Xəbər lenti
    Ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanın qazandığı hərbi, siyasi və diplomatik uğurlara - qələbəyə qulp qoymağa çalışan bəzi üzdəniraq polito-kahinlər, nifrət qusan fürsətcillər çirklənmiş iç dünyalarını və piy basmış beyinlərini təmizləsinlər! Allaha şükürlər olsun ki, Azərbaycan daxili dinamikanı sabit saxlamaqla tarixin ən çətin və mürəkkəb sınağından üzüağ çıxdı.
     Müharibə - humanitar fəlakətdir. Təəssüf ki, biz sülh istədikcə erməni terrorçuları illər uzunu məsum insanların qanını axıtdılar. Nəhayət, adekvat cavab verməkdən başqa çarəmiz qalmadı. Buna baxmayaraq, çox humanist davrandıq.
Erməni terrorçuları uşaq, qadın, qoca demədən dinc əhalimizi qırsalar da, ordumuz yalnız hərbi obyektləri hədəf aldı... Nəticədə düşmən sülhə məcbur edildi. 
   Bəli, müharibə dağıntı, fəlakət, qan, ölüm-itim, ayrılıq deməkdir, müharibə - şəhidlər deməkdir, müharibə-əldən, ayaqdan, gözdən əlil olmaq deməkdir, müharibə -yetim uşaqlar, ərsiz qadınlar, yavrusunu itirmiş analar, övladından məhrum atalar deməkdir... Müharibənin bəlalarını saymaqla bitib-tükənən deyil.
Təcrübə bir daha göstərdi ki, xalqla rəhbərin birliyi, Ali Baş Komandanın müdrik və praqmatik addımları həm regional, həm də beynəlxalq müstəvidə qələbəmizi təmin etdi! 
    İndi hər kəs öz üzərinə düşən işi və vəzifəni yerinə yetirməlidir. Çörəyi yalan, satqınlıq və provokasiyadan çıxanların, hakimiyyətə gələ bilməyəcəklərindən məyus olub inamsızlıq mühiti yaratmağa çalışanların şirin nağıl və əfsanələrinə uymaq qətiyyən olmaz!
Bu qələbə ləyaqətli övladlarımızın qanı, canı hesabına və Ali Baş Komandanın dəmir iradəsi sayəsində başa gəlib, Azərbaycanımız üçün müsbət hərbi, siyasi və diplomatik nəticələrinə də heç bir şübhə ola bilməz. Müzəffər Ali Baş Komandan olmaqdan başqa, bir Prezident kimi İlham Əliyevin xalqın dəstəyi ilə ölkəmiz üçün görəcəyi hələ çox işlər vardır. 
    Tam əminəm ki, yaxın gələcəkdə ölkəmiz talançılardan, rüşvətxorlardan, məddahlardan təmizlənəcək, şəhidlərin qanından yoğrulmuş torpaqda şellənənlər, kasıbların haqqını yeyənlər, əsgərlərimiz düşmənlə əlbəyaxa döyüşüb canını fəda edəndə Azərbaycan meşələrində dövlət büdcəsini talamaq hesabına milyon dollara ayı kəsdirib kabab tutan, sonra da həccə gedənlər, büdcədən və vətənpərvər sadə xalqdan oğurladıqları hesabına 2-3 milyona qol saatı taxıb Madrid küçələrində veyillənənlər, itlərinə, pişiklərinə toy edənlər, vəzifə kürsüsündə olarkən talayıb ölkəni tərk edənlər, yaxud qınlarına çəkilib gizlənənlər, bir sözlə, daxili qaniçənlərin, haqq yeyənlərin üzündən valideynlərinin ehtiyac içində böyüdüb Vətənin müdafiəsinə göndərdiyi şəhidlərin ruhuna xəyanət edənləri "iti qovan kimi" qovub tutmaq və it kimi cəzalandırmaq lazımdır. 
     Hər kəs etdiyinin əvəzini görəcək. Heç bir provokasiya, yaxud tərif, yaltaqlıq və məddahlıq idbar əməllərinizin üstünü örtə bilməyəcək, əksinə, bu həyasızlığınız sizə olan nifrəti və cəzanızı daha da artıracaq.
PROF. İDRİS ABBASOV


Ana səhifəyə qayıt        Baxış: 2 867          Tarix: 14-11-2020, 15:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma