“2010-cu ilin mart-aprel aylarında güclü leysan yağışları yağması nəticəsində Araz və Kür çayları daşdı. Qrunt sualarının da artması yaşadığımız evin qəzalı vəziyyətə düşməsinə yol açdı. Rayonumuzun aidiyyəti qurumları evimizə baxış keçirdilər və bu evdə yaşayışın mümkün olmayacağı qənaətinə gəldilər. Amma lazımi tədbir də görülmür”.
Kürdəmir rayonunun Karrar qəsəbəsində yaşayan Cəfərova İradə Allahyar qızının Ovqat.com-a göndərildiyi məktubda belə deyilir.
İradə xanımın yazdığına görə, 2016-cı ilin aprelinə qədər həmin qəzalı evdə yaşayıblar. Daha sonra rayon İcra Hakimiyyəti tərəfindən evə vizual baxış keçirilib və evin yararsızlığı bir daha rəsmən təsdiqlənib. Fövqəladə Hallar Nazirliyinin Kürdəmir üzrə nümayəndələrinin də rəyləri eyni olub və ailənin təhlükəsizliyi naminə, həyətyanı sahədə çadır qurulub. Düz bir ildir ki, ailə həmin çadırda yaşayır.
Şikayətçi, məktubunda onu da qeyd edir ki, evlərinin bərpası üçün Fövqəladə Hallar Nazirliyindən ailəyə cəmi 800 manat kompensasiya ayrılıb. Bu pulla dəyən ziyanı aradan qaldırmaq mümkün olmadığından, ailə ondan da imtina edib. O gündən bu günə qədər isə döymədikləri qapı, şikayət məktubu yazmadıqları ünvan qalmayıb. Ölkə rəhbərindən tutmuş Fövqəladə Hallar nazirinə, vitse-prezidentə, Kürdəmir rayon İcra Hakimiyyətinə indiyə qədər 800-dən artıq məktub yazan Cəfərovlar gözləri yollarda müsbət cavab gözləyə-gözləyə qalıblar. Amma məktublarına arzuladıqları reaksiyanı da ala bilməyiblər. Məktublardan yanlız bir neçəsinə cavab gəlsə də, həmin sənədlərdə ailənin yaşadığı evin yararsız halda olduğundan, Cəfərovların kompensasiyadan imtina etdiklərindən başqa heç nə yazılmayıb. Yəni rəsmi qurumlarımız əyanı bəyan etməklə kifayətləniblər.
Cəfərovlar ailəsi 6 nəfərdən ibarətdir. Ailə başçısı Cəfərov Füzuli Məqatil oğlu II qrup Əfqanıstan əlilidir. Onun həyat yoldaşı İradə xanımın da II qrup əlilliyi var. Ailənin sonbeşiyi, valideynləriylə birlikdə yaşayan Bəhruz isə artıq neçə ildir ki, beyin qıcolmasından əziyyət çəkir.
Bəhruz bəy evlidir. Yoldaşı və iki uşağı da Cəfərovların himayəsində yaşayırlar. Uşaqlarından böyüyünün 4 yaşı var, kiçiyi isə 1 yaş 3 aylıqdır.
6 nəfərlik ailənin sosial vəziyyəti xeyli ağır olduğundan qəzalı vəziyyətə düşmüş evlərini nə zamansa təmir edəcəklərinə inamları yoxdur. Kürdəmirin ilan mələşən istisində 6 nəfərlik ailənin çadırda yaşaması isə sizə asan gəlməsin. İradə xanımın bildirdiyinə görə, günəşin altında yaşamaq bu çadır sığınacaqda daldalanmaqdan daha rahatdır: “Nə yazıq ki, insan oğlunun digər canlılar kimi açıq havada gecələməsi də məqbul sayılmır”.
Redaksiyamıza ünvanladığı məktubunda dünyanın müxtəlif ölkələrində humanitar yardımlarıyla Allah rizası qazanmaq istəyən Azərbaycan hökumətindən ara bir Kürdəmirə də nəzər salmasını arzulayan Cəfərovlar ailəsi hələ də Bakıdan ümidlərini üzməyib və səbrsizliklə xoş xəbər gözləyirlər.
Ovqat.com
Paylaş: