Xəbər lenti

“Savaş bombası”nın fitilini çəkib, 79 yaşlı Co Baydenin qucağına buraxmaq istəyənlərin olduğu artıq şübhə doğurmur...

Co Bayden Ağ Evə sahiblənib, vəziyyətə tam nəzarəti ələ keçirə bilərsə, cəmisi bir necə ay ərzində “COVİD-19” gəzlənilmədən peyda olduğu kimi, səssiz-səmirsiz, tədricən yoxa çıxa bilər...

Baydençilərin ABŞ-ın patronajlığı altında Böyük Britaniyadan Çinə qədər uzanacaq təkxətli dünya düzəni planlaşdırdığı ehtimal olunur...

ABŞ-da keçirilmiş son prezident seçkilər “ilan hekayəsi”nə döndü. Seçki keçirildi, amma rəsmi nəticə hələ də yoxdur. Və rəqiblər arasında mübahisələr hələ də davam edir.
ABŞ cəmiyyəti və mətbuatı demokratların təmsilçisi Co Baydeni prezident seçkilərinin qalibi hesab edir. Ağ Evin indiki sahibi Donald Tramp isə bununla razılaşmır. O, özünün qələbəsindən tamamilə əmindir. Və bəyan edir ki, ABŞ-da keçirilmiş son seçkilər saxtalaşdırılıb.

Belə anlaşılır ki, bu siyasi mübahisə hələ uzun müddət davam edəcək. Hələ aylar öncə yazmışdıq ki, D.Tramp hakimiyyəti asanlıqla təhvil verməyəcək, əlindəki bütün imkanlardan müqavimət göstərmək üçün yararlanacaq.
Görünən odur ki, ABŞ-da iki siyasi düşərgə arasında amansız və taleyüklü savaş gedir. Həm ABŞ-ın, həm də dünyanın gələcək taleyində bu savaşın mütləq təsirləri olacaq.
Hələlik ehtimal etmək olar ki, Co Bayden Ağ Evi D.Trampın əlindən almaq üzrədir. Yəqin ki, qarşı tərəf əks həmlələrdən qətiyyən çəkinməyəcək.
Üstəlik, D.Tramp və onun arxasındakı güclərin artıq müəyyən manevrlər etməyə çalışdığı müşahidə edilir. Belə ki, Co Bayden prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra İran böhranına xüsusi diqqət yetirəcəyinin mesajını verib. O, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtması üzərində işləməyə hazır olduğunu təsdiqləyib.

Maraqlıdır ki, Co Baydenin bu mesajından dərhal sonra Ağ Ev sahibi D.Tramp qəribə addımlar atmağa başlayıb. Belə ki, ABŞ-ın Yaxın Şərqdəki, xüsusilə də, İran ərtafı ölkələrdəki – İraq və Suriyadakı qoşunları döyüş hazırlığı vəziyyətinə gətirilib, hətta qoşunların yerdəyişməsi də müşahidə edilib.
Belə anlaşılır ki, Ağ Ev sahibi ABŞ-ın İranla münasibətlərini daha da gərginləşdirməyə çalışır. Bu gərginlik sonradan düzəldilməsi mümkün olmayan situasiya yaradarsa, Co Bayden hakimiyyətinin ilk günlərindən ciddi problemlərlə üzləşə bilər. Hər halda, onun İranla vaxtilə razılaşdırılmış planın reallaşdırılmasında əngəllərlə üzləşmə ehtimalı istisna deyil.
Hətta bəzi beynəlxalq ekspertlər Ağ Ev sahibinin son davranışlarının İran ətrafında bir neçə dövlətin cəlb edilə biləcəyi savaşın başlanma ehtimalına da tamamilə ciddi yanaşırlar. Yəni, İran üzərindən böyük savaş ssenarisinin reallaşma təhlükəsi ön plana keçə bilər.
Bütün bunlarsa, ABŞ-da hakimiyyət uğrunda mübarizənin bütün dünya üçün xaos vəd edəcək məzmun daşıdığından xəbər verir. Eyni zamanda, İranın nüvə proqramına rəhbərlik edən önəmli bir alimə qarşı sui-qəsdin törədildiyi zaman da diqqəti çəkir.

Əlbəttə, hələlik bu dəhşətli hadisəyə görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Burada zamanın üst-üstə düşməsi bir təsadüf də ola bilər. Ancaq burada əsas faktorun İranın nüvə proqramı olması təsadüf ehtimalına şübhələr də yaradır.
Görünən odur ki, İran ətrafında gərginliyin artırılması kimlərəsə, sərfəlidir. Böyük ehtimalla Co Baydenə hərbi siyasi sürpriz hazırlamağa çalışırlar. Yəni kimlərsə, Böyük Savaş ssenarisini hazırlayıb, Co Baydenin “qucağına buraxmağa” çalışır.
Əgər, bu baş verərsə, Co Baydeni Ağ Evdə “qara günlər” gözləyə bilər. Son baş verənlər Baydençilər üçün sadəcə, bir hərbi təhdid deyil, bu, həm də siyasi təhdiddir. Böyük ehtimalla Co Baydenə demək istəyirlər ki, “79 yaşında hakimiyyətə gəlsən, öhdəsindən gələ bilməyəcəyin “savaş atəşi”nin içərisində qala bilərsən”.
İndi Co Baydenin buna necə qarşılıq verəcəyi də böyük maraq doğurur. Hələlik onun düşərgəsi baş verənlərə reaksiya verməkdən mümkün qədər yayınmağa çalışır. Halbuki Co Bayden və onun arxasındakı güclər öz siyasi həmlələrini D.Trampın Yaxın Şərqdə hərbi qüvvələri hərəkətə gətirməsindən daha öncə etmişdilər. Bununla da Ağ Evə sahiblənmək niyyətlərinin ciddi olduğunu biruzə vermişdilər.

Məsələ ondadır ki, Co Bayden seçkidə qalib gəldiyinə əmin olduqdan bir qədər sonra qəribə bir mesajla diqqəti çəkmişdi. O, bildirmişdi ki, dünyanın ən nüfuzlu 6 ölkəsinin lideri ilə telefonla danışıb.
Düzdür, Co Bayden bu 6 dünya lideri ilə hansı beynəlxalq problemləri müzakirə etdiyini açıqlamağa ehtiyac duymamışdı. Ancaq onun “Mən 6 dövlətin liderinə zəng edib, dedim ki, ABŞ mübarizə meydanına yenidən geri dönür” mesajı olduqca ciddi ehtimallara yol açır.
Məsələ ondadır ki, onun bu mesajında Tramp administrasiyasına qarşı ciddi ittiham var. Çünki belə çıxır ki, prezident D.Tramp ABŞ-ı dünyanın mübarizə məkanından kənarlaşdırıb, ölkənin bütün beynəlxalq mövqelərini əldən verib.
Eyni zamanda, mesajın ikinci istiqaməti də ABŞ-ın beynəlxalq rəqiblərini narahat edəcək məzmun daşıyır. Yəni Co Bayden bu mesajla eyham vurur ki, “ABŞ kənara çəkilib, siz də meydanı boş görmüsünüz. Tezliklə hər kəsə layiq olduğu yer göstəriləcək”.

Təbii ki, bütün bunlar onu göstərir ki, Co Baydenin ABŞ-ı gözlənildiyindən daha aqressiv xarici siyasət kursuna üstünlük verə bilər. Əgər, belə olarsa, bəzi nəhəng dövlətlərin bundan qətiyyən məmnun olmayacaqları şübhə doğurmur.
Digər önəmli məqam dünyaca ünlü milyarder Bill Qeytsin açıqlamasıdır. Bill Qeyts də bir müddət öncə qəribə məzmunlu açıqlama vermişdi: “Dünya hazırda COVİD-19 virusundan xilas olmağa çalışır. Ancaq üç ildən sonra yeni virusun yayılmasına da indidən hazır olmaq lazımdır”.
Əlbəttə, bəziləri üçün bu açıqlama heç nə ifadə etməyə də bilər. Ancaq unutmaq olmaz ki, B.Qeyts kimi məşhurlar boşuna heç nə demirlər. Çox məlumatlı olan bu adamların dediklərinin hər bir kəlməsi məqsədyönlü mesaj xarakter daşıyır.
B.Qeyts dünyanın ən məlumatlı adamları kateqoriyasına aiddir. Onun “siyasət qazanında nələrin qaynadığından və ya qaynadıldığından” xəbərdar olduğu qətiyyən şübhə doğurmamalıdır. “COVİD-19 müjdəsi” o, hələ 2015-ci ildə vermişdi, indiki situasiyanı eynilə təsvir etmişdi.

İndi B.Qeytsin “köhnə virus” hələ ortadaykən birdən-birə “yeni virus”dan danışması bütün dünya üçün təhdiddir. Böyük ehtimalla bu “müjdə” Trampçılara qarşı təhdid xarakteri daşıyır. Çünki D.Trampın ictimai reytinqinin üzüaşağı enməsində və onun seçki məğlubiyyətində “köhnə virus”un dünyaya vurduğu sarsıdıcı zərbələrin xüsusi rolu olmamış deyil.
Yəqin ki, Trampçılara müqaviməti davam etdirəcəklər təqdirdə, üzləşəcəkləri və nəzarət edə bilməyəcəkləri gələcək ssenariləri anlatmaq istəyirlər. “Yolumuzdan dərhal çəkilin” mesajını verməyə çalışırlar. Çünki dünyada heç vaxt təsadüflər olmur və belə açıqlamalar boşuna verilmir.
Əgər, bu ehtimallar doğrularsa, Trampçıların hakimiyyəti qorumaq şansı qazanacağı təqdirdə, dünyanı yeni və böyük xaosun gözlədiyini düşünmək olar. Əks halda, yəni Co Bayden Ağ Evə sahiblənsə, “Böyük Savaş ssenarisi”nin işə salına biləcəyi istisna deyil.

Ancaq daha bir ehtimal da mövcuddur. Əgər, Baydençilər vəziyyətə nəzarəti tam təmin edə bilərlərsə, yeni prezidentin Ağ Evə köçməsindən bir neçə ay sonra “COVİD-19” gəzlənilmədən peyda olduğu kimi, səssiz-səmirsiz, tədricən yoxa çıxa bilər. Eyni zamanda, bu halda, təkqütblü dünya düzəninin də tədricən dağılmağa başlaya biləcəyi qətiyyən istisna deyil.

Əvəzindəsə, bütün dünya təkxətli düzənə doğru meyllənəcəyi təqdirdə, qətiyyən təccüblənmək lazım gəlməyəcək. Belə ki, Baydençilərin ABŞ-ın patronajlığı altında Böyük Britaniyadan Çinə qədər uzanacaq təkxətli dünya düzəni planlaşdırdığı artıq şübhə doğurmamalıdır.
Təbii ki, dünyanın təkxətli model üzrə yenidən dizayn edilməsi bəzi nəhəng və nüfuzlu dövlətlərin gələcək perspektivləri baxımından, ciddi suallar doğura bilər. Və bu istiqamətdə artıq müəyyən addımlarla təməlin indidən atıldığı da qətiyyən diqqətdən yayınmır.
Ancaq Türkiyə və Azərbaycanın da yer alacağı artıq qətiyyən şübhə doğurmayan bu yeni proses barədə növbəti yazımızda bəhs etməyə çalışacağıq...
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu




Ana səhifəyə qayıt        Baxış: 2 510          Tarix: 2-12-2020, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma