Xəbər lenti

 Günümüzdə insanlar psixi sağlamlıqlarının qeydinə fiziki sağlamlıqları qədər qalmalıdır.

Bu sözləri son günlər intihar hallarının artmasının səbəblərini Axar.az-a şərh edən psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, intiharların sayının artması təkcə Azərbaycan üçün deyil, dünya üçün aktual problemlərdəndir.

“Dünyanın hər yerində bu gün intiharların sayında artım var. Bu da əlaqədar qurumları narahat edir. Ümumdünya Səhiyyə Təşkilatı hər il bu məsələ ilə bağlı həyəcan təbili çalır. İntihara səbəblər arasında depresiya ilk beşlikdə qərar tutur. Bundan əlavə, çarəsiz xəstəliklərə (ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər) düçar olan insanlar intiharı çıxış yolu kimi görür. İntiharların artmasına təsir göstərən digər məqamlar sırasında psixoloji narahatlıqların artması, internet (sürət) əsrində yaşamağımız, stress yaradan bir çox faktorların olması dayanır. Bəziləri isə qeyd edir ki, qidalar da intiharların artmasına təsir göstərir. Bütün bu hallar insanlarda psixoloji gərginlik, narahatlıq, həyatdan doyumaq kimi halların yaranmasına səbəb olur”.

Psixoloq Azərbaycanda intihar səbəblərinin bir qədər fərqli olduğunu düşünür:

“Azərbaycanda intihar səbəbləri sırasına həm də ailədaxili konfliktlər və fərdin daxili psixoloji problemləri, zərərli vərdişlərdən asılı olması və s. aiddir. İntiharların sayının azalması üçün əsasən maarifləndirmə işləri genişləndirilməlidir. İntihara qarşı alternativ yol geniş dünyagörüş formalaşdırmaqdır. Bir insanın həyata baxış tərzi nə qədər geniş olarsa, o, intihar fikrindən hər zaman özünü sığortalaya bilər. Harda insan varsa, orada problem var. Problemlə qarşılaşan insan isə ilk növbədə ondan özü çıxış yolları tapmağa cəhd göstərməlidir. Əgər buna nail olmursa, lazımi insanlardan kömək istəməyə də çəkinməməlidir”.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə deyib ki, intihar hallarının artmasına səbəb bu hadisələrin hər birinin ayrılıqda araşdırılmaması və səbəblərin dəqiq müəyyən edilməməsidir. Onun sözlərinə görə, intiharın səbəbləri sırasında əsas səbəb kimi ailədaxili zorakılıq hallarının artması göstərilir:

“Bu vaxta qədər bu məsələyə çox toxunulmurdu. Son bir neçə hadisə isə ailədaxili zorakılıq hallarının intihara gətirib çıxardığını göstərdi. Bu məsələlərdə istintaq işləri başlasa da, məsələ tam olaraq araşdırılmır. Artıq femomenə çevrilən bu hadisələri araşdırıb qabaqlayıcı tədbirlərin görülməsi lazımdır. Bunu da nəzərə alaq ki, intihar hadisəsi bir dəqiqədə baş verən məsələ deyil. Bu, uzun müddət düşünülür, sonra qeyri-ixtiyari halda reallaşdırılır. Ancaq çox vaxt həmin insanların dediklərinə əhəmiyyət verilmir”.

M.Zeynalova vurğulayıb ki, bu məsələlərin çox yayılmasına digər bir səbəb sosial iş üzrə mütəxəsislərin azlığıdır.

“Ona görə də insanlar belə təhlükəli halla rastlaşdıqda kimdən kömək istəyəcəklərini bilmir. Nəzərə alaq ki, psixoloqların əksəriyyəti pullu fəaliyyət göstərir. Pulsuz xidmət paketləri ölkəmizdə yox səviyyəsindədir və hazırda bəzi QHT-də bu xidmət göstərilsə də, bir çox insanlar üçün bu, əlçatan deyil. Sosial işçilər və ayrı-ayrı pulsuz psixoloji xidmət göstərən mərkəzlər birlikdə fəaliyyət göstərməlidir. Bu fəaliyyəti dəstəkləyən qurumlara, təşkilatlara bu gün ehtiyac çoxdur. Digər çıxış yolu isə qaynar xəttin yaradılmasıdır. Qaynar xətt yaradıldıqdan sonra bura peşəkar insanlar nəzarət etməlidir. Çünki intihar etməyi düşünən bir insanı bu fikrindən uzaqlaşdırmaq üçün peşəkar fəaliyyətinə böyük ehtiyac var”.

Qeyd edək ki, son 6 gündə Azərbaycanda 23 intihar hadisəsinin baş verdiyi ilə bağlı məlumat yayılıb. Bu, son illərin ən yüksək göstəricisi hesab edilir.




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 31-08-2017, 08:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma