələri ümumiyyətlə, dalana dirəyib.
Belə anlaşılır ki, Türkiyə-Rusiya münasibətləri daha çox üçüncü tərəfin günahı ucbatından problemlər yaşayır. Cənubi Qafqazda Ermənistan, Liviyada qiyamçı silahlı qruplaşmalar iki ölkənin daha da yaxınlaşmasına əngəl törədir. İndisə Suriya böhranı, daha dəqiq desək, Əsəd rejiminin pozuculuq fəaliyyəti Türkiyə-Rusiya münasibətlərində yeni böhranın əsasını qoymağa başlayıb.
Bütün bunlar onu göstərir ki, yaxın günlərdə Suriya böhranı yenidən əsas beynəlxalq problemlərdən birinə çevrilə bilər. Və Suriya hərbi-siyasi poliqonunda Türkiyə ilə Rusiyanın maraqlarının yenidən kəskin şəkildə toqquşa, bu iki nəhəng dövləti gərgin qarşıdurma mühitinə çəkə biləcəyi qətiyyən istisna deyil.
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar