Xəbər lenti


Ehsan Mehrabi
“Iranwire”, 10.12.2020
 
Ayətullah Əli Xamnəinin ikinci oğlu Müctəba Xamnəinin adı, Ali Liderin xəstələnməsinə dair dedi-qodular nəzərə alınaraq, hakimiyyətin mümkün dəyişikliyi kontekstində yenidən xatırlanıb. Müctəba Xamnəinin İran İslam Respublikasının növbəti Ali Lideri kimi seçilməsi barədə möhtəkirliklər 10 ildən çoxdur ki, davam edir. Bu mübahisələr illərlə necə və niyə inkişaf edib?
Xamnəi təxminən 30 il əvvəl, 1989-cu ildə, 50 yaşında ikən hakimiyyətə gəlib və əvvəlki onilliyin çox hissəsində İran prezidenti vəzifəsini tutub. Son 15 ildə onun ikinci oğlunun gələcəkdə Ali Lider məqamını tutmasına dair söz-söhbət səngimir.

Müctəba Xamnəi 1969-cu ildə anadan olub və orta məktəbi bitirdikdən sonra ilahiyyat təhsili alıb. İran-İraq müharibəsi dövründə hərbi xidmətdə olub, ancaq 1990-cı illərin sonlarında özünü ictimai xadimi kimi tanıdıb.

1997-ci il prezident seçkilərində Əli Əkbər Natiq-Nurinin böyük hesablı məğlubiyyətindən sonra İslam Respublikasının müxtəlif qrupları dövlət strukturlarında dəyişiklik etmək qərarına gəliblər. Keçmiş prezident Əkbər Haşimi Rəfsəncani gündəliyinin 21 yanvar 1998-ci il tarixli qeydində o zaman “Resalət” qəzeti redaksiya heyətinin üzvü olmuş Əkbər Nəbəvi ilə bir görüşü xatırladılır: “Nəbəvi dedi ki, o və başqaları öz ofisində və İran İslam Respublikasının dövlət televiziyası, məhkəmə sistemi, “Ənsar-e Hizbullah” və “Mötalefeh” daxil olmaqla, digər qurumlardakı “qüsurlar” barədə Ali Liderə bir məktub yazmağı planlaşdırırlar”.

Nəbəvi, həmçinin, Rəfsəncaniyə deyib ki, Müctəba Xamnəi məktuba universitetlərdəki vəziyyətin təhlilini qeyd edilməsini tövsiyə edib.
Bu gərgin atmosferdə rəsmi olaraq Xamnəiyə bağlı olan bəzi qruplar ölkəni nəzarətə götürmək üçün planlar qurublar. Haşimi-Rəfsəncani hökumətinin sonlarına doğru, Rəfsəncaninin övladları və qohumlarına qarşı cinayət işlərinin açılması da daxil olmaqla, bəzi tədbirlər görülüb. İslam İnqilabı Keşikçiləri Korpusunun o vaxtkı kəşfiyyat rəisi Hüseyn Taebin Mehdi Haşimiyə qarşı cinayət işinin açmasında xüsusi rolu var. Sonrakı illərdə Taebin adı Müctəba Xamnəi ilə yanaşı dəfələrlə xatırlanacaq.

Nüfuzlu “Məzlumlar və İslam İnqilabı Qaziləri Vəqfi”nin keçmiş rəhbəri Möhsün Rəfiqdust xatirələrində yazıb ki, İran-İraq müharibəsi dövründə, xüsusən, 1986-cı ildə İranın Mehran şəhərinin geri alınması zamanı həm Müctaba Xamnəi, həm də Mehdi Haşimi olmaqla, bir sıra digər məmur övladları bir həftə “itkin düşmüşdü”. “Oğlum Səid, – deyə Rəfiqdust yazır, – cənab Haşiminin oğulları və Müctəba birlikdə idilər və bir həftə idi ki, itkin düşmüşdülər. Onların harada olduqlarını bilmirdik. Daha sonra İranla İraq arasında bir yerdə olduğu bildirildi. Ali Rəhbərin yanına getdim, o dedi: ‘Dua edək ki, başlarına bir şey gəlsə, şəhid olsunlar və İnşallah əsir alınmasınlar”. Silahlı qüvvələrimiz həmləyə keçdi və övladlarımız xilas oldular. Bu, Mehranın qurtuluşuna səbəb olan hücum idi”.

Hazırda Mehdi Haşimi hələ də həbs cəzası çəkir, Müctəba Xamnəi isə İranın növbəti Ali Lideri kimi tanıdılır. Bu təklif ilk dəfə 2005-ci ildə “Yaşıl Hərəkat”ın liderlərindən biri və o vaxt prezidentliyə namizəd olan Mehdi Kərrubinin Xamnəiyə məktub yazdığı, oğlunun seçkilərə müdaxiləsindən şikayətləndiyi zaman səslənib.

Siyasi şayiələrə görə, Əli Əkbər Natiq-Nuri də öz qərargah rəisi vasitəsi ilə Xamnəi ilə əlaqə saxlayıb və oğlunun bəzi namizədləri “ağazadə” – elitar soylu, nüfuzlu övlad kimi dəstəkləməsindən narahatlığını ifadə edib. Xamnəinin cavabının belə olduğu deyilir: “O, bir ağadır (yəni seyyiddir – tərc.), ağazadə deyil”.

Seçkidən əvvəl Müctəba Xamnəi və Hüseyn Taebin sonralar Tehranın bələdiyyə başçısı olmuş Məhəmməd Baqir Qalibafın qərargahına baş çəkdiyi bildirilib. Məktubunda Kərrubi Xamnəinin Qalibafı dəstəkləməyə çalışdığını iddia edib, “lakin səsverməyə 3 gün qalmış onun populyarlığı birdən düşüb və diqqət digər namizədə yönəldilib”.
Kərrubi 2009-cu il prezident seçkilərindəki səsverməni araşdırmağa çağırıb. 2017-ci ildə başqa bir məktubda o yazıb: “Əgər o günlərdə şiələrin ikinci imamı və İmam Əlinin oğlu İmam Həsən Müctəbaya müraciət etsəydim, 2005-ci ildəki 5 milyondan çox səsim itməz, 2009-cu ildə gülünc dərəcədə aşağı enməzdi – 300.000″.

Müctəba Xamnəi ilə Hüseyn Taeb arasındakı sıx əlaqələrə dair sonrakı hekayətlər də məlumdur. 2016-cı ildə istefaya gedən IRIB-nin keçmiş rəhbəri Məhəmməd Sərəfraz istefa verməzdən əvvəl Taebin yanına getdiyini və bu sözləri dediyini iddia edib: “Sizə təşəkkür edirəm və cənabın özünü görə bilmədiyim üçün öz adımdan xahiş edirəm cənab Hacı Ağa Müctəbaya təşəkkürümü bildirin, çünki mənim dövlət televiziyasının rəhbəri vəzifəsindən çıxmağım üçün birgə zəmin hazırlamısınız”.
Sərəfraz sözünün davamında deyib: “Bunu inkar etmək əvəzinə məndən “Yaxşı, bundan sonra nə etmək istəyirsən?” – deyə soruşdu. Təqaüdə çıxacağımı söylədim…”

2009-cu ilin seçkiləri zamanı Müctəba Xamnəinin adı yenidən gündəmə gəlib – bu dəfə etirazçılar “Öl, Müctəba, heç vaxt liderlik məqamı görməyəcəksən” şüarları səsləndirdiyinə görə.
Seçkidən sonra 7 il həbsxanada yatan islahatçı siyasətçi Mustafa Taczadə özü və arvadı Fəxrüs-Sadat Möhtəşəmipura qarşı cinayət işinin birbaşa Müctəba Xamnəinin nəzarəti altında qaldırıldığını iddia edib.

Eyni ildə Müctəba Xamnəi, məlum hadisələrindən əvvəl, Qumda fiqh dərslərinə başlayıb. Bu, gələcək liderlik fikrinə inam verib. “Jahan News” veb-saytı bəzi şiə təqlid mərcələrinin Xamnəinin mədrəsədə tədrisə qatılmasına etiraz etdiklərini də bildirib. Bu, Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin bir ildən çoxdur fiqh dərsləri keçdiyi, lakin təhsil səviyyəsinin daha aşağı olmasına baxmayaraq, şiə din xadimlərindən heç bir təpki almadığı bir vaxta təsadüf edib. Əli Xamnəinin böyük oğlu Mustafa da əvvəllər xaric dərsləri verib, lakin kiçik qardaşından fərqli olaraq, siyasətdə fəal deyil, odur ki, onun müdərrisliyi mübahisə doğurmayıb.

İndi, Xamnəinin səhhətinin pisləşməsi barədə xəbərlər yayıldıqda, Müctəbanın onun xələfi olub-olmayacağı sualları yenidən gündəmə gəlib. Son illərdə Müctəbanın bəzi potensial rəqibləri səhnəni tərk ediblər, o cümlədən məhkəmə sisteminin keçmiş başçısı və potensial namizəd Sadiq Laricani ilə bağlı son mənfi nəşrlərdə Müctəba Xamnəinin əli olduğu söylənir.

Müctəba Xamnəinin atasını əvəzləməsindəki əsas problem icraedici idarəetmədə rəsmi bir təcrübəyə sahib olmamasıdır. Xamnəinin ofisinə rəhbərlik etmə hazırda onun misal göstərə biləcəyi ən güclü kartdır.

Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: 15-12-2020, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma