Xəbər lenti

Qubad İbadoğlu: “Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər”
Məhəmməd Əsədullazadə: “Putin Qarabağla bağlı siyasi vəziyyəti stabilləşdirdikdən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq”
“Paşinyan hakimiyyətdə qala bilərsə, altı aydan sonra Rusiya hərbi bazasının çıxarılmasını gündəmə gətirəcək”
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ötən gecə 1 saat ərzində iki dəfə telefon danışığı aparıb. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Paşinyan özünün feysbuk səhifəsində, telefon danışığında əsas müzakirə mövzusunun Laçın dəhlizindəki yaşayış məntəqələri, itkinlər, axtarış işləri, ölənlərin cəsədlərinin və əsirlərin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və delimitasiya, eləcə də nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması olduğunu qeyd edib.


O, Rusiyanın “TASS” agentliyinə verdiyi müsahibəsində isə “Qarabağ münaqişəsi uzun münaqişə olduğu üçün Rusiya sülhməramlılarıları bölgədə qalmalıdır və bu, çətin ki, 5 illik müddətlə məhdudlaşsın”, deyə vurğulayıb. Paşinyan hazırda Qarabağda sabitliyi və əhalinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib. Bölgənin statusuna gəlincə, Ermənistanın baş naziri qeyd dib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində proses davam etdirilməli və status müəyyən edilməlidir: “Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi məlumdur və bu mövqe dəyişməyib. Ermənilərin Qarabağa qaytarılmasına nail olmaq və onlar üçün sosial zəmanəti təmin etmək lazımdır. Bu proses danışıqlar prosesi üçün birinci yerdə olmalıdır”. Paşinyan “Azərbaycanla dövlətlərarası münasibətlərin tədricən normallaşdırılmasından danışmaq olar” sualını isə bu cür cavablandırıb: “Bu, çox mühüm məqamdır və düşünürəm ki, yaxın gələcəkdə biz bu məsələyə diqqət yetirəcəyik. Nəqliyyat kommunikasiyalarının açılması başlanğıc nöqtəsi ola bilər”.


Rəqibləri Nikol Paşinyanın istefasını tələb edirlər
Digər məlumatda isə deyilir ki, Ermənistan parlamentinin deputatı, İşıqlı Ermənistan Partiyasının sədri Gevorq Qargisyan Nikol Paşinyanı ağ yuyub, qara sərib. Belə ki, parlamentdə Ermənistandakı hərbi vəziyyətin aradan qaldırılması məsələsinin müzakirəsində çıxış edən Qargisyan istehza ilə bildirib ki, Paşinyana görə, silahlı qüvvələr, Milli Təhlükəsizlik Xidməti, parlament və digər dövlət qurumları Ermənistanın məğlubiyyətinin günahkarlarıdır: “Yalnız bir nəfər günahkar deyil, o da Nikol Paşinyanın özüdür. Bu, gülüncdür. Əslində isə məğlubiyyətimizdə başlıca günahkar baş nazir Paşinyandır”. Onun sözlərinə görə, Paşinyan bu qədər uğursuzluqdan sonra yenə də hakimiyyətdə qalmağa çalışır: “Lakin o, müdriklik nümayiş etdirərək istefaya getməli, erməni xalqının və dövlətinin düşdüyü bu ağır vəziyyətdən çıxmasına imkan verməlidir”.


“Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan isə bəyan edib ki, hərbi vəziyyətin ləğvindən sonra baş nazirin impiçmenti prosesi başladılacaq. Onun fikrincə, məğlubiyyət simvolu olan Paşinyan iqtidardan getməlidir: “Zaman göstərdi ki, hazırkı hakimiyyət getməlidir. Köhnələr gəlməyəcək, hazırkılar isə qalmayacaq. Onlar iki ildir Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanı vəzifəsindən azad etməyə çalışırlar. XİN rəhbəri indi deyir ki, biz diplomatiyada yox, döyüş meydanında uduzmuşuq. O bilməlidir ki, diplomatiya müharibə başlayanda uduzulub”.


“Ən qısa müddətdə Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə hərbi istehkamlar qurulmalı və mövqelər möhkəmləndirilməli, texnika və silah təchizatı tam komplektləşdirilməlidir”

Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın ikinci Qarabağ savaşında rüsvayçı şəkildə məğlub olması Paşinyana baha başa gələcək. “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib ki, Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər:

 “Dünən (srağagün-red.) Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir saatda iki dəfə telefonla danışıb. Bununla qürrələnən Paşinyanfacebook” səhifəsində Putinlə Qarabağdakı vəziyyəti müzakirə etdiyini yazıb: “Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələri, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı, sülhməramlıların yerləşdirilməsi və sərhədlərin müəyyənləşdirilməsi, həmçinin bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə etdik”. Ermənistanda idarəçilik, iqtisadiyyat bərbad vəziyyətdədir, pandemiya tüğyan edir, parlamentdə bir-birlərini söyürlər, küçələrdə etirazçılar əlindən tərpənmək olmur. Paşinyan bunları müzakirə etmək əvəzinə yenə də Qarabağla bağlı Putinlə danışıqlar aparır. Görəsən, hər ikisi Azərbaycana qarşı yenə nə məkrli planlar qurublar?” ADR Hərəkatının sədri bu qənaətdədir ki, ən qısa müddətdə, xüsusilə Şuşa və Xocavəndin Azərbaycan ordusunun nəzarətində olan ərazilərdə hərbi istehkamlar qurulmalı və mövqelər möhkəmləndirilməli, texnika və silah təchizatı tam komplektləşdirilməlidir: “Rusa güvənmək olmaz. Təcili Türkiyə ilə Azərbaycan arasında hərbi müttəfiqlik sazişi imzalanmalı və türk qoşunları Azərbaycana dəvət olunmalıdır”.


“Paşinyana qarşı “Qarabağ klanı”nın, Robert Koçaryan və Serj Sarkisyanın səssiz qalması Kremlin göstərişindən irəli gəlir”

“Hürriyət” xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə Ermənistanda hərbi vəziyyətin ləğv edilməməsinin Nikol Paşinyanın daxili siyasi vəziyyəti nəzarətdə saxlamaq, müxalifətin geniş etirazlarının davam etməsinin qarşısını almağa hesablandığını bildirib: “Nikol Paşinyana qarşı “Qarabağ klanı”nın, Robert Koçaryan və Serj Sarkisyanın səssiz qalması Kremlin göstərişindən irəli gəlir. Çünki hazırkı durumda “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi xalqın geniş etirazlarına səbəb olar, həm də Qarabağla bağlı məsələdə hazırkı vəziyyət onların siyasətinə uyğun deyil. Ona görə də öz səssizliklərini qoruyurlar. 

Buna baxmayaraq, ölkədə “Vətən” partiyasının sədri A.Vanetsyan bir müddətdən sonra Nikol Paşinyana qarşı qüvvələrini toparlayacaq. Baş nazir Nikol Paşinyan çalışır ki, ölkədə siyasi vəziyyəti sabitləşdirsin, Rusiya prezidenti Vladimir Putinlə Qarabağla bağlı məsələdə müəyyən bir irəlləyişə nail olsun. Əsasən, Qarabağın statusunu qabartmaqla, növbəti mərhələdə digər ölkələrin parlamentlərində “müstəqillik” sənədinin qəbul edilməsinə nail olunsun. Bununla Nikol Paşinyan ölkə daxilində “Qarabağın müstəqilliyi” ilə bağlı siyasətini davam etdirdiyini nümayiş etdirəcək”. Politoloqun sözlərinə görə, Rusiya və Ermənistan arasında mövcud əlaqələr bir müddət hamar davam edəcək: “Vladimir Putin Qarabağla bağlı siyasi vəziyyəti stabilləşdirdikdən sonra Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq. Çünki Nikol Paşinyanın apardığı siyasət Rusiyanı qane etmir və onun hakimiyyətdə olması Moskvanın geosiyasi maraqlarını təhdid edir. Amma Ermənistan əhalisi ölkədə növbəti Rusiyayönümlü bir sistemin qurulmasında maraqlı deyil. Ona görə də Rusiyanın Ermənistanda siyasi hakimiyyəti dəyişməsi gərginliyə gətirib çıxara bilər. Nikol Paşinyan hakimiyyətdə qala bilərsə, altı aydan sonra ölkə ərazisində Rusiya hərbi bazasının çıxarılmasını gündəmə gətirəcək”.


Vazeh BƏHRAMOĞLU




Ana səhifəyə qayıt        Baxış: 2 577          Tarix: 28-11-2020, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma